AZ

Yanacağa qənaət etmək istəyirsiniz? Biz sizə kömək edərik

6294bc0f79b5bf365a72f372a2476122.jpg
21.11.2019 18:00

Avtomobilsiz bir həyat təsəvvür edə bilirisinizmi? Əlbəttə ki, yox. Avtomobil sizi istədiyiniz yerə tez və rahat şəkildə çatdırır. Ancaq həyatdakı bütün yaxşı şeylər kimi bunun da bir qarşılığı var. Avtomobiliniz elektrikli və ətraf mühit qoruyucusu deyilsə, sözsüz ki, yanacağa çox pul xərcləyirsiniz. Bundan başqa, avtomobilinizi nə qədər çox idarə edirsinizsə, servisə də bir o qədər tez-tez getməli olursunuz.

 

TED.az sadəcə yanacaq xərclərini deyil, servis xidmətlərinə ödədiyiniz pulların miqdarını da azaldacaq bir neçə üsulu sizə təqdim edir. Bildiyimiz kimi, yanacağın qiyməti kifayət qədər bahadır. Təəssüf ki, yanacağın qiymətinə təsir edə bilmərik. Lakin avtomobil alarkən düzgün seçim etmək öz əlimizdədir. Bəzi avtomobillər başqalarına nisbətən yanacağı daha qənaətlə istifadə edir. Amma yenə də biz avtomobil alarkən bu vacib amili unuduruq. Məsələn, idman avtomobilləri həm çox bahalıdır, həm də yanacağa qətiyyən qənaət etmir. Avtomobilinizi dəyişdirmək bu an üçün mümkün olmaya bilər, amma bəzi üsullarla bu problemlərin qarşısını, qismən də olsa, ala bilərsiniz. 

 

 

Məsələn, yollarda qaz pedalını sonadək sıxmağı sevən çox sayda sürücü görürük. Amma gəlin xatırlayaq ki, avtomobil idarə etmə təlimlərində qazı və əyləci yumşaq şəkildə sıxmalı olduğumuzu bizə dəfələrlə deyiblər. Bunun səbəbi təlimçinin sərt sürmək formasını sevməməsi, və ya avtomobilinə heyfi gəlməsi deyil. Əslində, bu nəzərə alınması vacib olan yanacaq qənaəti dərsidir.  Ən yaxşısı avtomobili saatda 80 km sürətlə sabit şəkildə idarə etməkdir. Çünki qəfildən sürəti artırdığınızda, avtomobiliniz daha çox yanacaq istifadə edir. Ona görə də sabit sürət həddi ən düzgün seçimdir.

 

Şoselərdə sürət sabitləyən sisteminizi işə salsanız, daha az yanacaq sərf etmiş olacaqsınız. Çünki yüksək sürətlə getdiyiniz zaman vasitə küləyin gücünə qarşı müqavimət göstərir və  motor daha çox enerji sərf etməli olur. Ümumiyyətlə, sürət sizə bir neçə dəqiqə qazandıra bilər, amma həm yanacaq sərfiyyatını artırar, həm də qəza törətməyinizə səbəb ola bilər. Bundan başqa, yolda daim diqqətli olsanız, qarşıdakı maneələri əvvəlcədən görəcək və tez-tez əyləci sıxmalı olmayacaqsınız. Bununla da, yanacağa qənaət edəcəksiniz.

 

Avtomobilinizin servis xidmətini gecikdirməyin. Əgər avtomobiliniz “yağ yeyirsə” və ya təkərlərin balansı düzgün deyilsə, bu da sizə yanacağa qənaət etməyə imkan verməyəcək. Bunlarla yanaşı, hava filtlərini də vaxtında dəyişdirmək məsləhət görülür.

 

Bəzi sürücülər, hətta soyuq havalarda kondisionerdən istifadə edir, onlar üçün vasitənin içində olarkən kondisioner qoşmaq mütləqdir. Əlbəttə, seçim sizindir: rahatlığı, yoxsa qənaəti seçməyiniz öz əlinizdədir. Sadəcə xatırlatmaq istəyirik ki, kondisioner qoşulan zaman yanacaq sərfiyyatı təxminən 15% artır. Yəni kodisioner işlətməsəniz, hər 100 kilometrə 2,5 litr yanacaq qənaət etmiş olarsınız. Qənaət etmək istəyirsinizsə, avtomobilinizi sərin saxlamaq üçün başqa üsullardan istifadə edin, məsələn, kölgəli yerdə park edin və sirkulyasiya üçün pəncərələri açıq saxlayın.

 

 

Marşrutunuzu düzgün təyin etsəniz, daha az yanacaq istifadə edərsiniz. Xüsusilə, soyuq aylarda avtomobillər ilk 10 kilometrdə daha çox yanacaq istifadə edir. Mühərriki hər dəfə qızdırmaq məcburiyyətində qalmamaq üçün işlərinizi elə planlaşdırın ki, yolda tez-tez dayanmalı olmayasınız.

 

Yağışlı havada gəzmək sizə romantik görünə bilər. Amma xatırladaq ki, yağışlı havada da avtomobil idarə etmək daha çox yanacaq sərf etməyinizlə nəticələnir. Çünki yollardakı suyun müqaviməti yüksək olur, vasitəniz daha çox güc sərf edərək hərəkət etməli olur. Bundan başqa, yağışlı havada qəza törətmək şansı da daha çoxdur.

 

Təkərlərinizin balansını nəzarətdə saxlayın. Bu məsləhət sizə qəribə görünə bilər. Amma  təkərlərin təzyiqi nə qədər yüksək olsa, yanacağa bir o qədər çox qənaət etmiş olarsınız. Fırlanma müqaviməti və yanacaq qənaəti üçün balanslama düzgün olmalıdır. Hətta təkərinizin təzyiqinin cəmi 0,1 ATM daha az olması, yanacaq sərfiyyatınızı 0,02-0,03% artırar. Buna görə də təkərləri, xüsusilə soyuq havalarda, mütləq nəzarətdə saxlayın.

 

Bəzi sürücülər lazımlı-lazımsız hər şeyi avtomobilində gəzdirir. Siz də bütün həyatınızı avtomobilinizin baqajına yerləşdrimək istəyən sürücülərdənsinizsə, xəbəriniz olsun ki, vasitənizin çəkisi artdıqca yanacaq sərfiyyatınız da artar.

 

Günay ƏLİYEVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox