AZ

Dünyada ilk yeniliklərdən olan hərəkətli pərdələrin müəllifi Yardımlıda – MÜSAHİBƏ

04.11.2019 16:18

Gitara cəmi 6 simdə, ən zərif və ən güclü duyğunu, qəlblərə yol tapan səs ahəngini ehtiva edən musiqi alətidir. Tarixi orta əsrlərə gedib çıxsa da, elektronikanin musiqi alətlərinə tətbiqi bu alətə də yeni nəfəs gətirdi.

 

TED.az- ın budəfəki qonağı da 22 ildir elektro-gitara ve elektro-ud alətlərinə müxtəlif yeniliklər tətbiq etməklə onların istehsalı ilə məşğul olan Vüqar Əliyevdir.

 

Vüqar bəy, belə bir işlə məşğul olmaq böyük zəhmət, eyni zamanda boyük sevgi tələb edir. Necə oldu ki, bu musiqi alətinə marağınız yarandı?

 

Hələ orta məktəb illərində oxuduğum zamanlarda özümdə yaradıcılıq qabiliyyətinin olmasını hiss etmişdim və bu cəhətdən digər həmyaşıdlarımdan fərqlənirdim. Yaradıcılığa xüsusi marağımın olması, bütün incəsənət sahələrində və digər sahələrdə də özünü büruzə verirdi. Heç bir musiqi təhsilim olmasa da, 7-ci sinifdə oxuduğum zaman, rayon musiqi məktəbinin ansamblına nağara aləti ifaçısı kimi məni qəbul etdilər. Yaşımın az olmağına baxmayaraq, tez bir zamanda cəmiyyət tərəfindən bəyənilən nağara ifaçısı kimi tanındım və elə həmən ildən də  müxtəlif ansambllar tərəfindən el şənliklərində iştirakım üçün dəvətlər aldım. Amma məni özünə daha çox cəlb edən elektro-musiqi alətləri idi. Lakin gitara məni daha çox maraqlandırırdı.

 

 

Beləliklə, orta məktəbi bitirənə qədər musiqiçi kimi fəalliyətimə davam etdim. Orta məktəbi bitirdikdən sonra qonşu ölkə - Ukraynada neft sənayesi üzrə 1 il müddətində təhsil aldım və hərbi xidmətə getdim. Hərbi xidməti başa vurduqdan sonra 1989-cu ildə ADPU-nin ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə qəbul olundum. Amma ağlımda daima nələrsə qurub-yaratmaq kimi fikirlər dolaşır və bu fikirlər məni rahat buraxmırdı. Birinci kursda oxuduğum zaman, o dövrün və eləcədə indiki dövrün, gitara ifaçıları tərəfindən ən çox sevilən gitara modeli olan "tornado" adlı yarım akustik elektro-gitara aldım. Heç kəsdən dərs almadan, bu alətdə ifa etməyi öyrəndim və bəzi ansambllara ifaçı kimi dəvət aldım. Elə o vaxtlardan gitara ifaçısı kimi fəaliyyətimı davam etdirdim.

 

Öz ixtisasınız üzrə fəaliyyətiniz olubmu?

 

Təhsilimi başa vurduqdan sonra 1996-cı ildə rayonumuza qayıtdım. O illərdə ölkəmizdə vəziyyət stabil deyildi deyə, ixtisasım üzrə işləmək heç cür əlverişli deyildi. Həm də gitaraya olan sevgim və marağım məni daha çox özünə bağlamışdı. Beləliklə, elə o illərdə rayon musiqi kollektivlərinin birindən dəvət aldım və gitara ifaçısı kimi el şənliklərində iştirak  etməyə başladım

 

Necə oldu ki, gitara sizi “qane etmədi” və dəyişikliklər, yeniliklər  etməyi düşündünüz?

 

Bu alətdə ifa etdiyim zaman ağlımda həmişə alətin quruluşunda müsbət və mənfi cəhətlər barədə düşüncələr dolaşırdı. Fikirləşirdim ki, daha rahat ifa olunması üçün bu alətə müəyyən yeniliklər və əlavələr etmək lazımdır. O illərdə sintizator adlanan elektron alət, bəzi üstün cəhətləri ilə populyarlıq qazanmağa başlamışdı. Onlardan biri də sintizatorda "çetvertton" adlanan səs tonunun rahatlıqla tətbiq olunması idi. Bu cəhətə görə, bəzən gitara aləti bəzi musiqilərin ifasında sintizatora uduzurdu ki, bu da mənə xoş deyildi

 

Hər zaman ağlımda bir fikir dolaşırdı ki, bu aləti mən özüm öz əlavələrimi etməklə hazırlamalıyam. Bir müddət alətin hansı materiallardan və necə hazırlanmasını araşdırıb öyrəndim. Artıq 1998-ci ildə ilk aləti özüm sıfırdan hazırlamışdım. Hazırladığım alətdə əlavələrim var idi. Əlavələrdən biri qrif adlanan hissədə “hərəkətli pərdələr” adlandırdığım mexanizmi quraşdırmam idi. Fikrimcə, bu yenilik dünyada ilkdir. Artıq hazırladığım alətlə el şənliklərində iştirak edirdim. O illərdə rayonumuzda toyların birinə bizimlə yanaşı, sevimli ifaçımız Rafiq Hüseynov (Rəmiş) bəy də dəvət almışdı. Həmin toyda Rəmiş özü ilə gətirdiyi alətlə yox, əvvəldən axıra qədər mənim hazırladığm alətlə ifa etdi və çox bəyəndi.

 

 

Bir az da istehsalat prosesi barədə danişaq. Xususi emalatxananız varmı? Bütün bunlar necə həyata keçir?

 

Yardımlı rayonunda ata yurdu olan evimizdə yaşayıram. Bilmirəm, hazırda olan şəraitə emalatxana demək olarmı ya yox? Amma yalnız yağışdan qorunmaq üçün üstünü örtə bildiyim balaca şəraitsiz bir yer var, orada işləməyə məcburam.

 

 

Sözünüzdən belə məlum oldu ki bütün bunları kustar üsulla həyata keçirirsiniz. Əlinizdə geniş imkanların olmaması nələrə mane olur?

 

Bəli, kustar üsulla işləməyə məcburam. Bu üsulla işləmək bir alət üzərində 1,5-2 ay vaxt tələb edir və lazım olan materialların olmaması, maliyyə baxımından çətinliklə əldə etdiyimizə görə də böyük çətinliklər yaranır.

 

Bir çox ideyalar, yeniliklər var ki, onları reallaşdıra bilmirəm. Məsələn, dünyada ilk olaraq "hərəkətli pərdələr" adlanan mexanizmin müəllifiyəm. Bu mexanızmi tətbiq etməklə istehsal olunacaq alətlər, həm istehsalçı, həm də istifadəçilər üçün çox böyük perspektivlər yaradır. Müasir dövrün tələblərinə cavab verən yeni versiya yarım akustik elektro-ud alətləri də istehsal edirəm. Onlar ifaçılarımız tərəfindən çox sevilir.

 

Planlarınız və yeniliklər haqqında məlumat verə bilərsinizmi?

 

Çox planlar qurmağıma baxmayaraq, heç bir nəticə əldə edə bilməmişəm. Əgər maliyyə imkanlarım olarsa, ölkəmizdə "ŞUR" adı ilə elektro-gitara, elektro-ud və s. kimi alətlərin istehsalı ilə məşğul olan bir fabrik yaratmaq arzum var.

 

Hazırladığınız gitaralar Azərbaycandan kənarda da marağa səbəb olurmu?

 

Hazırladığım alətlər YouTube, Feysbuk kimi sosial şəbəkələrdə təqdim olunur. Xarici ölkələrdən izləyənlərin də sifarişləri olur. Məsələn Fransa, Rusiya, İrandan belə sifarişlər olub.

 

 

Sizin hazırladığınız gitaranın digərlərindən fərqi nədir?

 

Bunlar yarım akustik elektro-gitara və yarım akustik elektro-ud alətləri ailəsinə daxildir. Adi alətlərdən fərqi onlara verdiyim quruluşda, onlara tətbiq etdiyim bəzi incəliklərdədir. Özüm də gitara ifaçısı olduğumdan və digər ifaçıların da bu alətdən nə istədiklərini yaxşı bildiyimə görə, o fərqlilikləri tətbiq edirəm. Elə buna görə də hazırladığım alətlər hər kəs tərəfindən çox böyük məmnuniyyətlə istifadə olunur. Materialları isə xarici ölkələrərdən sifariş edirəm. Bu materiallar bütün dünyada musiqi alətləri üçün qəbul olunur.

 

 Gənc gitara ifaçılarına tövsiyəniz nə olardı?

 

Nəinki gənc, bütün gitara ifaçılarına məsləhətim odur ki, bu kimi alətləri qarşılarına çıxan və özünü usta adıandıran hər kəsə təmir adı ilə verib, onları korlamasınlar. Çünki çox mürəkkəb olan bu alətlərin restovrasiyasında və yenisinin istehsalında məhz bir musiqi aləti üçün hazırlanmış materiallardan istifadə olunmalıdır, əks halda mükəmməl alətdən söhbət gedə bilməz. Belə alətlər bir neçə elmin kompleks tətbiqinin nəticəsində yaranır ki, bunu da təbii ki, hər istifadəçi bilmir.

 

Günel QURBANOVA

TED + bölməsindən digər xəbərlər

Daha çox