AZ

Quşçuluqda innovativ yanaşma mövzusunda seminar keçirilib

9e614aff7ddc3ea9aad23cbe44b4a85b.png
20.11.2019 16:13

Aqrar Elm və İnnovasiya Mərkəzinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda “Quşçuluqda innovativ yanaşma” mövzusunda elmi-praktik seminar keçirilib.

 

TED.az-ın Kənd Təsərrüfatı Nazirliyindən əldə etdiyi məlumata görə, seminarda müxtəlif bölgələrdə fəaliyyət göstərən kiçik və iri quşçuluq təsərrüfatlarının nümayəndələri, fermerlər, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri, elmi-tədqiqat müəssisələrinin əməkdaşları iştirak ediblər.

 

Seminarı giriş sözü ilə açan Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev son illər aqrar sahədə aparılan islahatlara toxunaraq bildirib ki, əhalinin ət və ət məhsullarına olan təlabatının ödənilməsi sahəsində intensiv metodların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, müasir dünya təcrübəsinə əsaslanaraq,  qapalı və yarımqapalı quşçuluğun, heyvandarlığın yeni bir sahəsi kimi inkişaf etdirilməsi günün tələbidir. Hazırda respublikamızda bütün təsərrüfat kateqoriyaları üzrə quşların baş sayı 30 473000-i, yumurta istehsalı isə 1676000000 -nu ötüb. Əhalinin quş əti ilə özünü təminetmə səviyyəsi xeyli yüksəlib. Bildirilib ki, quşçuluğun bundan sonra davamlı inkişafı məqsədilə elmi seleksiya işlərinin aparılması vacib istiqamətlərdəndir.

 

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli quşçuluq sahəsində texnoloji innovasiyaların, rasion üzrə düzgün yemləndirmə və marketinq strategiyalarının tətbiqi barədə danışıb.

 

Türkiyə Respublikasının Iğdır Universitetinin əməkdaşı Mete Türkoğlu çöl və ev quşları arasında identifikasiya sisteminin qurulması, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriya müdiri Sevil Abbasquliyeva quşçuluqda innovativ yanaşmanın məhsuldarlığa təsiri, Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının aparıcı elmi işçisi Şahmar Məmmədov ətlik istiqamətli toyuqlarda innovativ texnologiyaların tətbiqi haqqında təqdimatla çıxış ediblər.

 

ADAU-nun professoru Arif Tağıyev seminar iştirakçılarına quşçuluğun yeni bir istiqaməti kimi bildirçin təsərrüfatlarının iqtisadi əhəmiyyəti haqqında məlumatlar verib.

 

“Mərcan Broyler” MMC-nin baytar həkimi Rüstəm Qasımov qapalı rejimlərdə bəslənən quşlar arasında xəstəliklərə qarşı mübarizə metodları, “Müsüslü Quşçuluq” MMC-nin direktoru Qiyas Hacıyev ixtisaslı kadrların hazırlanmasının vacibliyi haqda danışıb.

 

Seminar çərçivəsində Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda yeni istifadəyə verilmiş yem və süd analizi laboratoriyalarına baxış keçirilib, müasir avadanlıqların iş mexanizmi iştirakçılara izah olunub.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox