AZ

Ulduzlar və planetlər fizikası: Şamaxı Rəsədxanasında beynəlxalq konfrans

205a1b77da6f7d51a384417ebd8f5b78.jpg
19.09.2019 10:12

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) 60, Beynəlxalq Astronomiya İttifaqının 100 illik yubileyi ilə əlaqədar “Ulduzlar və planetlər fizikası” adlı beynəlxalq konfrans keçirilib.

 

TED.az xəbər verir ki, konfransda Rusiya, Ukrayna, Polşa, Hollandiya, İtaliya, Türkiyə, Almaniya, Gürcüstan, Tacikistan, İsveç, Hindistan və Qazaxıstandan olan nüfuzlu alimlər iştirak edirlər.

 

Konfransın məqsədi rəsədxanada aparılan elmi tədqiqat istiqamətlərinin dünya elminə inteqrasiyası, yeni yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq elmi tədqiqat proqramlarına çıxışların təmin edilməsidir.

 

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq konfransın mövzusu haqda iştirakçılara məlumat verib.

 

Sonra akademiyanın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA prezidenti, akademik Akif  Əlizadənin Şamaxı Astrofizika Rəsədxanasının 60 illik yubileyi ilə bağlı konfrans iştirakçılarına müraciətinin səsləndirib.

 

Müraciətdə qeyd edilib ki, yarım əsrdən çox tarixi olan Şamaxı Astrofizika Rəsədxanası hazırda inkişafının ən yüksək pilləsindədir.

 

Rəsədxanada aparılan yenidənqurma işlərindən sonra burada olan infrastrukturun tam yenilənməsi, cihazların modernləşdirilməsi də bu gün astronomlarımızın qeyd edilən inkişafa nail olmada böyük paya malikdir.

 

Rəsədxananın qatıldığı beynəlxalq layihələr, qazandığı qrantlar astronomlarımızın fəaliyyətinin əyani göstəricisidir. Təbrikin sonunda rəsədxanananın gələcək fəaliyyətinin bütün mərhələlərində AMEA daim rəsədxanaya dəstək olacağı qeyd olunub.

 

AMEA-nın Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, akademik Nazim Məmmədov yubiley ərəfəsində belə bir beynəlxalq tədbirin keçirilməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, Şamaxı Astrofizika Rəsədxanası fəaliyyəti dövründə bir çox uğurlara imza atıb. Bunlara misal olaraq rəsədxana əməkdaşlarının son illərdə qazandıqları Avropa Birliyinin FP7 və HORİZON 2020 qrantlarını göstərib.

 

Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rəsədxana kollektivini yubiley münasibətilə təbrik edib. Bu cür beynəlxalq konfransların Şamaxıda keçirilməsi buranın elmi və turistik imkanlarının dünyaya göstərilməsi üçün böyük əhəmiyyət daşıdığından danışıb.

 

Rusiya Elmlər Akademiyasının akademiki, Kazan Universitetinin professoru Nail Saxibulin, Şamaxı Rəsədxanasında daha öncəki səfərindən bu günədək ciddi dəyişikliklərin  olduğunu vurğulayıb və bu konfransın beynəlxalq elmi əlaqələri genişləndirəcəyini diqqətə çatdırıb.

 

Daha sonra N.Cəlilov ŞAR-ın tarixi, onun 60 ildə keçdiyi uğurlu inkişaf yolu, əldə olunan elmi nailiyyətlər və gələcək planlar barədə məruzə ilə çıxış edib.

 

Elmi tədbir sentyabrın 20-dək davam edəcək. Bu müddət ərzində konfransda Kainat və onun struktur elementlərinin (qalaktikalar, ulduzlar, planetlər) fizikası sahəsində əldə olunmuş son elmi nailiyətlərin müzakirəsi nəzərdə tutulur.  Gənc tədqiqatçıların elmi yaradıcılıq fəallığını artırmaq və stimullaşdırmaq məqsədi ilə, konfransda onların çıxışlarına da geniş yer ayrılıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox