AZ

Bu sahəyə barmaqarası yanaşanlar bilsinlər ki, IT şirkətin sütunudur...

06.09.2019 16:55

Müsahibimiz Dövlət Neft Fondunun İnformasiya Texnologiyaları Əməliyyatları şöbəsinin müdiri,  Educators.Pro IT Təlim və IT Xidmətlər mərkəzinin rəhbəri Fərhad Kərimovdur.

 

IT sahəsinə gəlməyinizdə əsas səbəb nə oldu? Kimlər Sizə dəstək göstərdi?

 

IT sahəsinə maraq çox erkən yaşlarımdan, hətta 4-5-ci siniflərdən başladı.  Ən böyük dəstəkçilərim valideynlərim olublar. Məni məcburi olaraq hansısa bir sahəyə yönləndirməyiblər. İstədiyim istiqamətdə təhsilimə dəstək olublar. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirmişəm. hər zaman maraq göstərdiyim IT sahəsində çalışmışam. Məktəb illərində İnternet klubda işləmişəm. Məşğələ pulumu da İnternet klubdan qazancımla qarşılamışam.

 

 

 Fəaliyyətiniz müddətində hansısa böhranlı bir an olubmu? Avadanlıqda və ya proqram təminatında, informasiya sistemlərində hansısa problemlər olubmu?

 

IT  sahəsində çalışan hər kəs belə  problemlərə hazır olur. Açığı, fəaliyyətim müddətində işdə hətta, elə hallar olub ki, 3-4 gün ofisdə gecələmişik. Məsələn, hər hansı bir sistemdə “bug” tapmışıq  və bildirmişik. Amma bir ildən çoxdur ki, o problemi həll edə bilməyiblər.

 

Sizcə, IT sahəsində təhsil, yoxsa təcrübə önəmlidir?

 

Fikrimcə, hər ikisi paralel olmalıdır. Bir işi gördükdə mütləq  onun nəzəri tərəflərini də bilməliyik. Əgər biz robot kimi bir işi yerinə yetirsək, arxa planında nə baş verdiyini başa düşməsək, yaranan problemi həll edə bilmərik. Bizi yaxşı mütəxəssis edən də məhz budur - praktika və nəzəri biliklər. Bizdə çox gözəl mütəxəssislər var. Aramızdan xaricə gedənlər də var. Yaxşı olardı ki, onları geri qaytaraq. Müasir texnologiyaların tətbiqi, yaxşı şərait, yüksək maaş kimi məsələləri elə həll etmək lazımdır ki, onlar ölkədə qalsınlar. Bir mütəxəssisi itirmək asandır, onu qazanmaq isə çox çətindir. 10 illərlə təcrübəsi olan birini ölkəyə gətirmək, yeni bir mütəxəssis yetişdirməkdən daha yaxşıdır. Çünki bir peşəkarı yetişdirməyə uzun illər lazımdır. Bir çox şirkətlər var ki, IT sahəsinə barmaqarası yanaşırlar. Amma IT şirkətin sütunudur, əsas dayaq nöqtəsidir. Bu gün bütün biznes proseslər  IT-yə bağlanır. IT mütəxəssislərinin xətrinə dəymək olmaz. Onları razı salmaq lazımdır ki, onlar canla-başla işləsinlər. Həqiqətən də, İT mütəxəssisləri yaxşı insanlardır (gülür).

 

 

Bəs hazırda Azərbaycanda IT sahəsində nə kimi problemlər var? Bu istiqamətdə hansı addımlar atılmalıdır?

 

Mütəxəssis, iş, maaş, təhsillə bağlı problemlər var. Universitetlərdə təhsil, mükəmməl IT mütəxəssisi yetişdirəcək səviyyədə deyil. Olanlar da çox azdır. Bunun üçün sosial layihələr etmək mütləqdir. Bölgələrə də yönəlməliyik, çünki  orada çoxlu sayda savadlı insan var. Həmin insanları tapmaq, onlara istiqamət vermək lazımdır. IT sahəsi yalnız Bakıdan ibarət deyil. Bölgələrdə olan potensialları da üzə çıxarmaq lazımdır. Bunun üçün də sosial layihələr keçirilməlidir, bəzi şirkətlər rayonlarda IT ofisləri açmalıdırlar. Yəni təhsil, IT mütəxəssislərinin yetişməsində fundament rolunu oynayır. Amma təhsildən sonrakı mərhələdə iş yeri ilə bağlı problemlər üzə çıxır. Yeni texnologiya, süni intellekt, bulud texnologiyası və s. üçün şərait olmadıqda, insanlar  bu sahədə işləmək üçün ölkəni tərk edir və biz onu itiririk.

 

Fərhad bəy, Dövlət Neft Fondunda çalışırsınız. Maraqlıdır, bu sahədə süni intellektdən necə istifadə olunur?

 

Bir az əvvəl də qeyd etdiyim kimi, IT bütün sahələrə inteqrasiya edib. Maliyyə sahəsində Dataların analitikasından istifadə olunur ki, bunun vasitəsilə qəbul olunan məlumatlar analiz edilir. Müəyyən prosesləri robotlaşdırırlar, avtomatlaşdırırlar. Adını çəkməyəcəm, amma IT sahəsinə aid elə proqramlar var ki, onlar yalnız bizim Neft Fondunda istifadə edilir.

 

Neft Fondu hansı beynəlxalq IT şirkətləri ilə əməkdaşlıq edir?

 

IT şirkətlərlə olan əməkdaşlığımız əsasən texniki dəstək sahəsində olur. Microsoft, Cisco, VMware və s. şirkətlərin məhsullarından yararlandığımıza  görə əməkdaşlıq edirik.

 

Neft Fondu hansı antivirus proqramından istifadə edir?

 

Antivirus proqramlarını mən ayırmıram. Çünki nəticə etibarilə hamısı bir funksiyaya xidmət edir. Sadəcə olaraq bəzilərində müəyyən funksiyalar çoxdur, bəzilərində azdır. Dünyaca məşhur olan bir neçə antivirus proqramı var ki, əsasən onlardan istifadə olunur. Trend Micro, McAffe və s. bunlardan daha çox istifadə olunur. Bunlar sınaqdan çıxmış antivirus proqramlarıdır. Əgər yenisi çıxsa, heç kim sınaqdan çıxanları qoyub yenilərini istifadə etməyəcək. Mən öz şəxsi laptopumda Trend Microdan istifadə edirəm.

 

Yalnız Neft Fondunun istifadə etdiyi hansısa mobil tətbiq vasitəsi var?

 

Mobil tətbiq vasitəmiz yoxdur, amma bizə məxsus veb-proqramlarımız var. Əməkdaşlarımızın istifadə etdiyi daxili portalımız var. Biz bu portal vasitəsilə bir-birimizin doğum günlərini öyrənirik, sorğularımızı oradan göndəririk. Məsələn, mənim yanıma gələn qonaq, bizim qoşulduğumuz wifi sisteminə qoşula bilmir. Bu təhlükəsizlik baxımından düşünülmüş bir addımdır. Bundan başqa, sorğuları idarəetmə sistemini tətbiq edirik. İstifadəçi sorğu göndərdikdə, mən olmasam da başqası sorğunu cavablandırır.

 

 

Neft Fondu Azərbaycanın IT inkişafına hansı töhfələri verib?

 

Biz, əsasən, maliyyə istiqamətində fəaliyyət göstəririk, amma maksimum dərəcədə çalışırq ki, təcrübəyə gələn tələbələrə nələrsə öyrədək. Onlardan bir neçəsi çox nüfuzlu şirkətlərdə çalışır. Demək olar ki, təcrübə müddətlərində IT-yə yeni mütəxəssis qazandırmağa nail olmuşuq.

 

Neft Fondunda İnformasiya Texnologiyaları Əməliyyatları şöbəsində çalışırsınız. Dünya ölkələrində bu sahələrə tez-tez kiberhücumlar baş verir. Şöbə belə bir kiberhücumla qarşılaşıbmı?

 

Bir çox dövlət qurumlarına kiberhücumlar olur ki, bu da adətən başqa bir ölkə tərəfdən olur. Onlar ölkənin üzdə olan qurumlarına təzyiq göstərməkdə maraqlıdırlar. Biz əlimizdən gələni etməyə çalışırıq ki, ARDNF-a zərər gəlməsin. Bu günədək xoşagəlməz bir hadisə olmayıbsa, deməli, yaxşı mübarizə aparırıq.

 

Zeynəb ƏKBƏR 

Ekspertlər bölməsindən digər xəbərlər

Daha çox