AZ

Azərbaycanda dronlarla bağlı qırmızı, sarı və yaşıl zonalar müəyyən edilsin – TƏKLİF

308c2b75aea2d2e2c6b8f2f967316f91.jpg
14.01.2020 09:40

Müasir dövrdə ən çox istifadə olunan əşyalar texnika sahəsinə aiddir. Sürətlə yayılan smart cihazlar Azərbaycanda da populyarlıq qazanır. Belə cihazlardan biri də dronlardır. Müasir toylarda, videokliplərdə, özəl günlərdə istifadə olunan dronlar çəklişə ayrı bir rəng qatır. Bəs dronlar Azərbaycan qanunvericiliyində dəstəklənirmi?

 

Vəkillər kollegiyasının üzvü Anar Ramazanov bu məsələ ilə bağlı TED.az-a açıqlama verib. Hüquqşünas bildirib ki, dronlar pilotsuz uçan aparat olaraq istifadəsi məhdudlaşdırılmış əmlakdır: “Bizim mülki qanunvericilikdə tamam qadağan olunan və istifadəsi məhdudlaşdırılmış əşyalar var, onların içində də dronlar mövcuddur. Onların siyahısı Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub. Mülki Məcəlləyə 2016-cı ilin 17 mayında olunan dəyişikliyə görə, pilotsuz uçan aparatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən əşya sayılır”.

 

Dronun fərdi məlumatların toplanması məqsədilə istifadə edilə biləcəyinə görə onu ölkəyə gətirərkən və ya ölkə daxilində satın alarkən mütləq şəkildə aşağıdakı dövlət qurumlarından icazə almaq lazımdır:

 

  • Dövlət Mülki Aviasiya Administrasiyası
  • Müdafiə Nazirliyi
  • Xüsusi Dövlət Mühafizə Xidməti
  • Dövlət Təhlükəsizliyi Xidməti

 

Dron istehsalı ilə məşğul olan gənc startapçı Ayxan Qurbanov da pilotsuz uçan vasitələrə qarşı qoyulan məhdudiyyətlər barədə fikrini TED.az ilə bölüşüb. Gənc mühəndis bildirib ki, dronun məhdudiyyəti üzərinə quraşdırılan kamera ilə əlaqədardı: “Kamerasız hərəkət edən dron tamamən təhlükəsiz sayılır. Bir çox ölkələrdə dron istifadəsinə qadağa qoyulmayıb. Məsələn, İngiltərədə pilotsuz uçan vasitələrdən rahat istifadə üçün xüsusi zonalar yaradılıb: qırmızı, sarı və yaşıl. Qırmızı zona istənilən ərazinin mərkəz olduğunu bildirərək dronlardan istifadəni tamamən qadağan edir. Sarı zona mərkəzdən biraz kənar ərazi sayılır və dronların bəzi məhdudiyyətlərlə istifadəsinə icazə verir. Şəhərin kənarı isə yaşıl zona sayılır, orada dronlardan rahat şəkildə istifadə etmək olar. Azərbaycan da digər ölkələrin təcrübəsindən faydalansaydı, məhdudiyyətli əşyalarla bağlı qanun layihəsini biraz “yumuşalda” bilərdi”.

 

Robototexnika mütəxəssisi İlkin Nəsirli isə bu məsələyə başqa tərəfdən yanaşaraq öz təklifini irəli sürüb: “Bu məsələdə ən mühüm problem pitotsuz uçan aparatların istifadəsinə icazə verən dövlət müəssisələrinin bir-biri ilə əlaqəsinin olmamasıdır. Xaricdə sistem elə qurulub ki, artıq bir qurumda qeydiyyatdan keçdikdən sonra digər qurumlarda da adınız qeyd olunur. Yaxşı olardı ki, bir müəssisənin daxilində sırf bu məsələ ilə bağlı kiçik departament yaradılsın. Beləliklə, indiki dövrdə bu qədər populyar cihazın istifadəsinə icazə alma prosesi bir qədər rahat olardı”.

 

Bundan əlavə mühəndis təklif edib ki, vətəndaşlara qeydiyyat proseslərində yardım göstərən “ASAN” xidmətin daxilində dronlarla əlaqəli xüsusi bölmə yaradıla bilər.

 

Fatimə ZÜLFİQAR

 

TED + bölməsindən digər xəbərlər

Daha çox