AZ

Dronlarla mübarizədə ən yaxşı üsul qadağadır – EKSKLÜZİV AÇIQLAMA

2bc7233f068038d05e03979d1c9d7fb7.png
19.11.2019 14:56

“Dronların istehlakına müəyyən məhdudiyyət qoyulmalıdır”.

 

Bu sözləri TED.az-a eksklüziv açıqlamasında Azərbaycan Texniki Universitetinin "Radiotexnika" kafedrasının müdiri, Avropa Astronomiya Şurasının üzvü, professor Vaqif Məhərrəmov deyib.

 

Dronların zərərsizləşdirilməsi üçün radioelektron mübarizə üsullarından istifadə etmək olar: “Bu üsulla, nəinki dronları, hətta peykləri də zərərsizləşdirmək imkanı var. Hələ Sovet dönəmində cəsus peyklərini Amerika Birləşmiş Ştatları vura bilirdi, amma Sovet İttifaqı qarşılıq verə bilmirdi. Bunun üçün lazımi texnologiya inkişaf etdirilməmişdi. Yəni bu mübarizə hələ o vaxtdan var. Hazırda isə ən yaxşı üsul qadağan etməkdir”.

 

 

V.Məhərrəmovun fikrincə, qabaqlayıcı tədbirlər görülməlidir: “Düzdür, hazırda dronların ölkəyə gətirilməsi xüsusi icazə və nəzarətlə həyata keçirilir. Lakin bu nəzarət dronların kütləviləşməsinin qarşısını ala bilməyəcək. Artıq bizim ölkədə də mühəndislər dron hazırlayır. Bu o deməkdir ki, hazırkı nəzarət mexanizmi yetərli olmayacaq. Hesab edirəm ki, radioelektron mübarizə üsulları genişləndirilməlidir. Bakı ilə yanaşı, iri sənaye şəhərlərimizdə radioelektron mübarizə qurğuları olmalıdır”.

 

“Bilirsiniz, elə obyektlər var ki, onlara yaxınlaşmaq belə olmaz. O ki qaldı, dronla şəklini çəkmək – bu yolverilməzdir. Bu hal fərdi şəxslərlə də bağlı ola bilər. Məsələn, biri öz həyətyanı sahəsini, evinin qarşısını heç kimin görməsini istəmir, bunun üçün hündür hasar çəkdirir. Digər biri isə dronla həmin əraziyə ovcunun içi kimi baxır”, – deyə professor əlavə edib.

 

Cavid QƏDİR

TED + bölməsindən digər xəbərlər

Daha çox