AZ

Yol polisində olan avadanlıqlar müasir avtomobillərin tam diaqnostikasına cavab vermir – EKSPERT

02.12.2019 10:58

“Azərbaycanın nəqliyyat sektorunda bir sıra dəyişikliyə ehtiyac var. İlk növbədə ekoloji təmiz nəqliyyat vasitələrinin paytaxtda istismarını stimullaşdırmaq lazımdır. Yeni trolleybus və tramvay xətlərinin çəkilməsinə ehtiyac var”.

 

Bunu TED.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

 

 

Eldəniz Cəfərov bildirib ki, paytaxt Bakı Sovet dövründə olduğu kimi bu gün də iri sənaye şəhəri hesab olunur: “Bakı şəhərində böyük tikinti işləri aparılır, təbii olaraq bu kimi hallara görə, atmosferə çox böyük miqdarda zərərli qazlar buraxılıb. Həmçinin standartlara cavab verən yol infrastrukturu hazırlanmalıdır. Yol nişanları və yolların işıqlandırılması mütləq şəkildə tam həyata keçirilməlidir. Bu gün ölkəmizdə yol nişanları azlıq təşkil edir. Paytaxtda elə yol nişanları var ki, beynəlxalq standartlara cavab vermir. Piyada keçidləri təhlükəli yerlərdə qoyulub. Enişli-yoxuşlu və ya qəfil döngələrdə qurulan piyada keçidləri sürücü ilə piyada arasında vizual kontaktın yaranmasına imkan vermir”.

 

Ekspert qeyd edib ki, ötən il Yol hərəkətinin təhlükəsizliyinə dair (2019-2023) Dövlət Proqramı qəbul edilib:Təəssüflə qeyd edim ki, dövlət proqramında yer alan bəndlərin hələ heç biri yerinə yetirilməyib. Məlum olduğu kimi, ildə bir dəfə avtomobillərə texniki baxış keçirilir. Bu proses Azərbaycan Baş Dövlət Yol Polis İdarəsində aparılır. Qeyd edim ki, bu gün yol polisində olan avadanlıqlar müasir avtomobillərin tam diaqnostika edilməsinə cavab vermir. Yol polisində olan hazırkı avadanlıqlar sovet maşınlarının diaqnostikası üçün nəzərdə tutulub. Ona görə də, ildə bir dəfə olan texniki baxış yalnız yol polisində deyil, eyni zamanda sertifikatlaşdırılmış avtomobil təmiri, servis xidmətlərində də həyata keçirilməlidir. Bu məsələ dövlət proqramında da qeyd olunub. Artıq bir neçə il əvvəl bu proses başlamalı idi. Təəssüf ki, bu məsələ hələ də gecikdirilir. Texniki baxış yalnız yol polisində həyata keçirilir. Halbuki Azərbaycanda hazırda demək olar ki, dünyanın bütün avtomobil markalarının rəsmi diler və distribüter servis xidmətləri fəaliyyət göstərir. Bu servis xidmətləri də rəsmi istehsalçı tərəfindən sertifikatlaşdırılıb. Buna görə də, ildə bir dəfə avtomobillər üçün keçirilən texniki baxış prosesini həm vətəndaş, həm də dövlət üçün sadələşdirmək lazımdır”.

 

Zeynəb ƏKBƏR

 

Ekspertlər bölməsindən digər xəbərlər

Daha çox