AZ

İdeya mərhələsindən o tərəfə keçməyən, prototipləşdirməyə çatmayan layihələr - Səbəb nədir?

 

675a02bc319ee5a172fb1d987376e8b1.jpg
29.06.2020 15:40

"Ölkəmizdə ciddi maliyyə mənbəyi olmayan vətəndaşlar bu layihələrlə işləyə və ideya mərhələsindən o tərəfə keçə bilmirlər".

 

Bu sözləri TED.az-a açıqlamasında Azərbaycan İnnovasiyalar Agentliyinin Startaplara dəstək və akselerasiya şöbəsinin müdiri Murad Rəhimov deyib. 

 

O, ölkəmizdə əşyaların interneti (İoT) ilə əlaqədar startapların sayının azlığından danışarkən bildirib ki, bunun 2 əsas səbəbi var: Universitetlər və tədarük zənciri: "Mühəndislik üzrə elektronika ixtisası yalnız texniki təmayüllü universitetlərdə tədris edilir. Amma bu ali təhsil ocaqlarının əksəriyyətində texniki və praktiki, müasir laboratoriyalar yoxdur. Tələbələr internet ilə əlaqələndirilən qurğularla işləyə bilmir, praktiki tədris ala bilmirlər. Onların bilikləri yalnız nəzəri olmaqla yanaşı, bu sahədə iş imkanları da yüksək deyil. Bu tip səbəblər əsasən, ölkədə mütəxəssis çatışmazlığı, iş təcrübəsinin aşağı olması və tamamlanmış təhsilin olmamasıdır. Universitetlərdə az hallarda da olsa, start verilən bu tip layihələr maliyyə çatışmazlığına görə, sona qədər irəliləyə bilmir. Buradakı əsas məqam isə tədarük zəncirinin bahalı olması, fiziki əşyaların sıradan çıxma tezliyi, prototipləşdirmə zamanı daha çox detala və qurğuya ehtiyac duyulması, onların da ölkəmizdə istehsal olunmamasıdır. Beləcə, universitetlər kiçik tədqiqatlarını da nəzəri olaraq sonlandırmaq məcburiyyətində qalırlar. Bununla yanaşı, simulyasiya alətləri və ya rəqəmsal platformalara çıxış olmadığı üçün bu layihələrin faydalı iş əmsalı sınaqdan keçdikcə aşağı düşür, nəticə göstərə bilmirlər. Ölkəmizdə sənaye dizaynı adlı əşyaların üçölçülü dizaynını hazırlayan bir ixtisas sahəsi demək olar, tədris edilmir. Buna görə, qurğuların yaradılması və ya dizayn edilməsi prosesi yarımçıq qalır, iş istənilən nəticəni vermir".

 

 

Murad Rəhimov, həmçinin bildirib ki, bu tip fiziki əşyların olduğu layihələlərdə əsas maliyyə və texniki resurs çox önəmlidir: "Onların az olması əksər hallarda belə layihələr sadəcə idea mərhələsində qalması ilə nəticələnir. Tədarük zənciri daha çox Çin və Asiya ölkələrindən təmin edilir. Bu zaman karqo, gömrük, vergi, ƏDV, valyuta məzənnəsi kimi faktorlar ölkəmizə istənilən məhsulun daha baha qiymətə gəlməsinə səbəb olur. Bu halda yerli istehsalçı və layihələr məhsullarını sadəcə prototipləşdirmə mərhələsinə belə gətirə bilmirlər. Hər layihə prototipləşdirmə prosesindən mütləq keçməlidir. Çünki əsas məhsula qədər optimallaşdırma və faydalı iş əmsalının daha da yüksəlməsi mültəqdir. Əks halda isə həmin layihələr lazımi nəticəni ala bilməzlər. Bütün bu məsələləri nəzərə alsaq, aydın olar ki, ölkəmizdə ciddi maliyyə mənbəyi olmayan vətəndaşlar bu layihələrlə işləyə və ideya mərhələsindən o tərəfə keçə bilmirlər".

 

 

Lamiyə SÜLEYMANLI

Startaplar bölməsindən digər xəbərlər

Daha çox