AZ

Elektron resept hansı özəlliklərə malikdir? – ARAŞDIRMA

19.10.2019 09:00

Adətən həkimin yazdığı resepti oxumaq müşkülə çevrilir. Müalicə üçün təyin edilən dərmanlar və istifadə qaydalarının anlaşılmaz xətt ilə yazılması vətəndaşı çətin duruma salır. Demək olar ki, yolu xəstəxanadan keçən hər kəs bu problemlə üzləşir. Zər qədrini zərgər bildiyi kimi, həkimin dilini də yalnız əczaçılar anlaya bilir. Tibb Universitetinin Farmakologiya fakültəsini bitirən əczaçılar, bu, anlaşılmaz yazı üslubunu – tibbin "əlifba"sını da öyrənməyə imkan tapırlar. Ona görə də, vətəndaş aptekdən dərman alarkən istifadə qaydalarını – gün ərzində neçə dəfə, hansı miqdarda, yeməkdən əvvəl və ya sonra qəbul edəcəyini bir daha dəqiqləşdirməyə çalışır. Ancaq bu, xəstəni yanlış dərman almaqdan və qeyri-düzgün istifadədən tam sığortalamır. Çünki əczaçı həkimin yazdığı reseptdə baş hərflərdən dərmanı müəyyənləşdirə bilsə də, spesifik istifadə qaydalarını hər dəfə oxuyub vətəndaşa düzgün çatdıra bilmir. Bəzən dərmanlar adlarında da yanlışlığa yol verilir. Bəs, bu problemi necə həll etmək olar?

 

TED.az məlumat verir ki, bu tendensiya ilə bağlı cəmiyyətdə fikir ayrılığı mövcuddur – bir qrup ekspert mütləq şəkildə həkimlərin səliqəli yazmağı öyrənməli olduğunu düşünür. Digərləri isə müasir həll yollarının tətbiqinin zəruri olduğu qənaətindədirlər.

 

Bu mənada Azərbaycanda səhiyyə sahəsində ən son texnoloji yeniliklərin, innovativ həllərin tətbiqi məsələsi gündəmdədir. Söhbət Xəstəxana İnformasiya Sistemi – Elektron reseptin yaradılması istiqamətində görülən işlərdən gedir. “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair” Strateji Yol Xəritəsində elektron səhiyyənin inkişafı istiqaməti üzrə əsas vəzifələrdən biri kimi qarşıya qoyulan bu innovativ həll adi reseptin dünya təcrübəsində mövcud olan ən müasir analoqudur.

 

Ayrı-ayrı ölkələrdə bu sistem öz spesifik xüsusiyyətləri ilə fərqlənir. Məsələn, Estoniyada apteklərdə bütün xəstələr e-şəxsiyyət vəsiqələrini təqdim edir və əczaçı xəstənin informasiyalarını e-İD vasitəsilə götürür və e-resepti doldurur.

 

Çexiyada həkimlər yazdıqları bütün reseptlərin bir nüsxəsini mütləq şəkildə mərkəzi məlumat bazasında saxlamalıdırlar. Bu sistem əhalinin sağlamlığını qorumaq və saxta reseptlərin qarşısını almaq məqsədi daşıyır.

 

Çexiyada elektron resept üzərində ağ bar kodu və dərman adlarının yazıldığı kağızı xatırladır. Bu ölkədə reseptlərin smartfonlara SMS vasitəsilə göndərilməsi də planlaşdırılıb.

 

Əksər inkişaf etmiş ölkələrdə də kağız reseptə alternativ kimi kodlaşdırmadan istifadə edilir: həkimlər şəxsi resept kodu, apteklər isə elektron kodlaşdırma sistemi ilə təmin olunur. Nəticədə qəbula gələn pasiyent kodlaşdırılmış resept vasitəsilə zəruri dərman preparatlarını əldə edir.

 

Azərbaycanda yaradılacaq Xəstəxana İnformasiya Sistemi isə elektron reseptlə yanaşı, elektron səhiyyə məlumatlarını, elektron tibbi uçotun aparılmasını, mərkəzi rəqəmsal qeydiyyat sisteminin yaradılmasını və digər komponentləri özündə birləşdirəcək.

 

2016-ci ildə təsdiq edilən strateji yol xəritəsi üzrə bu istiqamətdə müəyyən müsbət "impulslar" nəzərə çarpsa da, e-reseptin tətbiqi hələ də mümkün olmayıb. Yalnız müxtəlif özəl klinikalarda həkimlər pasiyentlər üçün kompüterdə resept hazırlayıb çap formasında təqdim edirlər ki, bunu problemdən müəyyən dərəcədə çıxış yolu hesab etmək olar...

 

Hər halda digər elektron xidmətlər kimi səhiyyə sahəsində də xidmətlərin beynəlxalq standartlara uyğun şəkildə “Elektron hökumət” portalına inteqrasiya edilməsi bu xidmətlərin rəqəmsal məkanda təhlükəsiz istifadəsinə səbəb olacaq.

 

Ceyhun ABASOV

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox