AZ

Ümumdünya Radiorabitə Konfransı öz işini davam etdirir

9fd1903c1ef881d9d6d32c709930ec49.jpg
21.11.2019 18:18

Misirin Şarm-əl-Şeyx şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı davam edir.

 

TED.az xəbər verir ki, tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət Radiotezliklər İdarəsinin nümayəndələri təmsil edirlər.

 

Tədbir zamanı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 193 üzv dövlətinin nümayəndələri radiorabitə sahəsi üzrə yeni texnologiyalar, 2020-ci ildən geniş tətbiqi nəzərdə tutulan 5G texnologiyasına radiotezliklərin və yüksək hündürlükdə platforma stansiyaları üçün yeni tezlik diapazonlarının ayrılması, peyk tətbiqi üçün yeni və təkmilləşdirilən texnologiyaların istifadəsini dəstəkləyən tənzimləmə tədbirləri kimi bir sıra məsələləri müzakirə edirlər. Həmçinin müxtəlif sahələrdə tətbiq olunacaq innovativ radiotexnologiyalar üçün radiotezliklərin müəyyənləşdirilməsi və onların tətbiqi zamanı qarşılıqlı maneə təsirlərinin yaranmaması üçün ölkələr arasında koordinasiya şərtlərinin müəyyən edilməsi və digər aidiyyəti məsələlərə dair fikir mübadiləsi aparılır. Konfrans zamanı gələcək texnoloji transformasiya perspektivləri də müzakirə olunur.

 

Sonda işçi qrupları tərəfindən hazırlanmış sənədlər komitələrdə təsdiqlənərək plenar iclaslara təqdim olunur. Bu, gələcəkdə yeni radiorabitə sistemlərində tətbiq ediləcək radiotezliklərin qlobal harmonizasiyasına şərait yaradır. Ümumdünya Radiorabitə Konfransı həftə sonu öz işini bitirəcək.

 

Qeyd edək ki, Ümumdünya Radiorabitə Konfransı 4 ildən bir keçirilən yüksək səviyyəli tədbirdir. Zərurət yarandığı hallarda BTİ-nin radiorabitə qaydalarına, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsini tənzimləyən beynəlxalq müqaviləyə yenidən baxılması onun səlahiyyətlərinə daxildir. Azərbaycan qurumun fəaliyyətində yaxından iştirak edir. Belə ki, ilk dəfə olaraq Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsinin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə təsdiq edilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Telekommunikasiya və poçt şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev Radiotezliklərdən İstifadənin İdarə Edilməsi üzrə 1-ci Tədqiqat Qrupuna, “Azərkosmos” ASC-nin sədr müavini Dunay Bədirxanov Peyk Xidmətləri üzrə 4-cü Tədqiqat Qrupuna, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi Rahid Ələkbərli isə Yerüstü Xidmətlər üzrə 5-ci Tədqiqat Qrupuna sədr müavini vəzifələrinə seçilib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox