AZ

Süni intellekt insanların ən böyük köməkçisinə çevriləcək – Tur.ltd şirkətinin direktoru Günər Əliyev

06.12.2019 13:03

“Bilirik ki, süni intellekti “yeni neft” adlandırırlar. Çünki süni intellekt bütün sahələrdə milyonlarla dollar qənaət etməyə imkan verən yenilikdir. Son iki-üç il ərzində tendensiya onu göstərir ki, süni intellektə əsaslanan layihələr gələcəkdə bütün sahələri əhatə edəcək”, – bu sözləri TED.az-a müsahibəsində “Tur.ltd” şirkətinin direktoru Günər Əliyev deyib.

 

Bir neçə gündür davam edən “Bakutel” sərgisində müxtəlif istiqamətli startap layihələri nümayiş etdirilir. Bu layihələr içində geniş əhatə dairəsinə malik olan “allBaku” startapı da var. 

 

 

 

Beləliklə, bu startap mümkün bütün biznes sahələrini – turizm, səhiyyə, nəqliyyat və digərlərini bir mərkəzdə birləşdirmək məqsədi daşıyır. Tətbiqi yükləyən vətəndaşın bütün xidmət sahələrindən istifadə etmək imkanı yaranacaq. Layihədə ən son proqramlaşma dili olan “R”dan (Ar) istifadə olunub. “R” proqramlaşma dili vasitəsilə süni intellekt informasiyanı həm sürətli, həm də keyfiyyətli şəkildə analiz edə bilir.  Yəni süni intellekt datanı yığır, analiz edir və ən optimal variantı istifadəçiyə təqdim edir.

 

Bəs sistem necə işləyəcək?

 

Bütün sahələr üzrə mobil tətbiqlər yaradılacaq. Turizm, təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, horeka (hotel, restoran, kafe xidmətləri) kimi sahələr onlayn ödəniş sistemləri ilə inteqrasiya olunacaq. Bu o deməkdir ki, sistem sayəsində eyni tətbiqdə həm xidməti seçə, həm də dərhal ödəniş edə biləcəksiniz.

 

Daha çox diqqəti çəkən isə layihənin “Fərdlərin davranış analizi” deyilən istiqamətidir. Bu istiqamətdə fərdin maraq dairəsini əhatə edən və ən çox ehtiyacı olan məlumatlar ön plana çəkilir. Məsələn, bir səyahətçinin daimi seçimi orta səviyyəli 80-100 dollarlıq otel nömrələridirsə, ona 30 dollarlıq nömrələr təklif edilmir. Amma bu o demək deyil ki, istifadəçi başqa otellər siyahısına baxa bilməyəcək. Sadəcə həmin şəxsin yaşayış tərzinə və daimi seçiminə uyğun olan otellər ona ilk planda təqdim olunur.

 

 

Müşahidələrimiz göstərdi ki, ikinci daha çox maraq göstərilən tətbiqiniz “City Guide”dır...  

 

Bu tətbiq sayəsində istifadəçi özünə ən yaxın ərazidə yerləşən mağazaların və ya klinikaların siyahısını əldə edir. Bu yolla o, heç yerə getmədən, vaxt itirmədən lazımi həkimin qəbuluna yazılıb ödəniş edə bilir. Yaxud da istehsalat prosesində sistem istifadəyə yararsız məhsulu dərhal aşkar edir və prosesi dayandırır. Beləliklə, istifadəçiyə həm vəsaitə qənaət, həm də yüksək keyfiyyət təklif edilir.

 

Bu layihənin tibdə tətbiqi daha maraqlıdır və istifadəçilərə rahatlıq imkanı verir. İstənilən şəxsin analiz cavabları, yaş, cinsiyyət kimi fərdi məlumatlarını sistemə daxil edildikdən sonra xəstəlik riskinin dərəcəsi müəyyənləşdirilir, müalicə metodları təqdim edilir və ya qoyulmuş diaqnozun düzgün olub-olmadığı müəyyən edilir. Bundan başqa, əgər istifadəçi artıq xəstəliyə tutulubsa, süni intellekt onun xəstəliyinin hansı mərhələdə olduğunu da təyin edə bilir.  

 

 

Maraqlıdır, robot, yəni kompüter bütün bunları nəyin əsasında müəyyən edir?

 

Belə deyə bilərik ki, biz kompüterin beynini daha da təkmilləşdiririk, yəni maşının düşünməsi üçün lazım olan bütün dataları ona təqdim edirik. Bundan sonrasını isə süni intellekt edir. Hansısa insanın qərar qəbul etməli olduğu nöqtədə süni intellekt daha tez və daha effektiv düşünərək nəticə çıxara bilir.

 

Məsələn, tikinti şirkəti işə başlamazdan əvvəl torpağı analiz etməli, mütəxəssislərlə məsləhətləşməli və çoxlu sayda bu tip prosesləri keçməli olur. Amma bizim layihə sayəsində sadəcə analizi təqdim etməklə seçilmiş yerin tikinti üçün nə dərəcədə uyğun olması konkret müəyyən edilir.

 

 

Təqdim etdiyiniz layihələr maraqlı olduğu qədər, həm də yeni və bir az da elmi sahədir. Bu işlərin reallaşdırılması üçün komandanız formalaşıbmı?

 

Sahə üzrə ixtisaslaşmış kadrların azlığı bir qədər problem yaradır. Lakin “Tur.ltd” şirkəti riyaziyyat və kibernetika bacarığı olan gənclərə xüsusi təlim keçərək onları kadr kimi yetişdirməyi planlaşdırır. Bu məqsədlə ABŞ və Almaniyada bu cür xidmətlər göstərən böyük mərkəzlərlə əlaqə yaratmışıq. Həmin mərkəzlərdən olan mütəxəssislər ölkəmizə gələrək seminarlar təşkil edəcək. Bu seminarlarda təlim keçən insanlar artıq 1 ildən sonra “R” sisteminə əsaslanan proqramlar hazırlaya biləcəklər.  Sözsüz ki, bu, onlara geniş iş imkanları da açacaq.

 

 

Çətinliklərə rəğmən biz layihəmizin uğur qazanacağına əminik. İctimai rəy sorğusuna əsasən 72% insan belə bir layihədən məmnuniyyətlə istifadə edəcəyini bildirib.

 

Günay ƏLİYEVA

 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox