AZ

İcbari tibbi sığortadan istifadə etmək istəyənlər axtardıqları materialı asanlıqla tapa bilmirlər – MÜSAHİBƏ

08.11.2019 11:57

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi saytı yenilənib. TED.az-ın əməkdaşı sayta hansı yeni funksiyaların əlavə edilməsi və müəyyən problemlərlə bağlı monitorinq aparmaq üçün Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin rəhbəri, Bakı Dövlət Universitetinin müəllimi, internet media üzrə tədqiqatçı Leyla Rəşidlə söhbətləşib:

 

Bir mütəxəssis kimi bu sayta münasibətinizi bilmək istərdik. Saytın üstün cəhətləri və çatışmazlıqları hansılardır?

 

İcbari tibbi sığortanın tətbiqi, səhiyyənin tamimilə yenidən maliyyələşməsi, tibbi xidmətlərin ödənilməsi üzrə maliyyə ödənişində ədalətliliyin təmin edilməsi deməkdir. Öncəliklə, Azərbaycanda hər kəs üçün normal şəraitdə tibbi xidmətlərə əlçatan olması, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytının fəaliyyəti müsbət cəhətdir. Saytda icbarı tibbi sığorta ilə bağlı vətəndaşların maarifləndirilməsi istiqamətində dolğun məlumat verilib. Xəbərlər mütamadi yenilənir. Saytda elektron müraciətin olması, sosial şəbəkələrə inteqrasiyası, onun müsbət cəhətləridir.

 

Saytda müəyyən çatışmazlıqlar da var. Belə ki, tibbi müəssisələrin və tibbi xidmətlərin siyahısının pdf  formatında verilməsi, axtarışı və istifadəni çətinləşdirir. Saytda vətəndaş üçün ən önəmli olan bölmələr – “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı, Baza zərfi, İstisnalar zərfi pdf formatında verilib. İcbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi müəssisələrin, xidmətlərin siyahısı və tariflər yalnız Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarını əhatə edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Aparatının, həmçinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin strukturu infoqrafika ilə verilib. Strukturun İdarə Heyətinin sədri istisna olmaqla, digər bölmələri çətinliklə oxunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialları xəritə üzrə göstərilib. Filialların heç biri ilə hər hansı əlaqə forması yoxdur. Saytda interaktivlik – daxili və əks əlaqə də mövcud deyil. Saytın “Vətəndaşlar üçün”, “Qanunvericilik”, “E-xidmətlər” bölmələri üzrə heç bir məlumat yerləşdirilməyib. İcbari tibbi sığortadan istifadə etmək istəyən şəxslər axtardığı materialı asanlıqla tapa bilmir.

 

Saytın rentabellik dərəcəsi sizi bir ekspert kimi qane edirmi?

 

İcbari Sığorta Agentliyinin rəsmi saytının fəaliyyətinin iqtisadi səmərəliliyi o zaman qənaətbəxş olacaq ki, vətəndaşlar üçün tibbi müəssisələr, tibbi xidmətlər, hətta həkimlərlə bağlı informasiyalar əlçatan və dolğun olsun, interaktivlik təmin edilsin.  2020-ci il yanvarın 1-dən etibarən, icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqini nəzərə alaraq, saytda göstərilən çatışmazlıqların aradan qaldırılması məqsədəuyğundur.

 

Xarici ölkələrdə bu tip dövlət qurumlarının saytları necə olur? Bizdə dünya təcrübəsi nəzərə alınıbmı?

 

Dünya təcrübəsinə nəzər salanda görürük ki, icbari tibbi sığortanın əsasən, iki modeli – sosial tibbi sığorta və milli tibbi sığorta çox yayılıb. Əksər Avropa ölkələrində sosial tibbi sığorta modeli tətbiq olunur. Azərbaycan üçün icbari tibbi sığorta sisteminin sosial tibbi sığorta modeli seçilib və Türkiyə, Rusiya təcrübəsi əsas götürülüb. Bir sıra ölkələrin icbari tibbi sığorta agentliklərinin saytlarında vətəndaşların gəlir testi mümkündür. Bu, işləməyən vətəndaşların tibbi ödənişləri ilə bağlıdır. E-imza, e-xidmət, şəxsi kabinet mövcuddur. Belə saytlarda xəstəliklər qruplaşdırılıb bölmələr üzrə verilib, istədiyin həkimə müraciət üçün xəstəxana seçimi, sığortalar üçün aylıq hesablama testi, kart ilə ödəniş sistemi verilib.  Uşaqlar, təqaüdçülər, digər imtiyazlılar və işləyənlər müvafiq  kateqoriyalarda yerləşdirilib.   

 

Ekspert olaraq, sizin hansı tövsiyələriniz var?

 

Tövsiyə edərdim ki, saytda ilk olaraq, interaktiv əlaqə yaradılsın. Filiallara linklərlə keçidlər və əlaqə üçün ünvan, telefon nömrələləri yerləşdirilsin. Struktur bölmələri üzrə məsul şəxlər və onlarla əlaqə təmin olunsun. Hər bir vətəndaşın imkanı çərçivəsində seçə biləcəyi müalicə paketləri və onların qiymətləri əlavə edilsin.  

 

Saytda daha çox vətəndaşyönümlü olan xidmətlər hansılardır? Yəni icbari tibbi sığrotadan istifadə etmək istəyən şəxs axtardığı materialları rahatlıqla tapa biləcəkmi?

 

Xarici tibbi sığorta agentliklərinin saytlarını araşdıraraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumat təminatını dolğunlaşdırmaq olar.

 

Vətəndaşlara əlçatanlığın, asanlığın və vaxta qənaətin təmin olunması üçün, TƏBİB-ə (“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs) daxil olan tibbi müəssisələrin pdf deyil, saytın daxili axtarış sisteminə daxil edilməsi məqsədəuyğundur.

 

Sığorta haqlarından azad olunanlar – aztəminatli ailələr, azyaşlı uşaqlar, pensiyaçılar, məcburi qaçqın və köçkünlər, həmçinin digər kateqoriyadan olan şəxslər üçün saytın müvafiq bölmələr üzrə qruplaşdırılması arzu olunandır. Həm özü, həm də  işəgötürən tərəfdən vəsait ayrılacaq şəxslərin ödənişi üçün, saytda kartla ödəniş sisteminin olması da zəruridir. Qeyd olunan tövsiyələrin reallaşması, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin saytını daha funksional edər.

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox