AZ

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

 

06139434e69949795ce699e5f8c127b5.jpg
06.05.2024 18:57

Mayın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının görüşü keçirilib.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a bildiriblər ki, komitə sədri Ziyafət Əsgərov Prezident İlham Əliyevin bu il fevralın 14-də keçirilən andiçmə mərasimində texnoloji inkişaf, rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi ilə bağlı fikirlərinə diqqət çəkib. Deyib ki, həmin fikirlər konseptual xarakter daşıyır, bu sahənin mühüm əhəmiyyətini vurğulamaqla yanaşı, qarşıya mühüm vəzifə və hədəflər qoyur.

 

Bildirilib ki, bu gün dünyada gedən texnoloji inkişaf Azərbaycanda da öz təsirini bütün sahələrdə göstərməkdədir. Lakin yeni texnologiyaların yaratdığı imkanlar özü ilə yeni təhdidlər də gətirir. Şübhəsiz ki, bu təhdidlər milli təhlükəsizlik baxımından aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılır və lazımi tədbirlər görülür. Təsadüfi deyil ki, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ən mühüm və uzunmüddətli vəzifələrdən biri kimi bəyan edilib.

 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev ölkəmizdə informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsində görülən işlər barədə geniş məlumat verib. Deyib ki, bu gün Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsindəki fəaliyyət Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrə uğurla davam etdirilir. İnformasiya texnologiyalarının əhəmiyyəti və onlardan geniş istifadənin zəruriliyi hər zaman ölkə Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.

 

Qeyd olunub ki, hazırda yeni texnologiyaların tətbiqi, sürətli internet xidmətlərinin əlçatanlığı, bu sahədə ölkəmizdə və dünyada uğurla tətbiq edilən yeniliklərlə yanaşı, özü ilə birlikdə bir sıra problemləri və riskləri də gətirməkdədir.

 

Daha sonra iclasda XRİTDX-nin idarə rəisi Tural Məmmədov “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ölkəmizdə mövcud vəziyyət: Görülmüş işlər - problemlər” mövzusunda, şöbə rəisi Elgin Abdullayev “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yeni reallıqlar qanunvericilik aktlarında: Beynəlxalq təcrübə və ölkəmizdə mövcud vəziyyət” mövzusunda təqdimatlarla çıxış ediblər.

 

Müzakirələrdə deputatlar Aydın Mirzəzadə, Elman Məmmədov və Arzu Nağıyev görüşün əhəmiyyətini qeyd edib, təqdimatlarla bağlı fikir və təkliflərini səsləndiriblər.

 

Sonra görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etdirilib, deputatları maraqlandıran məsələlərə münasibət bildirilib.

 

Görüşdən sonra İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox