AZ

Avtomobillər arasında daha çox qəzaya düşən modellər hansılardır? – AÇIQLAMA

2c5aead4eebdcc1ca7255d648519eb17.jpg
09.12.2019 12:44

“Azərbaycana gətirilən avtomobillər arasında birmənalı şəkildə konkret hansı modelin qəzaya düşdüyünü demək olmaz. Məlum olduğu kimi qəzaya düşən maşınların böyük əksəriyyəti müasir tələblərə cavab verməyən avtomobillərdir”.

 

Bunu TED.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

 

 

Eldəniz Cəfərov bildirib ki, qəza hadisələrinin statistikasına nəzər yetirəndə Rusiya istehsalı olan köhnə sovet maşınları ilə törədilən qəzaların ağır xəsarət və ölümlə nəticələndiyinin şahidi oluruq: “Müasir komfortlu avtomobillərdəsə qəzaya düşdükdə sərnişinlər və sürücülər daha az xəsarət alır. Çünki bu avtomobillər müasir təhlükəsizlik standartlarına cavab verir. Qəzalara səbəb kimi yalnız avtomobilləri deyil, yol sistemlərini də göstərə bilərik. Azərbaycanda yol sistemi mükəmməl şəkildə qurulmayıb. Yolların böyük əksəriyyəti standartlara cavab vermir. Yollar yaxşı işıqlandırılmır, maşın və piyada hərəkətlərinə dair nişanların olmadığı yollar mövcuddur, kələ-kötür yollar və kanalizasiya quyularının açıq qapaqları qəzalara səbəb olur. Eyni zamanda, bəzi sürücülərimiz yol hərəkət qaydalarını bilmir, yol nişanlarını tanımır, yol mədəniyyətindən xəbərsizdirlər. Bütün bu amillər öz-özlüyündə qəzalara səbəb olur”.

 

“Bəzi sürücülər hansısa qaydaları əzbərləyir, imtahan verir və sürücülük vəsiqəsini alır sonra isə yola çıxır və peşəkar sürücülər üçün problemlər yaşadır. Həmin sürücülər üçün hansısa maarifləndirmə işləri aparılmır, onlar yalnız cərimə edilir. Azərbaycanda bir paradoksal hal da odur ki, bəzi yol polisləri öz vəzifələrini vətəndaşları cərimələməkdə görür. Təbii ki, bu doğru hal deyil. Yol hərəkət qaydalarını pozan sürücülərlə heç olmasa maarifləndirici işlər aparılmalıdır. Qayda pozuntusunu aşkarlayan polislər yalnız cərimə ilə kifayətlənməli deyil”, – deyə ekspert qeyd edib.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox