AZ

Elektron məhkəmə sisteminin hansı üstünlükləri var? – AÇIQLAMA

113c2b028fc2b2887a506bbf3b78b3da.jpg
13.11.2019 14:28

Azərbaycan prezidenti İlham Əliyev 13 fevral 2014-cü il tarixli sərəncamla “Elektron məhkəmə” informasiya sisteminin yaradılmasına göstəriş verib.

 

TED.az bu istiqamətdə hansı işlərin görüldüyünü öyrənmək üçün Ədliyyə Nazirliyinə soğru ünvanlayıb.

 

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, artıq Azərbaycanın yurisdiksiyasına daxil olan bütün məhkəmələr, hakimlər və məhkəmə qaydasında baxılan işlər barədə məlumatların “Elektron məhkəmə” informasiya sistemində toplanılması təşkil edilib.

 

Məlumatda o da qeyd olunub ki, sistem vasitəsilə:

 

- ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulu, mülki, inzibati, kommersiya mübahisələrinə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılması və sənədlərin elektron dövriyyəsi;

 

- sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik “şəxsi kabineti”in yaradılması;

 

- məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılması;

 

- məhkəməyə daxil olan işlərin hakimlər arasında avtomatlaşdırılmış rejimdə, tam təsadüfi qaydada bölüşdürülməsi;

 

- məhkəmədə işlərə baxılması vaxtlarına dair elektron cədvəllərin tərtib edilməsi;

 

- məhkəmə sənədlərinin (bildiriş, məktub, qərardad, icra sənədi) avtomatlaşdırılmış qaydada (e-şablon) hazırlanması;

 

- məhkəmə iclaslarının audio və video yazılması təcrübəsinin tətbiqi;

 

- elektron imza ilə təsdiq edilməklə yekun məhkəmə aktlarının elektron qaydada dərci;

 

- məhkəmə statistik hesabatlarının elektron qaydada tərtibi;

 

- məhkəmə qərarlarının icra edilməsi üçün "Elektron icra" sisteminə qoşulmuş icra qurumlarına elektron qaydada göndərilməsi;

 

- bir sıra digər dövlət informasiya resurslarından məlumatların elektron qaydada alınması;

 

- məhkəmə instansiyaları arasında işlərin elektron dövriyyəsi təcrübəsi həyata keçirilir.

 

Qurumdan bildirilib ki, sistemin tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına, elektron kargüzarlığın və sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir: “İstifadəçilər məhkəmələrə getmədən bu sistem vasitəsilə ərizə, şikayət və digər sənədləri elektron qaydada göndərə, iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onlardan verilən şikayət və ya protestlər barədə elektron kabinet vasitəsilə məlumat ala bilirlər”.

 

“Sistemin tətbiqi istifadəçilərə www.courts.gov.az elektron ünvanında yerləşən “Elektron məhkəmə portalı”na daxil olaraq heç bir qeydiyyatdan keçmədən orada yerləşdirilmiş açıq məlumatlarla tanış olmaq imkanı yaradır”, – açıqlamada vurğulanıb.

 

Bundan başqa, istifadəçilər məhkəmələrin strukturu, növü, yurisdiksiyası, ünvanı və onlarla əlaqə yaratmaq üsulları – poçt və elektron ünvanları, telefon nömrələri, eləcə də hakimlərin təhsili və hüquq təcrübəsi barədə məlumatlar əldə edə bilirlər.

 

Portalda sənədlərin hazırlanması və məhkəməyə təqdim edilməsi prosesini asanlaşdırılması üçün dövlət rüsumunun məbləği, iddia, şikayət, etiraz ərizələrinin nümunələri və məhkəmələrə dair statistik hesabatlar ilə tanış olmaq, eləcə də “Şəxsi kabinet”in yaradılması imkanı mövcuddur.

 

Eyni zamanda ədalət mühakiməsinin əlçatanlığının asanlaşdırılmasına xidmət edən və çox geniş funksionallıqlara malik “Şəxsi kabinet” vasitəsi ilə proses iştirakçıları iştirak etdiyi iş üzrə bütün məlumatları (prosesin vaxtı, çıxarılan qərarlar, onların icra vəziyyəti, verilən şikayətlər barədə məlumatları) əldə edə, məhkəmənin fəaliyyət istiqamətlərinə aid olan xidmətlərdən, eləcə də rüsumların ödənilməsi imkanlarından istifadə edə bilərlər.

 

İstifadəçilər tərəfindən sənədlər “Şəxsi kabinet” vasitəsilə güçləndirilmiş elektron imzadan istifadə etməklə göndərilir, sənədin qəbul edilməsi və qeydiyyatı istifadəçiyə informasiya sistemindən elektron bildirişin göndərilməsi ilə təsdiq olunur.

 

Vurğulanıb ki, informasiya sisteminə daxil edilən məlumatların etibarlılığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadəçilər və iştirakçılar “Vahid Giriş Sistemi”ndən (“ASAN login”) istifadə etməklə informasiya sistemində identifikləşdirilməlidirlər.

 

İnformasiya sistemində elektron sənədlərin təsdiqi və göndərilməsi gücləndirilmiş elektron imzadan istifadə etməklə həyata keçirilir.

 

Nazirliyin verdiyi cavabda o da qeyd olunub ki, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, bu sahədə müasir informasiya texnologiyalarından daha geniş istifadə olunması məqsədilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da nəzərdə tutulmuş bir sıra tədbirlərin görülməsi planlaşdırılır.

 

Belə ki, elektron analitik və statistik hesabatların alınması üçün idarəetmə komponentinin tətbiqi, məhkəmə sisteminin vahid veb-portalının təkminləşdirilməsi, e-imzanın tətbiqinin genişləndirilməsi, eləcə də məhkəmə sorğularının operativ cavablandırılması və zəruri məlumatların aidiyyəti üzrə ötürülməsi üçün “Elektron məhkəmə” informasiya sisteminin digər dövlət qurumlarının informasiya resursları ilə inteqrasiyasının təmin edilməsi üzrə işlər aparılır. Eyni zamanda, məhkəmə xidmətlərinə əlçatanlığın artırılması üçün mobil məhkəmənin yaradılması üzrə işlərə başlanılıb.

 

Mobil tətbiqin məhkəmə fəaliyyətində istifadəsi həm fiziki, həm də hüquqi şəxslər tərəfindən məhkəmə xidmətlərindən istifadənin asanlaşdırılmasına, bu sahədə daha rahat və operativ məlumat almalarına xidmət edəcək.

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox