AZ

İ2B – İdeyadan Biznesə layihəsinin 2019-cu il üzrə qalibləri ADNSU-nun tələbələri oldu

5bab613a32fdf9e69774e771ac4cb332.jpg
18.10.2019 20:23

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, İnnovasiyalar Agentliyi, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı keçirilib.

 

TED.az xəbər verir ki, "InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Bakı və region finalçıları arasından 2019-cu il üzrə qaliblər müəyyən edilib.

 

Tədbiri giriş sözü ilə açan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirakçılara uğurlar arzulayıb.

 

Qeyd edək ki, ölkəmizin 12 regionunda keçirilən startap turlarına 153 komanda qatılıb. Startap turları zamanı dövlət qurumlarının, müxtəlif inkubasiya mərkəzlərinin, texnoparkların, eləcə də nüfuzlu İKT şirkətlərinin nümayəndələri iştirakçılar üçün təlim və seminarlar təşkil edib, onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat veriblər.

 

Bakı, Sumqayıt, Şamaxı, Şəki, Zaqatala, Tovuz, Göyçay, Gəncə, Lənkəran, Mingəçevir, Sabirabad və Naxçıvanda təşkil olunmuş startap turlarında 17 komanda yarımfinala keçib. Sonuncu seçim mərhələsində uğur qazanan 10 komanda – “Heal With” (Bakı), “Health bag” (Göyçay), “PayPort” (Naxçıvan), “Palliativ Plus” (Bakı), “Buqələmun” (Bakı), “OSHE-01” (Şirvan), “Peşəkar” (Naxçıvan), “Nano Desal” (Bakı), “Biobone” (Gəncə), “Agroshare” (Bakı) isə “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalında mübarizə aparıb.

 

Finalda layihələr mütəxəssislərdən ibarət Münsiflər heyəti qarşısında təqdim edilib. Adları çəkilən 10 komanda ardıcıllıq üzrə müəyyən olunmuş vaxt ərzində layihələrini təqdim edib və onlara ünvanlanan sualları cavablandırıb.

 

Jüri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar qiymətləndirilib.

 

Beləliklə, “İ2B – İdeyadan Biznesə” layihəsinin 2019-cu il üzrə qalibi "Healwith" komandası oldu. 2-ci yerə "Buqelemun" komandası, 3-cü yerə isə "Palliativ plus" komandası layiq görüldü.

 

Təşkilatçılar və tərəfdaşlar tərəfindən ilk üç yerin sahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

 

Qaliblər 3-6 dekabr tarixlərində təşkil ediləcək 25-ci “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransında öz layihələrini təqdim etmək imkanı qazanıblar.

 

“İ2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində startap turlarının növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.

 

Zeynəb ƏKBƏR

Startaplar bölməsindən digər xəbərlər

Daha çox