AZ

Samsung - 50 ildə bütün bəşəriyyətin həyatını dəyişdi

e80d7580c1dbba5d211524b881e074cc.jpg
10.09.2019 18:04

Samsung bu il 50 yaşını qeyd edir. 1969-cu ildə Samsung-Sanyo Electronics şirkəti yaradıldı. Şirkətin məqsədi sürətlə böyüyən istehlakçı elektronika bazarında tranzistorların və ilk mikrosxemlərin meydana gəlməsindən sonra bu tələbi ödəyən qurğular yaratmaq idi. O illərdə, hətta ən iddialı xəyallarda belə, heç kim düşünə bilməzdi ki, Asiyanın kasıb bir ölkəsindən çıxan şirkət yarım əsr sonra məhsulu hər evdə olan qlobal liderə çevrilə bilər. Bütün bunlara şirkətin qurucusu tərəfindən qoyulan qaydalara birdəfəlik  və daimi riayət etməklə nail olunmuşdu.

 

Samsung: başlanğıc

 

Digər texnologiya şirkətləri kimi Samsung-un da onilliklərə köklənən uzun tarixi keçmişi var. Bu tarix, şirkətin qurucusu, əfsanəvi koreyalı iş adamı Li Byön Çolun Samsung Trading Co-nu qurduğu zamandan - 1938-ci ilin mart ayının 1-dən başlayır. İlkin kapitalı cəmi 30 000 Koreya vonu (o zaman 27 ABŞ dolları idi), heyəti isə 40 işçidən ibarət idi. Həmin illərdə şirkət elektronika ilə məşğul olmurdu (çünki belə bir anlayş mövcud deyildi), Asiya üçün ənənəvi olan qida məhsullarının – ilk növbədə düyü, əriştə və balıq satışını həyata keçirirdi. 1945-ci ildə II Dünya Müharibəsinin sonlarında, şirkətin məhsulları təkcə Koreyada deyil, qonşu ölkələrdə də satılırdı. 1947-ci ildə artıq Koreyanın on ən böyük ticarət şirkəti arasında yer aldı.

 

 

1953-cü ildə iş adamı daha da irəli gedərək sürətlə ölkənin ən böyük yun istehsalçısına çevrilən Cheil Jedang şirkətini (hazırda mövcuddur) yaratdı. XX əsrin 70-ci illərində Li Byön Çol yeni fəaliyyət sahələrini kəşf etdi – ağır və kimya sənayesi, eləcə də tikinti ilə maraqlanırdı. Ölümündən sonra bu görkəmli iş adamı Koreya incəsənətinin ən böyük özəl kolleksiyasını miras qoydu. Koreyada populyar Everland əyləncə parkının yanında yerləşən Samsung Group-a məxsus olan Hoam adlı ev turistlər üçün açıq elan olundu.

 

Samsung loqosunun təkamülü - Üç ulduz

 

Samsung sözü nə deməkdir, şirkətin loqotipində və ticarət markasında bu necə əks olunub?

 

 

Samsung loqotipi üç dəfə dəyişilib və əvvəlcə üç ulduz olan bir təsviri vardı. "Samsung" sözü koreya dilinə "üç ulduz" kimi tərcümə olunur. Üçulduz şirkətin ticarət nişanının bir hissəsi olaraq, yalnız 1993-cü ildə loqotip rəngini qaradan maviyə dəyişdi və hazırkı formanı aldı. 2016-cı ildə loqotip kosmetik dəyişiklik etdi – oval tələsini itirdi.

 

Samsung-Sanyo Elektronics şirkətinin ilk cihazı - 12 düymlük ağ-qara televizor

 

Bu gün heyrətamiz görünsə də, bazara çıxarılan ilk Samsung-Sanyo Elektronics cihazı ağ-qara televizor idi - P-3202 modeli. Şirkətdə yalnız 45 nəfər işləyirdi. Televizorda 12 düymlük kineskop diaqonalı və üst örtükdə, bir yuvada zərifcə gizlədilmiş daşıyıcı qolu vardı. Bu televizor 1970-ci ildə buraxılmışdı. 1972-ci ildən etibarən şirkət öz markası ilə yerli bazarda televizor satışına başladı. 6 ildən sonra Samsung yalnız Cənubi Koreyada bir milyon televizor satmışdı və 2 il sonra şirkət 4 milyon ədəd ağ-qara televizor sataraq, dünyanın ən böyük istehsalçısına çevrildi. 1989-cu ildə Samsung özünün 20 milyonuncu rəngli televizorunu istehsal etdi.

 

 

Samsung şirkətinin əsas iş prinsipi

 

Əsas insan faktorudur

Təsisçi tərəfindən qoyulan şirkətin fəlsəfəsi bu gün də aktuallığını itirməyib. Rasionallığa can atan şirkət "qohumluq" əlaqələrindən imtina etdi. "Tanışlıq yolu ilə" işə götürməni ləğv edərək, müstəqil şəkildə gənc və perspektivli işçiləri qəbul etdi, onlardan peşəkar mütəxəssislər yetişdirməyi üstün tutdu.

 

Keyfiyyət kəmiyyətdən daha vacibdir

 

1993-cü ildə şirkətin rəhbəri Li Qonxi yeni bir idarəetmə təşəbbüsü irəli sürdü. Onun mahiyyəti – Samsung-un sürətli inkişaf dövründə kəmiyyətə deyil, keyfiyyətə üstünlük verməsini təmin etmək idi. Bu təşəbbüs Samsung-un yalnız ən yüksək keyfiyyətli məhsul istehsal etməyə başlamasına səbəb oldu.

 

İstehsalı dayandırmaq hüququ

 

Samsung işçilərinə xüsusi ixtiyar verilib - istehsalda hər hansı bir qüsur aşkar edərlərsə, həmin məhsulların buraxılmaması üçün konveyeri tamamilə dayandırmaq hüququna sahibdirlər.

 

 

Daha çox bilmək istəyənlər üçün

 

Bütün bu gözəl iş prinsiplərinin tətbiqinin konkret nümunələri olmasaydı, yəqin ki bunlar yalnız kağız üzərində qalacaqdı.

 

İstedadlı insanların təhsil alması

 

Samsung fəaliyyət göstərdiyi bir çox ölkələrdə, istedadlı tələbələrin təcrübə keçərək şirkətdə işləməyini təmin edir. Tələbələr üçün bu, dünyanın ən yaxşı şirkətlərindən birində işləmək üçün real şansdır.

 

Buldozerin altında 150 000 telefon

 

1995-ci ildə Li Qonxi istehsal edilən 150 000 telefonun qüsurlu olduğunu aşkar etdi. O, dərhal Qumidəki Samsung fabrikinin 2000 işçisinin gözü qabağında bütün keyfiyyətsiz məhsulların yandırılmasını əmr etdi, daha sonra buldozer yandırılmış məhsulların qalıqlarını yerlə bir etdi.

 

İlk onluq

 

Əlbəttə ki, Samsung-un yarım əsrlik tarixində şirkət bazara və istehlakçı vərdişlərinə təsir edən daha çox maraqlı cihazlar isehsal edib, bunları xatırlayaq.

 

Samsung SGH-T100 (2002-ci il)

 

4096 rəngi əks etdirən rəngli LCD ekranı olan ilk telefon. İndi zarafat kimi görünən telefon, o zaman üçün əsl texnoloji bir yenilik idi.

 

 

Samsung D500 (2004-cü il)

 

Həmin zaman üçün özünəməxsus üslubu ilə seçilən və müasir sürüşmə forması olan ilk Samsung biznes-klass telefonu. Bu cihaz müştərilər tərəfindən yaxşı qarşılandı və tələbkar istifadəçilər üçün telefon istehsalçısı kimi şirkətin imicini xeyli möhkəmləndirdi.

 

 

Samsung i900 WiTu (2008-ci il)

 

Bazar üçün bu simsiz smartfon Windows Mobile 6.1 ilə işləyirdi və 2008-ci ildə ona bərabər olan bir telefon yox idi. 3,2 düymlük ekran böyük görünürdü. O, eyni zamanda optik joystikə sahib idi (indi buna biz sensor paneli deyirik).

 

 

LED Televizor (2009-cu il)

 

Dünyadakı  LED kənar işıqlandırmaya malik televizor sələflərindən daha incə  və parlaq görüntüsü ilə bazarda ilk idi.

 

 

Dünyada ilk Smart TV - mağaza tətbiqi ilə (2010-cu il)

 

Bu gün televizorda xüsusi tətbiqlər heç kəsi təəccübləndirmir, amma 9 il əvvəl öz tətbiq mağazası olan bir Smart TV (Smart Hub adlanırdı) əsl texnoloji inqilab kimi görünürdü.

 

 

Samsung Galaxy Note N7000 (2011-ci il)

 

Böyük ekran və S-Pen sayəsində bazarda əsl fenomenə çevrilən ilk Samsung fableti.

 

 

Samsung 110 "UHD (2013-cü il)

 

Dünyadakı ilk 110 düymlük UHD TV. Əsl TV kralı o qədər böyükdür ki, onun ekranını tutmaq üçün xüsusi bir konstruksiyaya ehtiyac var.

 

 

Samsung Bendable TV (2014-cü il)

 

Unikal bükülü Bendable TV konsepsiyası ilə bənzərsiz bir televizor, kənarlardan əyilən ekrana malikdir, o həm düz, həm də əyri ola bilər.

 

 

Samsung Galaxy S8 (2017-ci il)

 

Bazarda İnfinity-displeyli ilk telefon, smartfonlardakı çərçivəsiz ekranlar dönəmini başlatdı. O, rəqiblər arasında ən yaxşı kameraya sahibdir.

 

 

Samsung Galaxy Fold (2019-cu il)

 

Bazarda qatlanan ekranla təchiz edilmiş ilk smartfon. Bu gün yeni bir smartfon dövrünün başladığını hələ tam olaraq bilmirik. Amma yəqin ki, bir gün nəvələrimizə bu ilklər haqqında danışacağıq.

 

 

Samsung bu gün

 

Rəqəmlər özləri hər şeyi deyir: şirkətin bütün nailiyyətləri - belə nisbətlərdə sabit nəticələr, davamlı metodik iş olmadan əldə edilə bilməzdi və dünyada milyonlarla müştərinin etimadını qazanmazdı.

 

320 000 işçi

 

Samsung-un 73 ölkədə ofisləri var. Hər beşinci işçi R&D-də çalışır.

 

35 R&D mərkəzi

 

Samsung tədqiqatlara ildə 14 milyard dollar xərcləyir. Bu gündəlik 40,7 milyondur.

 

Forbes 2018 siyahısında № 7

 

Hər il Forbes jurnalı dünyanın ən qiymətli markalarının siyahısını hazırlayır.

 

Televizor ekranları üçün 10 illik zəmanət

 

Müasir QLED-televizorlarının ekranlarının keyfiyyətinə 10 il zəmanət verməyə imkan verir.

 

8 pilləli telefon sınağı

 

Bütün istehsal olunan telefonlar istehsal zamanı təhlükəsizlik testlərindən keçir.

 

42 000 smartfon

 

Dünyada hər saatda Samsung 42 000 smartfon satır.

 

Samsung markasının ruhu olan yerdə xəyallar gerçəkləşir

 

2016-cı ildə Nyu-York Vaşinqton-strit 837 ünvanında “Samsung 837” adlı yeni, müasir, texnologiya həvəskarları və sadəcə yaradıcı insanlar üçün ən yaxşı texnologiya məkanı olan bir mərkəz açıldı. Bu mərkəz XXI əsrdə satış nöqtəsinin görünüşünü alt-üst edən unikal bir mədəniyyət hadisəsi hesab olunur. Bura Samsung markasının, bəşəriyyətin texnologiya ilə necə birləşdiyini görə biləcəyiniz bir təcrübə mərkəzinin fiziki təzahürüdür.

 

Bura film nümayişləri və yemək şoularına ev sahibliyi edir, həmçinin fitnes məşğuliyyəti və İnstaqram ulduzları ilə foto çəkilişlər təşkil olunur. Samsung 837 üç mərtəbəlidir və bir neçə ərazini əhatə edir: musiqi studiyası, mətbəx, qonaq otağı, oyun otağı, kafe. Onun gear VR dəbilqəsi olan ayrı bir VR otağı və dünyanın ən böyük multimedia ekranı olan əsas səhnəsi var.

 

50 illik tarixi ərzində Samsung ağ-qara televizorlar istehsal edən kiçik bir şirkətdən dünya texnologiyası liderinə çevrildi. Üstəlik, bildiyiniz kimi, onun komponentləri tez-tez məşhur rəqiblərin məhsullarında istifadə olunur. Yarım əsrlik müddətində, Samsung yüksək texnologiyalı bazarda unikal təcrübə toplayıb. Bu təcrübə şirkətə yalnız ən yaxşı cihazları düzəltməyə deyil, həm də müştərilərinə etibarlı xidmət göstərməyə imkan verir.

 

Bu gün Samsung texnologiyası ardıcıl keyfiyyətin qarantıdır və bu, dünyada on minlərlə insanın əməyidir. Samsung texnologiyalardakı liderliyinə görə, mövcud olmayan yeni cihazları və texnologiyaları bazara çıxartmaqda ilk hesab oluna bilər: hazırda qatlana bilən displeylər (Galaxy Fold haqqında bilirik), avtonom avtomobillər (CES-də “rəqəmsal kokpit” gələcəyin avtomobili nümayiş olundu). Şirkət həm rabitə avadanlıqlarını, həm də müştəri cihazlarını buraxaraq 5G standartlarının inkişafında fəal iştirak edir (məsələn, Galaxy S10 5G dəstəyi ilə bir modifikasiyaya malikdir).

 

 

Belə şirkətlərin tarixində hər kəs müvəffəqiyyət üçün səbəb axtarır. Samsung-un bazarda yüksək mövqeyinin səbəbi - ilk növbədə məhsulların keyfiyyəti və işçilərin inkişafıdır. Gələcəyimizi necə dəyişdiyinə baxsaq (Nyu-Yorkda Samsung 837 kimi mərkəzləri açmaqla yanaşı, böyüməyə davam edən mağazalar şəbəkəsini də inkişaf etdirir), bəlli olur ki, bu böyük şirkətin hər mənada ən böyük uğurları hələ qarşıdadır.

 

Şəfiqə RƏŞİD

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox