AZ

AzerTelecom Caspian Energy Forum Baku–2019-a tərəfdaş qismində dəstək verir

1c9885b8bc762cf0ca56f09b0b608b67.jpg
11.09.2019 14:52

AzerTelecom şirkəti sentyabrın 19-da Bakı şəhərində keçiriləcək “9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019” tədbirinə tərəfdaş qismində dəstək verir.

 

Şirkətdən TED.az-a verilən xəbərə görə, AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, şirkət uzun illərdir “Caspian European Club”u dəstəkləyir və təşkilatla sıx əlaqələrə sahibdir: “Sayca 9-cu olaraq keçiriləcək “Beynəlxalq Caspian Energy Forum Baku-2019” tədbirinin tərəfdaşı olmaqdan məmnunuq. Forum dövlət və özəl sektor, həmçinin beynəlxalq və regional təşkilatlardan olan çoxsaylı nümayəndələri bir araya gətirəcəkdir. Əminik ki, forum ən müxtəlif sahələrdə faydalı fikir mübadiləsinin, müzakirələrin aparılması və yeni biznes əlaqələrinin qurulmasına öz töhfəsini verəcək”.

 

“Caspian Energy Club”un birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, ölkənin inkişaf edən telekommunikasiya sektorunda qabaqcıl şirkətlərdən biri olan “AzerTelecom” şirkəti ilə “Caspian European Club” arasında artıq uzun müddətdir səmərəli əməkdaşlıq əlaqələri vardır və bu əlaqələr davamlı şəkildə inkişaf edir. Şirkət “Caspian European Club” tərəfindən keçirilən ən müxtəlif tədbirlərdə yaxından iştirak edir və əməkdaşlığa öz töhfəsini verir.

 

“9-cu Beynəlxalq Caspian Energy Forum Baku–2019” “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik və “Caspian Energy” jurnalının fəaliyyətinin 20 illik yubileyinə həsr olunub. Forumun işində dünyanın 50 ölkəsindən 1500-dən çox nümayəndə iştirak edəcək və forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya neft-qaz sektorunun, sənayenin inkişafı mövzusuna və Azərbaycanda infrastruktur layihələrin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı məsələsinə toxunulacaq və Azərbaycanda investisiyalaşdırma imkanları barədə ətraflı danışılacaq. İkinci sessiyada əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, Azərbaycanın aqrosənaye kompleksinin və turizm potensialının inkişafı barədə geniş hesabat veriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox