AZ

Smartfonun ömrünü hansı yollarla uzatmaq mümkündür? – MÜSAHİBƏ

b27f93610fbca735385a76abcbf9e134.jpg
17.10.2019 09:00

Mobil telefonlar müasir insanların həyatına o qədər daxil olub ki, insanlar özlərini mobil telefonsuz təsəvvür edə bilmirlər. Başqa sözlə desək, mobil telefonlar insan həyatı üçün zərurətə çevrilib.

 

Xüsusən də bir çox vacib funksiyalara malik smartfonları büdcəmizdən kifayət qədər məbləğ sərf edərək əldə etdiyimiz üçün bu cihazların uzunömürlü olmasını istəyirik.

 

Razılaşaq ki, telefonlarımıza avtomobilimiz və yaxud digər cihazlar kimi “qulluq” etmirik. Nəticədə, gözləmədiyimiz anda smartfonlar bizi “yarı yolda” qoyur.

 

Bəs ağıllı telefonların ömrünü necə uzatmaq olar? TED.az olaraq bu mövzuda da köməyinizə çatacağıq.

 

Müsahibimiz olan Telekommunikasiya sistemlərinin informasiya təhlükəsizliyi üzrə mütəxəssis Elvin Salehov bu mövzuda öz tövsiyələrini sizə təqdim edir.

 

 

Elvin müəllim, smartfonların ömrü dedikdə nə başa düşülür? Yəni ağılı telefonların hansı hissəsi onun istismar müddətini təmin edir?

 

Qeyd edim ki, günümüzdə smartfonlar insanların həyatında əvəzolunmaz bir texnikaya çevrilib. Onlar hər məqamda köməyimizə çatır. Smartfonların ömrü onların 3 əsas hissəsi ilə bağlıdır: batareya, ekran və korpus. Buna görə də, onlardan düzgün istifadə etməli, tez sıradan çıxmaması üçün çalışmalıyıq.

 

Bəs telefonlara qulluq etmə qaydaları varmı?

 

Əlbəttə, telefonlarımızın ömrünü uzatmaq üçün bəzi qaydalara əməl etməliyik. Bunlardan bir neçəsinə nəzər yetirək.

 

- İlk olaraq onu deyə bilərəm ki, smartfondan boş vaxtlarınızda istifadə edəcəyiniz artıq oyunları, proqramları pozun. Lazım gəlsə, onları yenidən yükləyə bilərsiniz. Əməl etdiyiniz halda, smartfonunuzu donmalardan və lag-dan qorumuş olursunuz. Çünki bu halda smartfonun operativ yaddaşı yüklənmiş olmur.

-  Daha sonra hər birimizə məlumdur ki, smartfonun ən bahalı hissəsi onun ekranıdır. Qoruyucu şüşələrdən istifadə edərək ekranı mühafizə edə bilərik.

- Smartfonun korpusunu qorumaq məqsədilə onlar üçün nəzərdə tutulmuş çexollardan istifadə edin.

 

Bəzən telefon köhnəlir və yeniliklərdən istifadə etmək olmur. Belə olan halda nə etməyi məsləhət görürsünüz?

 

Əgər telefonunuz köhnəlibsə, istehsalçı tərəfindən təqdim edilən proqram təminatı yeniliklərini yükləmək lazımdır. Bundan əlavə, enerji toplama qaydalarına düzgün riayət etmək lazımdır. Smartfon 75% boşaldıqda şarj etmək üçün qoyulmalıdır. Bununla batareyanın ömrü 25000 doldurmaya qədər uzadıla bilər. Batareyanın tam olaraq boşalmasını gözləmək yanlışdır.

 

 

Bəzənsə smartfonun ömrü fiziki zədələnməyə görə azalır. Məsələn, idmanla məşğul olan zaman smartfonu cibdə saxlamaq məsləhət deyil. Həmçinin telefon viruslardan və ziyanverici proqramlardan qorunmalıdır. Bu məqsədlə antivirus proqramlarından istifadə etmək lazımdır.

 

Bir də onu tövsiyə edərdim ki, əgər smartfon alırsınızsa əvvəlcə internet vasitəsilə və yaxud anlayışı olan şəxslər vasitəsilə istədiyiniz parametrlərə və büdcənizə uyğun modeli təyin edib qərarlı bir şəkildə satış məntəqələrinə yaxınlaşasınız.

 

Günel QURBANOVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox