AZ

Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə pilot layihəsinin nəticələri təqdim edildi

02.12.2019 15:35

Dekabrın 2-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinin nəticələrinin təqdimat mərasimi keçirilib.

 

TED.az xəbər verir ki, tədbirdə UNİCEF-in və agentliyin nümayəndələri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məsul əməkdaşları, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının, aidiyyəti dövlət,  qeyri-dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

 

Tədbirdə SMS ismarıc paketini almış hamilə qadınların, layihə icraçılarının layihə ilə bağlı təəssüratlarından bəhs edən videofilm nümayiş olunub.

 

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin hesab edir ki, informasiya-kommunikasiya texnologiyalarının gündən-günə inkişaf etdiyi bir dünyada yeniliklərə doğru irəliləmək çox vacibdir.

 

Onun sözlərinə görə, yeni yanaşmalardan istifadə edərək zəruri xidmətlərə çıxışı artırmaq, həyat qurtaran məlumatları çatdırmaq ən öndə duran məsələlərdəndir: “Bu səbəbdən sağlamlıq haqqında vacib məlumatları hamilə qadınlara çatdırmaq üçün innovativ vasitələrdən istifadə edilməsinə çox şadıq”.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ölkəmizdə ana və uşaqların sağlamlığının qorunması sahəsində aparılan islahatlardan söz açıb. Uşaq sağlamlığının, həmçinin SMS maarifləndirmə üzrə pilot layihənin ana və hamilə qadınların bilik, vərdiş və davranışlarında müsbət dəyişikliklərə, tibb işçiləri ilə qarşılıqlı əlaqələrin möhkəmlənməsinə səbəb olduğunu bildirib.  

 

İştirakçılara o da bildirilib ki, SMS ismarıcın maarifləndirmə vasitəsi kimi təsir gücünün sınanması da layihənin hədəflərindən biridir. Bu məqsədlə ismarıc paketini almış hamilə qadınların bilik və vərdişlərində yaranmış dəyişiklikləri müəyyən etmək üçün oktyabr-noyabr aylarında 273 abunəçi arasında telefon sorğusu keçirilib. Sorğular nəticəsində məlum olub ki, 62 faiz sorğuçu ona göndərilmiş SMS-lərdən ən azı birini xatırlayır. SMS-lərdən sonra vərdiş və davranış dəyişikliyi 30,8 faiz təşkil edib. Hamilə qadınların ən çox xatırladıqları mövzular ana südü, keysəriyyə kəsiyi və müayinə həftələri ilə bağlı olub.

 

Tədbirin sonunda gələn ildən icbari tibbi sığortanın tətbiq olunacağı regionlardada sözügedən layihənin həyata keçirilməsi və bununla bağlı, aparıcı mobil operatorlar ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsi müzakirəyə çıxarılıb.

 

Qeyd edək ki, SMS maarifləndirmə üzrə pilot layihə UNİCEF və Agentlik arasında imzalanan Anlaşma memorandumu çərçivəsində həyata keçirilir. Layihənin ilkin mərhələsi cari ilin sonunda başa çatacaq. Layihə müddətində Mingəçevir şəhəri Ailə Sağlamlıq Mərkəzlərində qeydiyyatdan keçən və  SMS almağa razılıq verən 524-dən çox hamilə qadına hamiləliyin ilkin vaxtlarında zəruri müayinələrdən keçmək, müvafiq pəhriz, həftələr və trimesterlər üzrə körpənin ana bətnindəki inkişafı və doğumdan sonra ana südü ilə qidalanmanın əhəmiyyəti barədə 61 SMS-lik maarifləndirmə paketi təqdim edilib. SMS mətnlərin hazırlanmasında Respublika Perinatal Mərkəzi, UNICEF və SMS xidməti üzrə ekspertlər çalışıblar.

 

Layihə 2020-ci ilin aprel ayında başa çatacaq.

 

Layihə çərçivəsində abonentlərə göndərilən SMS-lərin xərclərini ölkənin aparıcı mobil operatorları öz üzərlərinə götürüblər.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox