AZ

Distant təhsilə keçid üçün bütün tədris vəsaitləri elektron formada işlənilib hazırlanmalıdır – AÇIQLAMA

26f48b5c2c4493c009e7c664f5c831b0.jpg
19.11.2019 12:36

“Distant təhsilə keçid üçün müəyyən kurs üzrə bütün tədris vəsaitləri elektron formada işlənilib hazırlanmalıdır. Hər ixtisas üzrə didaktik kiberməkan yaradılmalıdır”.

 

Bu sözləri TED.az-a eksklüziv açıqlamasında texnika elmləri doktoru, professor Həsən Hüseynov deyib.

 

Alim vurğulayıb ki, istənilən ixtisasa dair bütün didaktik materiallar - fənn proqramı, sillabus, mühazirələrin konspektləri, elektron təhsil kontenti, yoxlama testləri, biblioqrafiya, imtahan xartiyası və s. kiberməkanda yerləşdirilməlidir: “Çünki burada həm müəllimin, həm tələbənin, həm də tyutorun veb-auditoriyası formalaşır. Yəni distant sistemdə tələbə təhsilin mərkəzində durur, onun ətrafında müəllimlər. Bu müəllimlərlə əlaqə isə tyutorlar vasitəsilə qurulur. Bütün bu sistem sıfırdan yaradılmalıdır. Artıq ölkədə bu yöndə iş gedir. UNEC-də, Naxçıvan Muxtar Respublikasında ciddi addımlar atılıb”.

 

“Azərbaycan Texniki Universitetinin Elektron universitet layihəsində artıq distant təhsil platforması mövcuddur. bu platformanın işləməsi üçün verilənlər bazası doldurulmalıdır. Bu sahədə artıq müəyyən işlər həyata keçirilir - müəllimlərin videoməşğələləri, mühazirələri hazırlanır”, – professor bildirib.

 

H.Hüseynov nəzərə çatdırıb: “Distant təhsil imkan verir ki, ingilisdilli tələbə Azərbaycan müəlliminə qulaq asmasın, seçdiyi ixtisasın ən aparıcı aliminin mühazirəsindən bəhrələnə bilər”.

 

H.Hüseynov əlavə edib ki, bütün bunların reallaşdırılması üçün çox iş görülməlidir: “Müəyyən sahələr, ixtisaslardan başlamaq, daha da genişləndirmək lazımdır”.

 

Cavid QƏDİR

Elm bölməsindən digər xəbərlər

Daha çox