AZ

İnanılmaz görünüşə sahib olan velosipedlər

be7ed81986cb31516d895739d94e3271.jpg
18.11.2019 15:05

Velosiped hamımızın uşaqlığımızın vazkeçilməz bir parçasıdır. Hamımız uşaq vaxtı saatlarla velosiped sürür, yorulmadan çarx fırladırdıq. Ağlımızda olan ənənəvi velosiped modelləri isə ikiçarxlı və ya üççarxlı adi dəmir velosipedlərdir. Amma dünyada çox qeyri-adi görünüşə malik, ənənəvi modellərdən çox uzaq dizaynı olan qəribə velosipedlər də var. TED.az olaraq bu velosipedlər haqqında məlumatları sizinlə bölüşmək istəyirik:

 

Birinci sizə “buz təkərli” velosipedi təqdim edirik. Həvəskar formatlı qəribə ixtiralar edən Kolin Furze bu dəfə də buzdan velosiped təkəri düzəldib. O, velosipedin təkərlərini çıxarıb və yerinə təkər formalı buz parçası birləşdirib. İxtiraçı velosipedin buz təkərləri əriyənə qədər şəhərin küçələrində doyunca gəzir.

 

 

“Zenqa velosiped” - Meni Zenqa adlı bir ixtiraçı tərəfindən düzəldilib. Velosipedin nə az, nə çox, düz 6 təkər var. Köhnə velosipedlərin birləşməsindən əmələ gələn velosiped öz maraqlı görünüşü ilə hamının marağına səbəb olur.

 

 

“Stoopidtaller” – dünyanın ən hündür velosipedidir. Bu velosipedin hündürlüyü oturacaq səviyyəsindən 442 santimetrə çatır. Görənləri heyrətə gətirən bu velosiped Riçi Trembl tərəfindən düzəldilib. Xatırladaq ki, Tremblin bu icadı dünyanın ən hündür velosipedi kimi “Ginnesin rekordlar kitabı”na daxil olub.

 

 

Daha sonra “Mil Van Mares Velkproeq” adlı bir qrup dünyanın ən uzun velosipedini istehsal edib və bu qurğu da “Ginnesin rekordlar kitabı”na düşüb. Bu velosipedin istehsalında ancaq alüminium hissələrdən istifadə olunub. Uzunluğu isə 30,5 metrdir. Bu qədər uzun olmağına baxmayaraq, velosipedin  sadəcə 2 təkəri var və 2 nəfər tərəfindən idarə edilir. Bu velosipedi döngələrə girməmək şərtilə istədiyiniz qədər sürə bilərsiniz.

 

 

Daha bir maraqlı görünüşə malik velosiped “Bədheybət velosiped”dir. İstehsalı 3 ay çəkən bu nəqliyyat vasitəsi dəmir boru, traktor təkəri və velosiped parçalarından ibarətdir. Təxminən 204 kiloqram ağırlığı olan bu velosipedi idarə etmək çox çətindir. Buna görə də bu velosipedi böyük sürətlə idarə etmək olmur.

 

 

“Ruh velosiped”i digərlərindən çox fərqli edən bir cəhəti var. Bu velosipedi ilk dəfə görənlər ön təkərin necə idarə edildiyini və  necə hərəkət etdiyini anlaya bilmirlər. Çünki ön təkərlə velosipedin sükanı arasına heç bir əlaqə tapmaq olmur.

 

 

“İkinəfərlik tərs velosiped” sizcə necə olar?  Düşünə bilrəsiniz ki, velosiped hansı sürücünün istiqamətində hərəkət edəcək? İlk baxışda tam olaraq hansı istiqamətdə getdiyi başa düşülməyən bu velosipedin çox maraqlı mexanizmi var. Bir-birinə əks istiqamətdə oturmuş iki nəfərin pedalları fırlatması ilə velosiped sola doğru hərəkət edir.

 

 

“Yanakı velosiped” İrlandiyalı mühəndis Maykl Kiryan tərəfindən ixtira edilib. İki tərəfində kiçik təkərləri olan bu velosipedin oturacağı orta hissədə yerləşir, amma bu oturacaq ənənəvi velosipedlərdə olduğu kimi yox, yanakı şəkildə quraşdırılıb.

 

 

Maraqlı dizayna malik olan velosipedlərdən biri də təkərləri ayaqqabılardan ibarət olan velosipeddir. Bu velosipedin hər təkəri 6 ədəd yüksək keyfiyyətli idman ayaqqabısından düzəldilib. Velosiped sahibi bu üsula, təkərlərin partlaması problemindən azad olmaq üçün əl atdığını deyir.

 

 

“Nistarkya” Hindistanın ilk elektrik konseptli velosipedidir. “Santoş” şirkəti tərəfindən istehsal olunan bu qəribə velosipedi idarə etmək üçün yarı uzanmış vəziyyət almaq lazımdır. Bu velosipedin digərlərindən fərqi ondan ibarətdir ki, onun nə pedalı, nə də sükanı var.

 

 

“4 təkərli velosiped” ilk baxışda adi görünsə də, bu velosipedlə həm istədiyiniz yerə gedə, həm də idmanla məşğul ola bilərsiniz. Velosipedin təkmilləşmiş mexanizmi sizi idman etməyə məcbur edir. Əks təqdirdə velosiped hərəkət etmir.

 

 

“Əyiləbilən velosiped” həm maraqlı, həm də əlverişlidir. İlk baxışda və ilk istifadə zamanı adi görünən bu velosiped, xırda bir toxunuşla əyilib qatlana bilir. Bu qeyri-adi xüsusiyyəti sayəsində velosipedi istədiyiniz yerə apara  və oğurlanmaması üçün qatlayıb dirəyə bağlaya bilərsiniz. Maraqlıdır, elə deyilmi? Bəs siz bu velosipedlərdən hansını sürmək istərdiniz?

 

 

Günay ƏLİYEVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox