AZ

DİM Zoom vasitəsilə apelyasiya keçirir

 

e1e0d36094dc28e67a43fbd8324b64b1.jpg
14.07.2020 09:26

Bu gündən etibarən iyunun 10-11-də keçirilən 11-ci sinif buraxılış imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi  tərəfindən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apelyasiya prosesi təşkil edilib.

 

DİM-dən TED.az-a verilən məlumata görə, hazırda 6-8 iyul tarixlərində DİM-in saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçən şəxslərin Apelyasiya prosesi keçirilir. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. 

 

Qeyd edək ki, Apelyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırılıb ki, bu tip müraciətlərə baxılmayacaq.

 

Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Elm bölməsindən digər xəbərlər

Daha çox