AZ

BMU tələbələrinin yeni startapları nümayiş olunub

 

e08dc91efa4c6d97fbdaa972ded41032.jpg
05.04.2024 13:35

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkında tələbələrin ideyaları əsasında formalaşdırılmış yeni startapların sərgisi keçirilib.

 

BMU-dan TED.az-a bildirilib ki, tədbirdə qlobal startap ekosisteminin mənzərəsinə diqqət çəkən rektor Yaqub Piriyev innovativ siyasət və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi məqsədilə dövlətimiz tərəfindən atılan məqsədyönlü addımları vurğulayıb. Azərbaycanın startap ekosistemində böyük imkanlar və potensialın olduğunu deyən rektor uğurlu startap layihələrinin maliyyələşdirilməsi, innovativ ideyaların biznesə çevrilməsi kimi məsələlərə toxunub. O, innovasiyaların ali təhsil ocaqlarınının, təşkilatların gələcək inkişaf üzrə strateji planlaşdırmasının ayrılmaz hissəsinə çevrildiyini, BMU-da startapların inkişafı üçün fəaliyyətin daha da gücləndiriləcəyini bildirib.

 

Texnoparkın direktoru İsa Qasımov proqrama cəlb olunan startaplar haqqında məlumat verib. Bildirilib ki, startapların inkişafı və onlara dəstək verilməsi məqsədilə inkubasiya proqramına start verilib. Startaplar işgüzar şəbəkə dəstəyi, marketinq, mühasibatlıq dərsləri, mentor təlimləri, investisiyaya və bazara çıxış kimi müxtəlif inkubasiya xidmətləri ilə təmin olunacaq.

 

Sonra Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə üzrə mütəxəssisi Sevinc Əzizova startaplara dəstək, təmsil etdikləri qurumların bu sahədə inkişaf məqsədləri barədə fikirlərini bildiriblər.

 

Çıxışlardan sonra sərgiyə baxış keçirilib. Sərgidə BMU tələbələri startaplar, layihələrin mahiyyəti, ideyanın biznesə çevrilmə imkanları və s. haqda ətraflı məlumat veriblər.

 

Sərgidə nümayiş olunan layihələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox