AZ

Nazirlik: Kommersiya qurumlarının 72,1 faizi elektron qeydiyyata alınıb

3d26e748bb0c02f2488743cdd59f9a8e.jpg
11.09.2019 12:56

2019-cu il 1 sentyabr tarixinə respublika üzrə uçotda olan 1.031.164 vergi ödəyicisinin 13,1 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür.

 

Vergilər Nazirliyindən TED.az-a verilən məlumata görə, hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb və bunun 99,2 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

 

Bu ilin avqust ayında 1372 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin avqust ayına nisbətən 47 faiz çoxdur. Kommersiya qurumlarının 72,1 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,6 faizi isə səhmdar cəmiyyət formasında təşkil olunub.

 

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 8 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

 

Həmin dövrdə qeydiyyata alınmış hüquqi şəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 80,9 faizdən 87,3 faizədək yüksəlib. Bu ilin son üç ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox