AZ

Onun 12 yaşında hazırlayıb Zaqatalada uçurduğu qurğu Qusarda yerə enib. Kosmik tədqiqatlar ölkəmizə nə vəd edir? – MÜSAHİBƏ

44abf7da7cf7ee47555b91727dbf7f82.jpg
16.11.2019 12:36

Məlum olduğu kimi Azərbaycan Beynəlxalq Astronavtika Konqresinə ikinci dəfə ev sahibliyi edəcək. 2022-ci il bu baxımdan ölkəmiz üçün olduqca əhəmiyyətli il olacaq. Azərbaycan bu tədbirin təşkilatçılığına yüksək səviyyədə hazırlaşmaqla yanaşı, kosmik sahədə mövcud elmi potensialını, təcrübəsini nümayiş etdirməlidir.

 

Azərbaycanda 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi ilə kosmik sahənin inkişafına başlanıldığını nəzərə alsaq, ötən dövr ərzində əldə olunan nailiyyət növbəti tədbirdə masa üzərində olmalıdır. Bəs bugünə qədər Azərbaycan kosmik sənayenin inkişafı istiqamətində hansı uğurlara imza atıb?

 

TED.az bu suala daha ətraflı cavab tapmaq üçün kosmik sahənin Azərbaycanda ən önəmli bilicilərindən biri Azərbaycan Texniki Universitetinin "Radiotexnika" kafedrasının müdiri, Avropa Astronomiya Şurasının üzvü, professor Vaqif Məhərrəmova müraciət edib.

 

Uzun illər Kosmik Tədqiqatlar Elmi İstehsal Birliyində şöbə müdiri vəzifəsində çalışmış V.Məhərrəmov orta təhsilini doğma Zaqatala rayonunda alıb. Hələ 6-cı sinifdə oxuyanda SSRİ-nin ilk kosmonavtı Yuri Qaqarinin kosmosa uğurlu uçuş həyata keçirməsi münasibətilə aviaplaner düzəldib. Həmin planer 3 saat uçaraq Qusarda yerə enib. Bu haqda, hətta "Azərbaycan pioneri" qəzetində məlumat dərc olunmuşdu. Erkən yaşlarından kosmik sahəyə böyük maraq göstərən V.Məhərrəmov məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Politexnik İnstituna (oxu: indiki Azərbaycan Texniki Universiteti) verib. 1972-ci ildə ali məktəbin Elektrotexnika fakültəsinin Radioyayım və radiorabitəsi mühəndisi ixtisasını müvəffəqiyyətlə bitirib. O, Azərbaycan Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasında aspiranturada oxuyub. 1985-ci ildə keçmiş Sovet İttifaqının Elmlər Akademiyasının Baş Astronomiya Rəsədxanasında (Sankt-Peterburq şəhərində) namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi, 2003-cü ildə doktorluk dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini əldə edib. 1998-ci ildə isə “Radiotexnika” kafedrası üzrə dosent, 2008-ci ildə professor elmi adı alıb.

 

V.Məhərrəmov 2005-ci ilin dekabr ayından etibarən «Radiotexnika» kafedrasının müdiri vəzifəsində çalışır. 110-dan çox elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiyanın, 4 dərsliyin, 6 dərs vəsaitinin, 5 ixtiranın və 4 patentin müəllifidir. Bir çox respublika və beynəlxalq elmi konfranslarda məruzələr oxuyub. O, həmçinin kafedrada aparılan elmi tədqiqat işlərinə rəhbərlik edir.

 

 

"Mən kosmik cihazqayırma ilə məşğul olmuşam, infraqırmızı teleskopun layihəsini hazırlamışam. Hazırladığım layihənin hər bir qurğusu elmi ixtiradır", - deyə müsahibimiz qeyd edib.

 

O, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə bu layihənin maketini hazırlayaraq 2022-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresində nümayiş etdirmək istəyir:  "Bununla kosmik sənayenin aparıcı elm və iş adamları ölkəmizin bu sahədə nailiyyətlərindən biri ilə əyani şəkildə tanış ola bilərlər".

 

 

V.Məhərrəmov xatırladıb ki, MDB ölkələri arasında Beynəlxalq Astronavtika Konqresi ilk və yeganə olaraq 1973-cu ildə Azərbaycanda keçirilib:  "Həmin tədbirdə Tofiq İsmayılov, Arif Mehdiyev kimi dərin zəka sahiblərimiz aktiv şəkildə iştirak ediblər. Bunun nəticəsində SSRİ-də ikinci Kosmik Tədqiqatlar Elmi İstehsal Birliyi məhz Bakıda yaradıldı. Həmin quruma Tofiq İsmayılov rəhbərlik edib. Orada həddən artıq böyük işlər görülüb. Belə bir təşkilatın məhz Azərbaycanda yaradılması, hətta bəzi ittifaq respublikalarında etirazla qarşılanmışdı. Hərçənd, ruslar bu sahədə Azərbaycanın böyük potensialına bələd idilər. Yəni arxamızda Kərim Kərimov, Roald Saqdeyev kimi SSRİ-nin ən güclü akademikləri dayanırdı. Dünya şöhrətli alim R.Saqdeyev hazırda Azərbaycanda yaşayır və işləyir. O, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Kosmik məsələlər üzrə şuranın həmsədri, Milli Aviasiya Akademiyasında aerokosmik məsələlər üzrə elmi məsləhətçi və ADA Universitetinin professoru vəzifələrində çalışır. Bu, böyük elm adamlarının sayəsində kosmik tədqiqatlar sahəsində kifayət qədər ciddi işlər gördük. Nəticəsi də hər kəsə məlumdur. Azərbaycan, nəinki postsovet ölkələri, hətta bir çox inkişaf etmiş ölkələri qabaqlayaraq kosmosa 3 süni peyk göndərdi. “Azerspace-1”, “Azerspace-2” telekommunikasiya və “Azersky” müşahidə peykinin orbitə göndərilməsi çox böyük uğurdur. Həmin konqresdən ruhlanaraq, Azərbaycan xalqı bilik və bacarığını ortaya qoydu, bu, yeni rabitə vasitələrini yaratmağa nail oldu".

 

"Kosmik Tədqiqatları Elmi İstehsal Birliyində işləyəndə kosmosdan çəkilmiş şəkilləri deşifrə etməklə məşğul idim. Biz sosialist ölkələrində, o cümlədən Macarıstan, Çexoslavakiya (oxu: indiki Çexiya və Slovakiya), Monqolustanın kənd təsərrüfatındakı proseslərini öyrənirdik. Biz həmin ölkələrin otlaq, su ehtiyatlarını ölkəmizdə fəaliyyət göstərən Kosmik Tədqiqatları Elmi İstehsal Birliyində tədqiq edirdik. O dövrdə Bakıda Təbii Ehtiyatların Kosmik Tədqiqatı İnstitutu da fəaliyyət göstərirdi. Bundan başqa, Şəki-Zaqatala regionunda "Günəş-1", "Günəş-2" adlı çoxşaxəli tədqiqat layihələri üzərində işləyirdik. Bütün bunlar rəhmətlik Tofiq İsmayılovun təşəbbüsü ilə həyata keçirilirdi. Biz ölçü cihazları vasitəsilə yer, təyyarə və helikopter vasitəsilə hava, peyk vasitəsilə isə kosmosdan alınmış nəticələri identifikasiya edib elmi nəticələrimizi sağlamlaşdırmağa çalışırdıq. Çox əhəmiyyətli işlər aparılırdı", - deyə professor bildirib.

 

 

V.Məhərrəmov hazırladığı teleskop barədə də məlumat verib:  "Başda akademik Saqdeyev olmaqla, Sovet alimləri ilə Fransız elm adamları orbitə infraqırmızı submillimetr diapazonda işləyən peyk göndərmək istəyirdilər. Məqsəd bir neçə funksiyanı yerinə yetirən - həm atmosferi, həm də ulduzları müşahidə edən rəsədxana tipli cihaz düzəltmək idi. Ən başlıca məqsəd yerdən kənar həyat haqda məlumat toplamaq idi. Layihə çərçivəsində qurğunun vacib hissələrdən birinin - sətrləyici-izləyici sistemin hazırlanmasını bizə tapşırmışdılar. Tofiq İsmayılov bu işin icrasını mənə həvalə etmiş, fəaliyyətin aparılması üçün hər cür şərait yaratmışdı. Nəticədə, alnıaçıq, üzüağ bu məsuliyyətli vəzifənin də öhdəsindən gəldik".

 

 

V.Məhərrəmov hesab edir ki, 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi milli kosmik sənayenin inkişafına çox böyük təsiri olacaq: "Biz dünya astronavtları qarşısında hesabat verəcəyik. Bakıda ilk dəfə keçirilən konqresdən bu günədək kosmik sahədə əldə etdiyimiz nəticələri xarici mütəxəssislərlə bölüşəcəyik. Təkcə kosmosa 3 peyk göndərməyimiz bu sahədə ciddi işlər gördüyümüzə dəlalət edir".

 

Ölkənin gələcək inkişafının elmi tərəqqi ilə bağlı olduğunu deyən professor bildirib ki, bu gün yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlər sabah iqtisadiyyatın müxtəlif sahələrində tətbiq olunacaq, ölkənin gücünü daha da artıracaq: "Kosmik tədqiqatlardan irəlidə heçnə yoxdur. Yəni bu sahənin Azərbaycanda inkişafı bütün sahələrin inkişafına yol açacaq, ölkəmizə həm iqtisadi, həm də siyasi dividentlər qazandıracaq".

 

Ceyhun ABASOV

TED + bölməsindən digər xəbərlər

Daha çox