AZ

Azərbaycan və Türkiyə arasında elektron imzaların qarşılıqlı tanınması istiqamətində mexanizmlər müzakirə olunub

637b691e4018a6f8cc24c9918412c00c.jpg
30.09.2019 11:12

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olub.

 

Ötən il Prezident İlham Əliyevin Türkiyə səfəri çərçivəsində iki ölkə arasında elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Memorandumdan irəli gələrək, Azərbaycan və Türkiyə arasında bu istiqamətdə texniki müzakirələr və dəyərləndirmələr aparılmışdır.

 

TED.az xəbər verir ki, müzakirələrin davamı olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdə olub.

 

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Rabitə Nazirliyi, BTK (Bilgi Teknolojileri və İletişim Kurumu) və Tubitak (Türkiye Bilimsel və Teknolojik Araştırma Kurumu) da görüşlər keçirib. Görüşlərdə texniki məsələlər və elektron imzaların qarşılıqlı tanınması istiqamətində mexanizmlər müzakirə olunub. Müzakirələrdə elektron imzanın tətbiqi, həmçinin ölkələrin bu infrastrukturu qarşılıqlı tanıması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Elektron imza sisteminin qarşılıqlı tanınması Azərbaycan və Türkiyə arasında elektron imzanın qarşılıqlı tanınması, gömrük sahəsində bütün sənədlərin, elektron imzalanıb göndərilməsini mümkünləşdirəcək. Bu da keçid məntəqlərində növbələrin azalmasına, sənədlərin saxtalaşdırılması riskinin aradan qaldırılmasına, vətəndaş məmur təmasının minimuma endirilməsinə imkan verəcək.

 

Qeyd edək ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən elektron imza sahəsində beynəlxalq əməkdaşlığın tənzimlənməsi, məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən aparılır. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) proqramının ekspertləri ilə yaradılan işçi qrupu tərəfindən elektron identifikasiya və etibarlı xidmətlər üzrə ölkəmizdə olan mövcud vəziyyət araşdırılıb və Avropa standartları nöqteyi-nəzərindən təhlil edilib. Hazırda Türkiyə ilə paralel olaraq Avropa ölkələri ilə də elektron imzaların qarşılıqlı tanınması istiqamətində işlər aparılır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox