Daha bir avtomobil təyyarə sürətini üstələdi – VİDEO
Britaniyada istehsal olunan "Bloodhound" yüksəksürətli superavtomobil quruda 1010 km/saat sürətlə hərəkət edərək 965km/saat (600 mph) sürət həddini keçən avtomobillər qrupuna daxil olub.
TED.az BBC-yə istinadla xəbər verir ki, sınaq ötən həftə Cənubi Afrikada keçirilib.
İndiyədək quruda hərəkət edən sürətli avtomobillər arasında yalnız altısı 965km/saat sürət həddini aşa bilib.
"Bloodhound" bu nailiyyəti reaktiv mühərrikin köməyi ilə əldə edib.
Avtomobilin dizaynı raket mühərrikini də işlətməyə imkan verir.
Gələn il avtomobilin dünya rekordu olan 1228km/saat sürətini aşacağı ehtimal olunur.
Superavtomobillər üçün hazırkı sürət rekordu 22 il əvvəl, 1997-ci ildə ABŞ ərazisində "Thrust SSC" adlı başqa bir ingilis avtomobilində qeydə alınmışdı. Hər iki halda bu sükan arxasında Britaniya Hava Qüvvələrinin pilotu Andy Green olub.
"Bloodhound"un quruda göstərdiyi 1010 km/saat sürəti sərnişin avialayner təyyarəsinin orta sürətindən daha yüksəkdir. Hərbi təyyarə isə quruda bu sürətə çata bilməz. Çünki həmin həddə çatmazdan əvvəl güclü hava axını artıq təyyarəni havaya qaldıracaq.