AZ

Niyə süni intellektli sistemlərdə daha çox qadın səsindən istifadə olunur? – Sualımıza bu sahənin bilicisi Elviz İsmayılov cavab verib

59bc3238a0f9691d3091bfa782c99a28.jpg
17.09.2019 17:18

Müsahibimiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, eyni zamanda, universitetin “Eazi start” mərkəzinin koordinatoru Elviz İsmayılovdur. Elviz İsmayılov universitetdə tədris etdiyi süni zəka haqqında maraqlı fikirlərini bizimlə bölüşdü. Müsahibimizə ünvanlanan suallar arasında “Niyə süni intellektə malik sistemlərdə daha çox qadın səsindən istifadə olunur?”, “Süni zəka insan zəkasını üstələyə bilərmi?” suallarına isə cavabı xüsusi maraq doğurdu...

 

Özünüz haqda məlumat verərdiniz…

 

Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində müəllim kimi çalışıram. Həmçinin ADNSU-nun “Eazi start” mərkəzinin koordinatoruyam. Daha öncə bir sıra proqramlaşdırma şirkətlərində işləmişəm. Azərbaycanda Apple-ın  Apple Premium Reseller statuslu müəssisələrində və bir sıra başqa korporasiyalarda. Eyni zamanda, Dövlət Gömrük Akademiyasında da dərs demişəm. ADNSU-da tətbiqi riyaziyyat ixtisasını bitirmişəm. Hazırda süni intellekt üzərində dissertasiya yazıram. Akademik fəaliyyətə başlamağımın səbəbi də elmi işlərimi davam etdirmək oldu. Çünki müəyyən şirkətlərdə işləyəndə elmi fəaliyyətimə vaxt ayıra bilmirdim.

 

Elviz müəllim, süni intellektin ilkin təzahürləri nə zaman yaranıb? Ümumiyyətlə, süni intellektin inkişaf prosesi necə olub?

 

Süni intellektə indiki adı son zamanlar verilib. Süni intellektin nüvəsi riyaziyyatdır. Neyron şəbəkəsi 1940-cı illərdə də mövcud idi. O dönəmlərdə olan kompüterlər dərin neyronları öyrənməyə əlverişli deyildi. Ona görə də informasiya texnologiyaları inkişaf edənə qədər o hissələr donmuşdu, öyrənilməmişdi. Lütfizadənin qeyri-səlis çoxluq nəzəriyyəsi də süni intellektin bir qoludur. Süni intellektin inkişafına bu nəzəriyyə xeyli təkan verdi. Həmçinin 1996-cı ildə riyazi dayaq vektorlar üsulu nəzəriyyəsi, süni intellektin inkişafına böyük köməklik göstərdi. Son 4-5 ildə süni intellektlə məşğul olanların sayı daha da çoxalıb. Əvvəllər də bu sahə ilə məşğul olanlar var idi, sadəcə adı başqa şəkildə adlandırılırdı. Bu, riyaziyyatın bir qolu idi. Son illərdə çoxlu sayda proqramlaşdırma dilləri üçün kitabxanalar yaradıldı və bu sahə ilə məşğul olanların sayı artdı.

 

Sizcə, süni intellekt bəşəriyyət üçün bir nailiyyət, yoxsa təhlükədir?

 

Atom bombası alternativ enerji üçün yaradılmışdı. Amma bəşəriyyət onu necə istifadə etdi? Hirosimanı partlatdı, insanlar üçün fəlakətə çevrilən təcrübələr aparıldı. Süni intellektin nailiyyət, yoxsa təhlükə olması isə böyük sual altındadır. Süni intellekt vasitəsilə insanın öncədən qiymət verə biməyəcəyi, proqnozlaşdıra bilməyəcəyi nələrisə öyrənmək mümkündür. Bu sahənin inkişafı gələcəkdə işsizliyin sayını artıra bilər. Hazır proqramlar var ki, bir neçə insanın işini icra edə bilir. Şirkətlər bu proqramlardan çox istifadə edir. Məsələn, bir iş üçün əvvəl 4 nəfər işləyirdi, indi isə bir proqram icra edir. Universitet illərində biz süni intellekt və ekspert sistemi adlanan bir dərs keçirdik. O zamanlar da “Matritsa”, “Terminator” filmləri daha çox məşhur idi. Mən o zaman müəllimimə verdiyim “Süni intellekt təhlükədir?” sualına o, süni intellektin təhlükə olmadığını söyləmişdi. Amma bir şeyin şahidi oluruq ki, süni intellekt, müəyyən bir inkişaf həddində istədiyi qərarı verə biləcək. Bəlkə də, süni intellekt 100% doğru qərar verə bilər. Amma onun doğru qərarı faciə ilə nəticələnə bilər. Məsələn, 5 yaşlı bir uşaq nəyəsə təhlükə yaratdıqda mən onu öldürə bilmərəm. Amma o, robotdur, insani hissləri yoxdur və o təhlükəni öldürəcək.

 

Fərz edək ki, robotlar insanlara hücum edirlər. Siz necə müdafiə olunardınız?

 

Məncə, müdafiə oluna bilməzdim (gülür). Universitetdə süni intellekt dərsini tədris edirəm. İlk dərsdə bütün tələbələrimə birinci tapşırığım süni intellektə aid “Eagle Eye” filminə baxmaları olur. Filmin məzmunu belədir ki, tam öyrənilməyən bir süni intellekt olur. O, özünü müdafiə etməyə başlayır. Bunun üçün də o, dövlətin əsas idarəedici şəxslərini sıravi vətəndaşlar vasitəsilə öldürür. Filmin sonunda onun cəhdi uğursuz olur və süni intellekti söndürürlər. Amma real həyatda belə bir hadisə baş versə, o zaman gərək elektrik sistemləri söndürülsün. Bu isə özlüyündə bizi tam keçmişə - elektrik cərəyanının olmadığı dövrə aparacaq. Bu, insanlarda ciddi depressiya yaradar. Mən IT sahəsində çalışsam da, iki gün telefonumu kənara qoyub baxmaya bilərəm. İşıq, kompüter, telefon olmasa belə, özümə məşğuliyyət taparam. İndiki gənclərimizin isə demək olar ki, bütün həyatı mobil telefonlardan asılıdır.

 

Süni intellekt mühakimə edən zaman, mentalitet fərqini nəzərə ala bilərmi?

 

Məncə, yox. Düzdür, bəziləri hesab edir ki, bu bir sistemdir və öyrədilirsə, nəzərə alar. Məsələn, mən Azərbaycanda yaşayıb ölkənin mentalitetinə uyğun yaşayıramsa, süni intellekti də öyrədib ona uyğun proqramlaşdırmaq olar. Amma unutmayaq ki, o maşındır və rəqəmlər, faizlər əsasında qiymət verir. Faizlər nəyin xeyrinədirsə, ona uyğun davranacaqdır. Mentalitet hər bir ailənin eyni baxış bucağındakı psixologiyasıdır. Hər kəs üçün mentalitet anlayışı fərqlidir.

 

 

 Süni zəka insan zəkasını üstələyə bilər?

 

Bəli, bu proses artıq baş verir. Yaradılmış süni intellekt ən güclü qrossmeysterə qalib gəlir. Niyə? Çünki onun yaddaşında bir sərhəd yoxdur. Bəli, insan yaddaşı da unikaldır, möhtəşəmdir. Lakin biz yaddaşımızı tam düzgün formalaşdırıb bütövlükdə istifadə edə bilmirik. Süni intellekt isə əksinə, yaddaşında olan bütün resurslardan istifadə edir. Süni intellekt  insanı  qorumaq üçün proqramlaşdırılır. Amma belə bir dilemma yaranır ki, insana zərər verən də bəzən elə insan olur. Bu zaman birinci qayda, ikinci qaydanı inkar edir. Bu gün çox adam süni zəka yazır. Bu 50 il əvvəl fantastik görünürdüsə, indi bəşəriyyət süni zəkadan da öncəyə gedib və ona görə də insanlara süni zəka yazmanın sirləri öyrədilir. Dünyanın əsas mərkəzləri elə önə gedib ki, onların kəşf etdikləri texnologiyanı biz bir neçə illər sonra görəcəyik.

 

Niyə süni intellektdə istifadə olunan ağıllı sistemlərdə daha çox qadın səsindən istifadə olunur?

 

Qadın səsi daha məlahətlidir. Bir çox sistemlərdə Google, Yandex və s. qadın səslərindən istifadə olunur. Bunun xüsusi bir məqamı yoxdur. Sadəcə qadın səsi daha xoş olur.

 

Süni intellektin azyaşlıların pornoqrafik materiallardan qorunması işində nə kimi rolu var?

 

Böyük rolu var. Süni zəka yaranmamışdan əvvəl “Chip” jurnalında bir proqram var idi. Proqramın hədəfi kompüterdə erotik şəkilləri tapmaq idi. Valideyn üçün bu çox önəmli idi. Proqram insan bədəninin rənglərini seçib ona  uyğun şəkilləri tapırdı. Bəzən olurdu ki, proqram qırmızı gül şəkli tapıb çıxarırdı. Çünki o rəngi daha çox görürdü. Amma süni zəkanın üstünlüyü o erotik materialları bloklamasındadır. Valideyn nəzarəti sistemi Apple-də 10 ildən artıqdır ki, mövcuddur. Bu nəzarət sistemi materialları sazlayaraq kontentin hansı yaş təbəqəyə uyğun olduğunu seçir. Son zamanlar süni intellektdən  daha çox marketinq məqsədilə istifadə edirlər. Məsələn, mən Azərbaycan bazarına bir məhsul çıxartmaq istəyirəm və Feysbuk mənə reklamda istiqamət verir. Sizin məhsul lazımi auditoriyanın qarşısına çıxır. Eyni zamanda, bu gün süni zəkanın geniş istifadə edildiyi sahələrdən biri də hərbi sistemdir. Pilotsuz təyyarələr vasitəsilə ofisdən oturub hər hansı bir bölgəyə bomba atmaq, müharibə etmək olur.

 

Sizcə, süni intellekti bəşəriyyətin sonuncu böyük kəşfi hesab etnək olar?

 

Yeni kəşflər olacaq. Bilirsiniz, insan beyni müəyyən dərəcədə məhduddur. Mən bir  heyvan adı desəm, siz onu görmədən rəsmini çəkə bilməzsiniz. Amma bəzi əlamətlərini desəm, təsəvvür yaranacaq və siz onun rəsmini çəkə bilərsiniz. Yəni elm fantaziyanı ötə bilməz. Bəlkə də gələcəkdə teleportasiya, başqa planetlərdə yeni-yeni kəşflər və s. ola bilər.

 

Elviz müəllim, universitetdə startap mərkəzinin də koordinatorusunuz. Bəs Azərbaycanda startapın inkişafı barədə nə deyə bilərsiniz?

 

Azərbaycanda son illər startaplara maraq daha da çoxalıb. Hackathon-ların keçirilməsi və s. hansısa bir startapın yaranmasına bir zəmin idi. Hər bir dövlət qurumu çalışıb startaplara dair tədbirlər keçirir və bunun üçün maliyyə ayrılsa da, təəssüf ki, nəticələr qənaətbəxş deyil.

 

Sizcə, səbəb nədir?

 

Məncə, bunun səbəbi dövlət qurumları tərəfindən startaplarla bağlı keçirilən müsabiqələrin əksəriyyətində mütəxəssislərin olmamasıdır. Bəzən bu kimi müsabiqələr, istisnalar olsa da, tədbir xatirinə keçirilir. Məsələn, “Yeni fikir” layihəsi doğurdan da ciddi startaplarla məşğul olur. “Sosial innovation lab” qurumu, Azərbaycanda lokal müsabiqələr keçirib, qalibləri beynəlxalq startap müsabiqələrinə yönləndirirlər. Amma dövlət qurumlarının bəziləri sadəcə startap adını eşidib keçirtmək xatirinə startap keçirirlər. Məsələn, “I2b-İdeyadan biznesə” müsabiqəsinə Bakı Dövlət Universitetindən 20-yə yaxın komanda gəldi, amma bütün layihələr elmi konfransın tezisi kimi çıxışa bənzəyirdi. Onların arasından sadəcə bir layihə startap adını doğrultdu. Lakin o layihə də finala keçmədi. Yəqin ki, müəyyən zamandan sonra Azərbaycanda da startap daha yaxşı və hərtərəfli inkişaf edəcək.  İMB xaricə gedəndə evlərin kirayə edilməsi vaxtilə startap olub. İndi onun çox böyük maliyyəsi var. Google-da Amerikanın top 10 şirkəti haqqında axtarış edəndə onlardan 6-sı İT şirkəti olurdu və bu artıq bir işarə idi. Azərbaycanda süni intellektə də maraq göstərən gənclərimiz çoxdur. Amma bizdə süni intellektlə məşğul olanların bir çoxu bu haqda hazır kitabxanaları götürüb onlar üzərində iş aparırlar. Yaxud da Microsoftun Asur xidmətinin tərkibində machine learning var. Bu süni intellekt maşın dilini öyrədir. O proqram maşın dilini öyrədir, lakin dərinliyə varmır. Belə nəticəyə gəlmək olar ki, riyaziyyatsız süni intellekti öyrənmək mümkün olmayacaq.

 

Bəs Azərbaycan IT sahəsinin tədrisini, tələbələrin İKT bacarıqlarının mənimsəməsini necə qiymətləndirirsiniz?

 

Gənclərimiz çox savadlıdır. Sadəcə uyğun zamanda uyğun yerdə olmaq lazımdır. Bizim yaşadığımız coğrafi mövqedə də İKT o qədər də yaxşı inkişaf etməyib, lakin irəliləyişlər var. Azərbaycanın İT infrastrukturu  Macarıstan kimi bir ölkədən geri qalır. Halbuki, Macarıstan Avropada o qədər də inkişaf etmiş ölkə deyil. Azərbaycan vətəndaşı çox intellektualdır və onaları düzgün istiqamətləndirmək lazımdır. Bizim genetikamız çox zəngindir. Azərbaycanda infrastruktur yaxşı inkişaf etsə, ölkəmizdə İT sahəsində çox bacarıqlı  şirkət rəhbərləri olacaq.

 

Zeynəb ƏKBƏR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox