AZ

“Apple”-ın rüblük xalis mənfəəti və gəliri azaldı

937d79360abafb1ae6e0051caeb4f615.jpg
06.05.2024 23:40

“Apple Inc.”-in ikinci maliyyə rübündə (30 martda başa çatıb) xalis mənfəəti və gəliri azalıb, lakin nəticələr ekspertlərin proqnozlarını üstələyib.

 

TED.az xəbər verir ki, hesabat dövründə şirkətin gəliri bir il əvvəlki 94.8 milyard dollar ilə müqayisədə 90.8 milyard dollar təşkil edib. Ekspertlər göstəricinin orta hesabla 90.4 milyard dollar olacağını ehtimal edirdilər.

 

Son rübdə xalis mənfəət bir il əvvəlki 24.2 milyard dollardan 23.6 milyard dollara enib. Eyni zamanda, bir səhm üzrə göstərici 1.52$-dan 1.53$-a qədər yüksəlib. Analitiklər isə hər səhm üçün xalis mənfəətin 1.51$-a enəcəyini proqnoz edirdilər.

 

Şirkət “coronavirus” pandemiyası zamanı proqnozları verməyi dayandırdı, lakin Baş Maliyyə Direktoru Luka Maestri analitiklərlə keçirdiyi mətbuat konfransında cari rübdə gəlirin 1-3% artacağının proqnozunu verdi. Konsensus proqnozlar 83 milyard dollar gəlir vəd edir, bu da 1.9%-lik artım deməkdir.

 

Maestri həmçinin bildirib ki, şirkət son beş il ərzində elmi-araşdırma və təkmilləşdirmə işləri üçün 100 milyard dollardan çox vəsait xərcləyib.

 

Şirkətin “iPhone” satışından əldə etdiyi rüblük gəlir 10.5% azalaraq 45.96 milyard dollara düşüb, ekspertlər isə göstəricinin 46.3 milyard dollara qədər enəcəyini proqnozlaşdırmışdılar.

 

“Mac” kompüterlərinin satışından əldə olunan gəlir 3.9% artaraq 7.45 milyard dollara, “iPad” satışından əldə edilən gəlir isə 16.7% azalaraq 5.56 milyard dollara çatıb.

 

Xidmət gəlirləri (App Store, Apple Music, Apple Pay və iCloud) 14% artaraq 23.87 milyard dollar təşkil edib. Geyinilən qurğuların və aksesuarların satışından əldə edilən gəlir 9.6% azalaraq 7.91 milyard dollar təşkil edib.

 

İkinci maliyyə rübündə “Apple”-ın Çində (Honq Konq və Tayvan daxil olmaqla) satışları bir il əvvəlki 17.8 milyard dollardan 16.4 milyard dollara enib. Amerika qitəsində gəlir 37.8 milyard dollardan 37.3 milyard dollara, Avropada 23.95 milyard dollardan 24.1 milyard dollara, Yaponiyada isə 7.2 milyard dollardan 6.3 milyard dollara qədər dəyişib.

 

“Apple” həmçinin səhmlərin geri alınması proqramını 110 milyard dollar dəyərində genişləndirəcəyini və rüblük dividentini hər səhm üçün 25 sentə qədər artacağını açıqladı. Bir il əvvəl elan edilmiş geri alışın həcmi 90 milyard dollar, dividendlər hər bir səhm üçün 24 sent idi.

 

Qeyd etmək lazımdır ki, 2024-cü ilin əvvəlindən “Apple”-ın kapitallaşması 10% azalaraq, 2.67 trilyon dollar səviyyəsinə düşüb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox