AZ

Hər dəfə onun profilini görəndə… – dünyasını dəyişənlər Feysbukda, yaxınlarının reaksiyası, böyüyən onlayn qəbiristanlıq

16.10.2019 11:38

Xeyli müddətdir ki, Feysbuk sosial şəbəkəsində profil və səhifələrin vəsiyyət edilməsi müzakirə mövzusudur. İstifadəçi öz profilini, yaxud səhifəsini notarial qaydada başqasına miras qoya bilər. Bu məsələ sosial şəbəkə istifadəçilərində fikir ayrılığına səbəb olub. Bir qisim bu addımı mənasız, lazımsız hesab etsə də, tərəfardarları da az deyil. Bəziləri isə buna seyrçi mövqe tutmağı seçirlər.

 

Digər məsələ sağ Feysbuk istifadəçilərinin artıq dünyasını dəyişmiş istifadəçilərə say etibarı ilə uduzmağa doğru getdiyi ilə bağlıdır.

 

Amerika Birləşmiş Ştatlarının Massaçusets Universitetində aparılan bir araşdırmaya görə, Feysbuk əsl onlayn qəbiristanlığa çevrilməkdədir. Ölən istifadəçilərin hesabı silinmədiyindən 2098-ci ildə platformada ölü istifadəçilərin sayı sağ istifadəçilərdən daha çox olacaq. Araşdırmaçılar hesab edirlər ki, hər il milyondan artıq Feysbuk istifadəçisinin vəfat etdiyini nəzərə alsaq, şirkət buna həll yolu tapmalıdır.

 

Feysbuk bu kimi hadisələrdən sığortalanmaq məqsədilə istifadəçilərin profillərini vəsiyyət edəcək bir nəfər seçməsi üçün layihə üzərində işləyir.

 

TED.az bu məsələnin ölkəmizdə necə qarşılandığını, Feysbukun fəal istifadəçilərinin hansı fikirdə olduğunu öyrənmək üçün araşdırma aparıb.

 

 

Feysbukda kifayət qədər izləyici kütləsi olan şair Emin Piri deyir ki, kiməsə tam etibar etsə, profilini ona vəsiyyət edə bilər: “Hələ ki, heç kəsə tam güvənmirəm”.

 

E.Piri bir müddət öncə vəfat edən əmisinin profilini görməyin ona çox ağır təsir etdiyini dilə gətirir: “Əmim Qarabağda vuruşmuşdu. Ordan sağ çıxdı, amma xərçənglə savaşdan sağ çıxmağı bacarmadı. Təbii ki, çox ağır idi, ayrı cür mümkün də deyil. Amma həyat davam edir. Çox yaşı yox idi, üstəlik. Məncə, heç kim parolunu bilmirdi. Hər dəfə rastıma çıxdıqca özümü çox pis hiss edirdim, buna görə də məcbur olub dostluqdan çıxardım. Dostları tərəfindən etiketlənəndə, haqqında nəsə yazılanda narahat olurdum. Özümü nəyəsə borclu hesab edirdim. Ona görə də uzaq düşmək istədim. Çünki ruhumu incidirdi”.

 

“Libraff” Mağazalar Şəbəkəsinin PR meneceri, vloger Sərxan Rüstəmov profil və ya səhifənin vəsiyyət edilməsinə çox normal baxır: “Məncə, bu funksiyaya ehtiyac var. Sahibi öləndən sonra niyə itib batsın ki? Məsələn, səhifə sahibi hansısa faydalı işlə məşğuldur. Başqası tərəfindən gördüyü işin davam etdirilməsi daha faydalı olar”.

 

 

Vloger hesab edir ki, ümumiyyətlə, bu tip səhifələrin bir idarəçisinin olması da doğru deyil: “Həmin adamın hesabı bloklansa, yaxud oğurlansa, səhifə də it-bat olur, heç ölməyə ehtiyac yoxdur. Bu baxımdan ölmədən də güvəndiyin insanlara səhifədə idarəçilik verməkdə fayda var”.

 

Sosial media fenomenlərindən Ceyhun Qurbanov hələ bu xidmətdən istifadə etməyi düşünmür. Deyir ki, bəlkə, gələcəkdə ola bilər.

 

Digər sosial media fenomeni Fərrux Qocamanlı bu funksiyanın istifadəyə verilməsini müsbət qarşılayır. Amma öz profilini başqasına vəsiyyət etməyi düşünmədiyini bildirir: “Belə bir fikrim yoxdur. Amma ola bisin, bir başqası öz profilini mənə vəsiyyət etsin”.

 

Psixoloq Aygün Ağabalayeva hesab edir ki, bu məsələyə ikitərəfli yanaşma mövcuddur: “Bir tərəf müsbət hesab oluna bilər. Feysbuk hesabının mövcudluğu mərhumun yaxınlarına bir növ təsəlli ola bilər. Onu xatırlamağa, yoxluğunu daha asan şəkildə qəbul etməyə kömək edər. Amma elələri də var ki, özlərini virtual həyata çox qapdırırlar. Hətta reallıq hislərini belə itirənlər olur. Bu da məsələnin mənfi tərəfidir. Əgər sözügedən mirasqoyma funksiyası aktivləşsə, profilin varisi bir məsələyə xüsusi diqqət göstərməlidir. Çalışmalıdır ki, mərhumun hesabından heç kəsə ismarıc yazmasın, gələn mesajları da cavablandırmasın. Çünki insanların psixologiyası fərqlidir, bu addım hər kəsə eyni təsir göstərəməyəcək. Bu məsələdə nisbətən daha diqqətli və anlayışlı olmaq lazımdır”.

 

 

Psixoloq dünyasını dəyişmiş insanın yaxınlarının onun profili ilə yenidən qarşılaşmasının iri və xırda çaplı travma yarada biləcəyini düşünür: “Amma bu məsələdə də fikirlər bölünür. Pasientlərimdən biri bu barədə danışarkən necə ağır olduğunu dilə gətirmişdi. Demişdi ki, onun itkisi ilə yeni-yeni barışırdım. Qəfil sosial şəbəkədə profili ilə rastlaşdım. O an itkini sanki yenidən yaşadım”.

 

Mütəxəssis deyir ki, bəzilərində, hətta profilin şifrəsi olsa da, silməyə əlləri gəlmir: “Bir növ xatirə kimi qoruyub saxlayırlar. Eyni zamanda, rastlaşdıqca da əzab çəkirlər”.

 

A.Ağabalayeva bu kimi halların qarşısını almaq üçün üsul da təklif edir: “Müəyyən alqoritm hazırlamaq olar ki, ən azında dünyasını dəyişmiş insanlar ortaq dostları olanların “tanıya biləcəyiniz insanlar” bölməsində görünməsin”.

 

Vəkil Roman Qaraşov mirasqoyma funksiyasına hüquqi nöqteyi-nəzərdən yanaşır: “Qanunvericilikdə vərəsəlik hüququ adlanan bölmədə bu barədə heç bir məlumata rast gəlinmir. Lakin konkret qadağa da yoxdur. Hüququn analogiya üzrə tətbiqi təcrübəsinə nəzər saldıqda qeyd edilən tətbiq mümkündür. Çünki maddi və qeyri-maddi əmlaklar və onlara dair hüquqlar ötürülə bilər”.

 

 

Vəkilin sözlərinə görə, Feysbuk səhifəsi şəxsi xarakter daşıdığından bu mübahisə doğura bilər: “Lakin korperativ, biznes yönümlü, yaxud tanınmış şəxslərin məlumat xarakterli Feysbuk səhifələrinin miras kimi ötürülməsi çox müsbət haldır. Tətbiqi mexanizmi dəqiq olsa, hesab edirəm ki, geniş şəkildə istifadə edilə bilər”.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox