AZ

Pandemiya dünya və Azərbaycan startap ekosistemində hansı problemləri aktuallaşdırdı? MÜTƏXƏSSİS 

 

06d692262f2fff86119ccb1954ff39e4.png
13.07.2020 15:23

2008-2009-cu illər böhranı zamanı qlobal texnologiya şirkətləri demək olar ki, minimum zərərlə ötüşüb, uğurlu sövdələşmələr əldə etdilər. Buna nümunə olaraq, Microsoft şirkətinin 29 müqaviləsini və Amazon şirkətinin 1,5 milyard dollarlıq əməliyyatını göstərmək olar. Böhran dönəmində bu göstəricilər böyük uğur hesab olunmuşdu. Sözügedən böhranla əlaqəli əsas itkiləri oflayn rejimdə işləyən əyləncə sahələri, yəni restoran, kinoteatr, səyahət, idman mərkəzləri yaşadı. Bu kimi təşkilatlardakı gəlirlər 90% azaldı. 2009-cu il həmin sahələr üçün bir örnək ili oldu. Xarici ölkələrdə həyat tədricən öz adi tempinə qayıdandan sonra, biznes sferası onlayn xidmətləri özündə əks etdirən yeni layihələrə, startaplara maraq göstərdilər. Bu baxımdan da 2019-cu ilin son ayında yaranan və bu günədək bütün dünya ölkələrinə təsirsiz ötüşməyən koronavirus pandemiyası özündə innovativ texnologiyanı daşıyan, məsafədən xidmət təklif edən yeni startap layihələrinin əksəriyyətinə böyük qazanc əldə etməyə təkan verdi. Lakin bununla yanaşı, startap ekosistemində müəyyən boşluqlar da üzə çıxdı.

 

Maraqlıdır, pandemiya dünya və Azərbaycan startap ekosistemində hansı problemləri aktuallaşdırdı?

 

"Təkcə bu il startap ekosistemində təxminən 28 milyard dollar investisiya qıtlığı yarana bilər".

 

Mövzu ilə bağlı TED.az-a danışan Bakı Mühəndislik Universitetinin İnnovasiyalar mərkəzinin müdiri Elçin Yusubov bildirib ki, pandemiya başladığı gündən istər dünya ölkələrinin sosial iqtisadi durumuna, istərsə də Azərbaycan iqtisadiyyatının özünə və startap ekosisteminə təsirlərini göstərməkdədir: "COVID-19 pandemiyasının ilk olaraq Çində yarandığını nəzərə alsaq, bu sahə üzrə ən böyük təsir də özünü məhz bu ölkədə göstərib. Ötən ilin dekabr ayından cari ilin fevral ayına qədər Çində vençur investisiya kəskin şəkildə geriləyərək dünyanın digər ölkələri ilə müqayisədə 50%-dən çox azalmaya məruz qalıb. Dünyada azalma tendensiyası davam etsə, təkcə bu il startap ekosistemində təxminən 28 milyard dollar investisiya qıtlığı yarana bilər. Hazırda Airbnb şirkəti kimi yüksək profilli startaplar belə bu təsirdən kənarda qala bilməyib".

 

 

"Pandemiya Azəbaycanın startap ekosistemində vençurluqla bağlı problemlərin çevik şəkildə həllini aktuallaşdırır".

 

Elçin Yusubov qeyd edib ki, pandemiya yerli ekosistemin, əsasən də startapla bağlı qanunvericilik və vergi güzəştləri paketinin tətbiqi məsələsi və bundan başqa vençurluqla bağlı problemlərin çevik şəkildə həllini aktuallaşdırır: "Ölkəmizdə əsasən rəqəmsal transformasiyanın keçidi, istər dövlət, istərsə də özəl sektorun keçməsini tələb etdi və edir. Bundan başqa, pandemiya düşüncə, iş yanaşmasını və həyat tərzini dəyişməyi sövq etdi. Bilirsiniz, hər işdə bir xeyir var. Ona görə də ancaq şirkətləri aktiv və çevik olanlar, ayaqda qalmağı bacaranlar üçün böyük imkanların olacağı şübhəsizdir. Azərbaycanda startap və innovasiya ekosisteminin inkişafı istiqamətində görülən işlər və pandemiya sonrası dövrə baxdıqda yeniliklərin olacağını proqnozlaşdırmaq mümkündür".

 

Zeynəb ƏKBƏR

Startaplar bölməsindən digər xəbərlər

Daha çox