AZ

Silah bazarına liderlik edən ölkələr – REYTİNQ

0e6b5312901fc563ac27250dd14f1cc9.jpg
11.12.2019 12:35

 

2018-ci ildə dünya miqyasında silah satışları artıb.

 

TED.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute - SIPRI) hesabatında qeyd olunub.

 

Hesabata əsasən, 2018-ci ildə Çin şirkətləri istisna olmaqla, silah sektorunun 100 ən böyük şirkəti, ümumilikdə 420 milyard dollarlıq silah satışı həyata keçirib.

 

Siyahının ilk 5 pilləsində ABŞ şirkətləri qərarlaşıb. Bunlar ardıcıl olaraq "Lockheed Martin", "Boeing", "Northrop Grumman", "Raytheon" "General Dynamics" şirkətləridir.

 

Bu ölkənin ümumi silah satışından əldə etdiyi gəlir 148 milyard dollar olub.

 

2018-ci ildə Rusiyanın 10 silah istehsal edən şirkəti, ümumilikdə satışdan 36,2 milyard dollar gəlir götürüb. Bu, 2017-ci il ilə müqayisədə 0,4% azalma deməkdir.

 

İlk 100-lüyə daxil olan Rusiya şirkətləri arasında tendensiyalar qarışıqdır: 5 şirkətin silah satışında artım, digər 5 şirkətdə isə azalma qeydə alınıb. Rusiyanın ən böyük silah istehsalçısı "Almaz-Antey" şirkətidir. Bu şirkət siyahıda 9-cu yerdə qərarlaşıb.

 

"Almaz-Antey"in silah satışı 2018-ci ildə artmağa davam edib. Bu artım yalnız güclü daxili tələbatla əlaqəli deyil. Artımın əsas səbəblərindən biri "S-400" hava hücumundan müdafiə sisteminə dünyada artan maraqla bağlıdır", - deyə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun "Silahlar və Hərbi Xərclər" proqramı üzrə tədqiqatçısı Alexandra Kuimova bildirib.

 

Siyahıda Avropa ölkələrinin sayı artaraq 27-yə çatıb. 2018-ci ildə Fransa şirkətlərinin silah satışları artıb. Böyük BritaniyaAlmaniya şirkətlərində isə geriləmə qeydə alınıb.

 

Top 100-ə daxil olan Avropa şirkətləri silah satışından, ümumilikdə, cüzi artımla, 102 milyard dollar gəlir əldə edib.

 

Britaniyada yerləşən şirkətlərin silah satışları 4,8% azalıb, əldə olunan gəlirlər 35,1 milyard dollara düşüb. Lakin bu, Avropada ən yüksək göstərici olaraq qalır. Siyahıda 6-cı sırada qərarlaşan Böyük Britaniyanın "BAE Systems" şirkəti ABŞ şirkətlərindən sonra dünyanın ən böyük silah istehsalçısıdır. Halbuki bu şirkətin silah satışları 2018-ci ildə 5,2% azalaraq 21,2 milyard dollara düşüb.

 

 

''Böyük Britaniyanın 8 şirkəti Top 100-ə daxil olub. Birləşmiş Krallığı təmsil edən 6 şirkətin silah satışında azalma qeydə alınıb. Bu, qismən də olsa Britaniyanın silah modernləşdirmə proqramında gecikmələrlə bağlıdır", - deyə institutun "Silahlar və Hərbi Xərclər" proqramı üzrə tədqiqatçısı Nan Tian qeyd edib.

 

İlk 100-lüyə daxil olan Fransa şirkətlərinin satışdan əldə etdiyi ümumi gəlir 23,2 milyard dollara bərabərdir. Bu göstərici ilə Fransa Avropada ikinci yerdədir.

 

"Top 100-də yer alan altı Fransa şirkəti silah satışında ümumi artıma nail olub. Bu, əsasən döyüş təyyarəsi istehsal edən "Dassault" şirkətinin satışlarının 30 faiz artması nəticəsində baş verib", - deyə institutun "Silahlar və Hərbi Xərclər" proqramı üzrə tədqiqatçısı Dieqo Lopes da Silva məlumat verib.

 

 

 

Siyahıda Almaniyanın 4 silah istehsal edən şirkəti var. Bu ölkənin ümumi silah satışı üzrə gəliri 3,8% azalıb.

 

"Almaniyada yerləşən ən böyük silah şirkəti olan "Rheinmetall"ın hərbi nəqliyyat vasitələrinin satışı artsa da, gəmi inşaatçısı "ThyssenKrupp"un satışları azalıb", - deyə institutun "Silahlar və Hərbi Xərclər" proqramı üzrə baş tədqiqatçısı Piter D. Vhezeman bildirib.

 

Ümumilikdə 2018-ci ildə 100 ən böyük silah istehsalçılarının 80%-ni ABŞ, Avropa və Rusiya şirkətləri təşkil edir. Bundan başqa, Yaponiyanın 6, İsrail, Hindistan və Cənubi Koreyanın 3, Türkiyənin 2, Avstraliya, Kanada və Sinqapurun 1 şirkəti siyahıda yer alıb.

 

 

 

Türkiyənin ASELSAN və "Türk Aerokosmik Sənayesi" şirkəti bu il də siyahıdə öz yerini qoruyub. İki türk şirkətinin satışdan əldə etdiyi gəlir, ümumilikdə 22% artaraq 2,8 milyard dollara çatıb.

 

Siyahıda Çin şirkətlərinin satış həcmlərinə dair məlumat əks olunmayıb.

 

Qeyd edək ki, 1966-cı ildə yaranan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu silahlanma, silah nəzarəti və tərksilah kimi sahələrdə araşdırmalar aparır və hesabatlar hazırlayır.

 

Ceyhun ABASOV

 

TED + bölməsindən digər xəbərlər

Daha çox