AZ

Öyrənməyə davam etmək, işləmək və səbrli olmaq lazımdır – Amazon şirkətində fəaliyyət göstərən həmyerlimiz

22.10.2019 17:49

Qloballaşan Azərbaycanda elm insanlarının, xüsusilə də gənclərin beynəlxalq miqyasda uğurları artmaqdadır. Artıq həmyerlilərimizin adı mühüm elmi kəşflərdə hallanır, dünyanın nüfuzlu şirkətlərdən onların səsi gəlir. Belə gənclərdən biri də Amazon şirkətinin Alexa Aİ (artificial intelligence - süni intellekt) heyətində Applied Scientist (tətbiqi alim) kimi fəaliyyət göstərən Turan Qocayevdir.  

 

Məlumat üçün bildirək ki, Amazon ilk qurulmuş və ən böyük onlayn satış şirkətidir. Elektron kitablar, multimedia məhsulları, məişət elektronikası, uşaq oyuncaqları, qida məhsulları, idman malları kimi xidməti malların 34 kateqoriyasını əhatə edən şirkət eyni zamanda şəxsi brendi altında yeni nəsil elektronika məhsullarını (Kindle elektron kitap oxuyucusu,  Fire planşetlər, Fire TV ve Echo) istehsal edir.

 

TED.az olaraq zaman-zaman oxucularımızı gənclərə örnək olacaq, onları nailiyyətlər qazanmağa həvəsləndirən insanların “uğura gedən yolu” ilə tanış edirik. Beləliklə, əldə etdiyi uğurları ilə bizi qürurlandıran Turanla həmsöhbət olduq. Həmin müsahibəni sizə təqdim edirik.

 

Turan bəy, siz ticarət nəhəngi Amazon şirkətində çalışan azərbaycanlısınız. Buna necə nail olduğunuz barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, bir az belə deyək, “Şəxsi iş”nizi təqdim edə bilərsinizmi?

 

Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İnformatika ixtisasında bakalavr və Almaniyanın Bonn Universitetində Kompüter elmləri üzrə magistratura təhsili almışam. Magistraturada oxuduğum müddətdə təhsilimin əsas istiqaməti olaraq Machine Learning sahəsini seçmişəm.

 

Almaniyada təhsilə paralel olaraq Avropanın ən böyük tətbiqi orientasiyalı araşdırma qurumu olan Fraunhofer İnstitutunda tələbə asistant olaraq çalışmışam. Magistr işini Münhendə Siemens firmasında yazdıqdan sonra lokal bir şirkət olan Moresophy GmbH-da 5 ilə yaxın Machine Learning mühəndisi olaraq işləmişəm. Bu ilin oktyabr ayından isə Amazonun Alexa Aİ komandasında Applied Scientist rolunda çalışıram.

 

Bu sahəni seçməyə nə səbəb oldu?

 

Bakıda bakalavr təhsili müddətində riyaziyyatın müxtəlif sahələri ilə tanış olmuşam. Hərbi xidmətdən sonra, 2011-ci ildə xarici ölkələrdən birində magistr təhsili almaq barədə qərar verdim. Bu qərarı verməyimə müxtəlif səbəblər olsa da, əsaslarından biri o zamanlar ölkə sənayesində informatika sahəsində riyaziyyatın tətbiqinin yoxluğu idi (var idisə belə, barmaqla sayılacaq qədər az sayda firmada belə vakansiyalar ola bilərdi). Almaniyanın bir neçə universitetinə qəbul olsam da, Bonn Universitetində təhsili davam etdirməyə qərar vermişdim. Bonnda elə ilk semestrda götürdüyüm dərslər arasında Machine Learning də var idi. Semestr ərzində bu dərsə çox da fikir verməsəm də, imtahana hazırlaşan zaman oxuduğum kitab artıq növbəti illərdə nə ilə məşğul olacağıma qərar verməyimə kömək etmişdi. Bu fənn başlanğıc kurs kimi keçilirdi və digər semestrlərdə bu fənnin daha mürəkkəb mövzuları öyrədilirdi. 3-cü semestrdən (2013-cü il) Fraunhofer İnstitutunda Text Mining şöbəsində tələbə asistent kimi işləməyə başladım. Bəlkə də, elə ilk olaraq Machine Learning-in mətnlərə tətbiqi ilə işləməyə başladığımdan hələ də bu sahədəyəm. Magistraturanı bitirdikdən sonra kiçik bir firmada mühəndis olaraq çalışmağa başladım. Firmada bu sahədə yalnız mənim təhsilimin olmağı bir tərəfdən çətinlik yaratsa da, digər tərəfdən məni öz üzərimdə daha çox işləməyə məcbur edirdi. 4 ildən çox həmin firmada işlədikdən sonra isə daha böyük miqyasda işlər görən firmalardan birinə işə düzəlməyi özümə hədəf qoydum və hal-hazırda Amazon şirkətindəyəm.

 

Bu şirkətdə çalışan yeganə azərbaycanlı sizsiniz?

 

Xeyr, bildiyim qədərilə ən azından, 40-50 soydaşımız Amazonda müxtəlif vəzifələrdə çalışırlar.

 

Bizə maraqlıdır, çalışdığınız şirkətdə iş mühiti necədir?

 

Yeni işə başladığımdan iş mühiti barəsində bir söz demək çətindir. Hazırda mən gündəlik istifadə edəcəyim alətləri öyrənməklə məşğulam. Ümumiyyətlə, birinci ay yeni işçidən böyük gözləntilər yoxdur, bütün vaxt yalnız yeni mühiti öyrənməyə və müxtəlif alətləri sazlamağa sərf olunur. 

 

Düşünürəm ki, bir çox oxuculara Amazon kimi nəhəng şirkətə necə işə düzəlməyin mümkün olduğu məsələsi maraqlıdır...

 

Amazon çox müxtəlif istiqamətlərdə fəaliyyət göstərdiyindən ümumi işəgötürmə prinsipi olmaya bilər. Amma informatika sahəsində Amazon, Google, Feysbuk kimi firmaların oxşar təcrübəsi var, əvvəlcə telefon bağlantısı üzərindən bir və ya 2 dəfə ilkin müsahibə mərhələləri keçirilir. Uğurlu olduğunuz halda, sizi birgünlük şirkətə dəvət edirlər və 6 saata qədər davam edən bir saatlıq mərhələlərdə müxtəlif müsahibə götürənlər sizin bilik və bacarıqlarınızın müraciət etdiyiniz rola nə qədər uyğun gəldiyini təxmin etmək üçün suallar verirlər. Müsahibədən sonra bütün müsahibə götürənlərin qeyd və fikirləri toplanır və yekun qərar verilir. Lakin ilk növbədə şirkətə müraciətdən sonra namizədin vakansiyaya uyğun gəlib-gəlməməyi yoxlanılır ki, fərqli vakansiyalar üçün, təbii ki, fərqli tələblər qoyulur. Məsələn, proqramçı vakansiyaları üçün çox vaxt bakalavr təhsili kafi, magistr təhsili isə üstünlük kimi sayılır. Süni intellekt sahəsində isə bu firmalarda, adətən, magistr təhsili ilə birlikdə 4-5 ilə yaxın iş təcrübəsi mütləq, fəlsəfə elmləri doktoru (PhD) dərəcəsi isə üstünlük olaraq dəyərləndirilir. Hətta bəzi vəzifələrdə elmlər doktoru mütləq olur.

 

Azərbaycanda elektron ticarətin təhlükəsizliyini necə qiymətləndirirsiz?

 

Azərbaycanda elektron ticarət sistemlərindən çox da məlumatlı deyiləm və təhlükəsizlik məsələləri mənim məşğul olduğum sahədən kifayət qədər uzaqdır. Amma belə sistemlərin sahiblərinə müxtəlif vasitələrlə, o cümlədən statistik modellər vasitəsilə satıcı profillərinin və məhsulların monitorinqini aparmağı təklif edərdim.

 

Gənclərə məsləhətiniz nə olardı?

 

Hər şey birinci, hətta beşinci dəfədən alınmaya bilər. Öyrənməyə davam etməyi, öz üzərlərində işləməyi və səbrli olmağı məsləhət görərdim.

 

Günel QURBANOVA

TED + bölməsindən digər xəbərlər

Daha çox