AZ

Azərbaycan postsovet məkanında bu sahə üzrə liderdir – Hərbi ekspert DRONLARDAN DANIŞDI

07.10.2019 14:35

“Ermənistanda bizim dronlarla yarışacaq texnologiya hazırda yoxdur”

 

“Pilotsuz uçan aparatların (PUA) göstəricilərinə görə, Azərbaycan postsovet məkanında liderdir”.

 

Bu sözləri TED.az-a eksklüziv açıqlamasında hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan ordusunun istifadəsində olan dronların əksər hissəsi İsraildən alınıb: “Bu, təkcə ölkəmizdə belə deyil. Təxminən, 10 ölkə bu pilotsuz uçuş aparatlarından istifadə edir. Ordumuz daha çox orbiter və aerostar tipli dronlara üstünlük verir”.

 

Ekspert əlavə edib ki, digər dronlarımız strateji səviyyədə kəşfiyyatın həyata keçirilməsi üçün nəzərdə tutulub: “Hermes-450, Hermes-900, Heron TP kimi pilotsuz uçan aparatları buna misal göstərmək olar. Sözügedən aviavasitələr 24 saat havada qala bilir. Hətta Rusiyanın özündə belə bu texniki göstəricilərə malik dronlar yoxdur”.

 

R.Süleymanov qeyd edib ki, ordumuz kiçik, multikopter tipli PUA-dan da istifadə edir: “Bunlar yaxın məsafəli uçuşlar və çəkilişlər üçün nəzərdə tutulub”.

 

“Azərbaycanın yerli dronlarının istehsalı sahəsində də özəl şirkətlər tərəfindən müəyyən işlər görülür. Bu şirkətlərdən biri “AZDynamics” şirkətidir. Şirkət multikopter tipli PUA-ların istehsalını həyata keçirir. Sözügedən vasitələr artıq Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər qurumların balansında var”, - hərbi ekspert belə deyib.

 

Ekspertin dediyinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında yerləşən Elm və Texnolgiya Parkı Məhdud Məsuliyyətli Cəmiyyəti də multikopter tipli dronların istehsalı ilə məşğul olur: “Bu vasitələr həm kənd təsərrüfatında, həm də hərbi sahədə istifadə edilə bilər. Sözügedən şirkət tərəfindən həm “deltaquad” (əldə daşına bilən), həm də kamikadze dronlar istehsal olunur”.

 

 

“Bu yaxınlarda “Buta Armor” şirkəti də hədəf dronların istehsalına start verib. Həmin dronlar reaktiv mühərrikə sahib olduqlarından yüksək sürətə malikdir. Hava Hücumundan Müdafiə Qoşunlarının zenit-raket komplekslərinin atış təlimlərində geniş istifadə üçün nəzərdə tutulub. Bundan başqa, şirkət havada olan düşmən dronlarının tutulması üçün texnologiyanın istehsalıyla məşğuldur”, – hərbi ekspert açıqlamasında bildirib.

 

O qeyd edib ki, Azərbaycan bir neçə il öncə NATO ölkələrindən birinə orbiter tipli uçuş aparatlarının ixracını həyata keçirib.

 

“Azərbaycan dron ixracatçısına çevrilə bilərmi?”, - sualına R.Süleymanov “Düşünürəm ki, istehsal müştərək olanda ixracla bağlı müəyyən problemlər yaranır. Çünki şərtləri digər tərəfdaşla da razılaşdırmaq lazım gəlir. O cümlədən Azərbaycan da gələn sifarişləri İsraillə razılaşdırmalıdır. Çünki layihə onun olduğu üçün icazə vermədiyi təqdirdə belə, sifarişlərin götürülməsi alınmır”, - cavabını verib.

 

Tərəfdaş olmadan istehsal planlaşdırılır – Artıq əhəmiyyətli addımlar atılıb

 

Ekspertin bu sahədə proqnozları pozitivdir: “Təkbaşına istehsal və ixrac laiyhələri üzərində iş gedir. AMEA-nın Texnologiya Parkı və müxtəlif şirkətlər tərəfindən əhəmiyyətli addımlar atılır. Yaxın perspektivdə həm ordu, həm digər güc strukturları, həm də ixrac üçün öz yerli məhsulumuz olacaq”.

 

Ekspert düşmən ölkə ilə müqayisə də aparıb: “Azərbaycan bu sahədə kifayət qədər irəlidədir. Ermənistanda bizim dronlarla yarışacaq texnologiya hazırda yoxdur. İstər havada qalma müddəti, istər əməliyyat tapşırıqlarının genişliyi müqayisəyə gəlməz dərəcədədir. Bundan başqa, ölkəmizə məxsus taktiki səviyyəli kamikadze dronlar düşmənin qorxulu röyası hesab oluna bilər. Bu PUA-dan Aprel döyüşlərində də geniş istifadə olunmuşdu və qarşı tərəfdə yaratdığı vahiməni xatırlamaq kifayət edir”.

 

“Bütün bunlarla yanaşı, Ermənistanı bu sahədə heç də zəif saymamalıyıq. Düşmən ölkə də bu sahədə müxtəlif layihələr həyata keçirir, Rusiya, Polşa şirkətlərilə əməkdaşlıq edir. Aradakı fərq böyük olsa da, Azərbaycana çatmağa çalışır”, - R.Süleymanov sonda vurğulayıb.

 

Cavid QƏDİR

Ekspertlər bölməsindən digər xəbərlər

Daha çox