AZ

İnformasiya əsrində mütaliəyə vaxt ayırmaq çətindir – Audiokitab layihəsinin rəhbəri ilə müsahibə

d039868edd498156999cc09f7b29ee21.JPG
14.10.2019 12:36

Bu günlərdə “Audiokitab” layihəsinin rəhbəri, Əməkdar mədəniyyət işçisi Həsən Həsənov TED.az-ın qonağı oldu. İdeya müəllifi olduğu layihədən, qarşıya qoylan hədəflərdən danışdıq…  

 

Azərbaycanda ilk dəfə həyata keçirilən "Audiokitab" layihəsinin rəhbərisiniz. Bir az bu layihənin ərsəyə gəlməsindən, ideyanın yaranmasından danışa bilərsinizmi?

 

2015-ci ilin yanvar ayında dostlarla söhbətləşirdik. Mövzu gəlib çıxdı, audiokitaba. Rusiyanın bu sahədə çox irəli getdiyindən danışdıq. Sonra özümüzə sual verdik ki, niyə bu layihə bizdə də olmasın? Araşdırdıq ki, sözügedən layihə 3 ölkədə – Rusiya, Türkiyə və Qazaxıstanda var. Həmin il, martın 14-də layihənin həyata keçirilməsinə start verdik. Bu günə qədər də proses davam edir. 1000-ə yaxın kitab səsləndirilib. Onlardan 600-ü artıq tətbiqə əlavə edilib. Keçən il, dekabrın 7-də isə tətbiqin yayımına başlamışıq. Azərbaycanlılar dünyanın hər yerində yaşayırlar. İstifadəçilərin hansı ölkədən giriş etdiyinə nəzarət edə bilirik deyə, statistikadakı məkan müxtəlifliyinə sevinir, faydalı iş gördüyümüzə əmin oluruq. Layihəmizin daha bir müsbət cəhəti – uşaq təxminən 3 yaşında artıq normal danışmağı öyrənir. Xaricdə yaşayan həmyerlilərimizin övladları mühitdən dolayı ana dilillərində danışmağa çətinlik çəkirlər. Audiokitab da elə bu məqamda köməyə yetir. Düşünürəm ki, yaxşı valideyn öz uşağının ana dilini bilməsinə ciddi nəzarət etməlidir.

 

 

Ən çox hansı janra üstünlük verilib layihədə?

 

Demək olar ki, bütün janrlara. Amma daha çox klassiklərimizə üstünlük verilib. Nizami Gəncəvidən tutmuş, üzü bəri bütün klassik ədiblərimizin əsərləri artıq mobil tətbiqimizdə öz yerini alıb. Məsələn, bu il İmadəddin Nəsiminin 650 illik yubileyidir. Bu münasibətlə şairin 50 qəzəlini səsləndirib, pulsuz şəkildə istifadəçilərə təqdim etmişik. Onu da qeyd edim ki, səsləndirmə komandamız sırf peşəkar aktyorlardan, dublyajla məşğul olan şəxslərdən təşkil olunub.

 

Üstəlik, yalnız klassiklərlə kifayətlənmirik. Ədəbiyyatın fərqli janrlarını oxucularımıza təqdimə çalışırıq. Nağıllar, rəvayətlər, əfsanələr, dastanlar, tapmacalar, rübailər, hətta Şəki lətifələrindən tutmuş Mirzə Ələkbər Sabirin “Hohopnamə”sinə qədər çoxçeşidli kitablarımız mövcuddur.

 

Bayaq qeyd etdiniz ki, tətbiqə müxtəlif ölkələrdən girişlər olur. Belə bir sual yaranır. Tətbiqin başqa dillərdə olan versiyasının yaradılmasıyla bağlı hansısa planınız varmı?

 

Bir müddət əvvəl bizə Ukraynadan müraciət etmişdilər ki, sizin klassik ədəbiyyatınızla çox maraqlanırıq. Olarmı müəyyən mətnləri rusca da səsləndirəsiniz? Haşiyə çıxım, şair İlqar Fəhmi Füzulinin qəzəllərini şərhiylə bərabər səsləndirib. Ukrayanadan gələn müraciət barədə xəbər tutanda bildirdi ki, kitabxanasında klassik ədəbiyyatımızın rusca versiyası da var. Beləcə, işə başladıq. Təxminən 3-4 aya klassiklərimizin əsərləri rusdilli oxucularımız üçün də əlçatan olacaq. Eyni zamanda, 1-2 ildən sonra tətbiqin ingilisdilli versiyası da hazırlana bilər.

 

 

Yəqin ki, layihənin tərəfdaşları var. Çünki kifayət qədər masştablı işlə məşğul olursunuz…

 

Təbii ki, bizə kömək edənlər çox olur. Bəzən aktyorlar da əsərləri təmənnasız səsləndirirlər. Tətbiqdə iki seçim var. Pullu və pulsuz. Kitabların böyük əksəriyyəti pulsuzdur. Pullu seçim niyə var? Çünki kitabların səsləndirilməsi üçün bütöv bir komanda lazımdır. Təkcə aktyorların sayı 40-a yaxındır. Bundan başqa, işin texniki tərəfləri də var. Layihənin öz-özünü dolandırması, xərclərin qarşılanması, əziyyəti keçənlərə müəyyən əməkhaqqının ödənilməsi üçün bu addımı atmışıq.

 

Deməli, sizə hansısa rəsmi dəstək göstərilmir...

 

Tamamilə doğrudur. Müəyyən dəstək olsa, bəzən təmənnasız kömək göstərilsə də, hansısa qurum tərəfindən maliyyələşdirilmirik. Məsələn, Təhsil Nazirliyi üçün 6-9-cu sinif ədəbiyyat dərsliyini təmənnasız şəkildə səsləndirmişik. Bunun müqabilində nazirlik bizə məktəblərdə audiokitabın təqdimatını keçirməyə icazə verib. Artıq 8 məktəbdə olmuşuq. Bundan başqa, Azərbaycan Universitetində böyük bir təqdimat keçirmişik. Olduğumuz məktəblərdə, universitetdə şagirdlər, tələbələr yerindəcə tətbiqin adını öyrənib yükləyirlər, yaxud kağıza qeyd edirlər ki, ilk imkanda yükləyib istifadə etsinlər. Maraq kifayət qədər böyükdür. Regionlara səfər də planda var. Mərhələli şəkildə bütün planlarımızı həyata keçirəcəyik.

 

 

Ümumiyyətlə, kitabların audioversiyada yayımlanması prosesi hansı ardıcıllıqla həyata keçirilir?

 

Əvvəlcə kitab aktyorlar tərəfindən səsləndirilir, montaj edilir. Sonra isə redaktorlarımız kitablarla səsyazmanı tutuşdururlar. Hansısa səhv yoxdursa, tətbiqə yüklənilir. Səhv aşkarlananda isə yenidən montaja göndərilir.

 

Musiqidən istifadə necə tənzimlənir?

 

Açığı, buna görə hansısa qonorar nəzərdə tutulmayıb. Sadəcə giriş hissəsində əsərin ruhuna uyğun təxminən 15 saniyə musiqi parçalarından istifadə edirik. Musiqi seçimi ilə səs rejissorumuz Azər Hacıəsgərli məşğul olur.

 

Məxsusi serveriniz varmı?

 

Xeyr, Appstore-ın serverindən istifadə edirik. Proqram təminatı ilə də fərdi şəkildə məşğul oluruq. Peşəkar proqramçılarla anlaşmışıq.

 

 

Sirr deyilsə, hansı aktyorlarla əməkdaşlıq edirsiniz?

 

Ramiz Zeynalov, Vahid Mirişov, Dürdanə Dünyamalıyeva, Təranə Ocaqverdiyeva, Mahir Mirişli, Ruhiyyə Yəhyayeva, Əhliman Ərşadlı və başqaları.

 

Yazıçılarımızdan sizə müraciət edən olub heç?

 

Daha çox özümüz müraciət edirik. Xalq yazıçılarından Çingiz Abdullayev, Anar, yazıçılar İlqar Fəhmi, Elçin Hüseynbəyli ilə görüşmüşük, əməkdaşlıq da edirik. Misal üçün, Çingiz Abdullayev öz əsərlərini bizə təmənnasız verdi. Heç qonorar da istəmədi. Onun kitablarını biz də istifadəçilərə pulsuz təklif edirik. Amma eləsi də var ki, qonorarın miqdarı ilə maraqlanır. Məsələn, qocaman yazıçı Vidadi Babanlının evinə getmişdim. Maraqlandığı ilk məsələlərdən biri qonorar oldu (gülür).   

 

Biz gənc yazarlara da diqqət ayırırıq. Səfurə Çərkəzqızının bir kitabını səsləndirmişik. Vüsalə Məmmədovanın “Əsir düşərgəsi” kitabını istifadəçilərimizə təqdim etmişik. Hər ikisi də pulsuz şəkildə.

 

Kitabları sadəcə onlayn rejimdə dinləmək olur, yoxsa offlayn rejimdə də mümkündür?

 

Kitabı dinləmək üçün mütləq yükləmək lazımdır. Yüklənən kitabı isə istənilən vaxt dinləmək mümkündür – internet oldu, olmadı. Bir məsələ də var ki, kitabı başqalarına göndərmək olmur. Yalnız telefon sahibi üçün nəzərdə tutulub. Pullu kitablar üçün isə 5 dəqiqəlik dinləmə rejimi əlavə edilib. 5 dəqiqə sonra səsləndirmə dayanır. Əgər istifadəçi gerisini dinləmək istəyirsə, bank kartı vasitəsilə ödəniş edərək, kitabı yükləyir. Qiymətlər də fərqlidir. Amma deyim ki, kağız kitabdan xeyli ucuzdur.

 

 

Ümumiyyətlə, nə planlarınız var?

 

Məsələn, birini deyim. Yenicə başladığımız layihələrdən biri pyeslərin səsləndirilməsidir. Özü də hər personajı bir aktyor səsləndirir. Bu da çoxlu enerji və maliyyə vəsaiti tələb etdiyindən işlərimiz bir qədər ləng gedir.

 

Bundan başqa, tarixçi Kərəm Məmmədovun mühazirələrini işləyirik. Artıq 12 mühazirə oxuyub. Eyni zamanda, professor İlham Həsənov da 12 mühazirə səsləndirib. Cəmi Azərbaycan tarixi mövzusunda 24 mühazirə varımızdır.

 

Xüsusən, ədəbiyyatda “Atalar və oğullar” dilemması məşhurdur. Bəs kağız və səsli kitab dilemmasında siz kimdən yanasınız?

 

Kağız kitabda qəribə bir cazibə var. Qalın-qalın klassik əsərlər var. Onları oxumaq üçün kifayət qədər vaxt lazımdır. İnformasiya əsrində gündə bir neçə saatını mütaliəyə ayırmaq çətin məsələdir. Amma səsli kitabın avantajı var. İstənilən vaxt qulaqlığı taxıb arxayınlıqla dinləmək olur. Mən özüm də səsli kitabdan yanayam.

 

Oxuculara, gənclərə nə sözünüz var?

 

Mütaliədən əl çəkməyin. Əgər vaxtınız çox azdırsa, gözlərinizi yormaq istəmirsinizsə “Audiokitab” layihəsinə üz tutun. O mənasız seriallardansa, səsli kitablara üstünlük verin (gülür). Yol gedəndə, bağda işləyəndə, yemək bişirəndə, hansısa iş görəndə…  

 

Cavid QƏDİR

TED + bölməsindən digər xəbərlər

Daha çox