AZ

Ikinci əl avtomobil bazarında artan qiymətlər - Dövlət nəzarəti bu sahəyə necə təsir göstərə bilər?

 

117779106_297608701347001_5554035341191695599_n
12.08.2020 13:07

Avtomobil alan hər bir şəxs hər nə qədər sıfır kilometrli, yeni minik vasitəsi arzulasa da hazırda ikinci əl avtomobillərin bazar payı böyükdür.

 

Son günlərdə bir çox ölkələrdə ikinci əl avtomobillərin satış qiymətində artım müşahidə olunur. Bəs bu qiymət artımı Azərbaycanda özünü necə göstərir? Artıma səbəb nədir?

 

Mövzu ilə bağlı TED.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə pandemiya dövrünə görə istər sıfır kilometrli, istərsə də ikinci əl avtomobillərin satışında xeyli azalma var: "Ancaq ikinci əl avtomobillərə tələbat daha çox olur deyə və Azərbaycanda da avtomobil bazarını adətən "alverçilər" tənzimləyir deyə, nataraz vəziyyət yaranır. Onlar diktə etdiyinə görə istədikləri vaxt qiyməti endirib, qaldıra bilirlər. Ona görə, bir müddət əvvəl qiymətlərdə azalma olmuşdusa, bir neçə gün sonra artım baş verdi.

 

Artıq Türkiyədə ikinci əl avtomobil bazarı dövlət nəzarətinə keçirilir. Bu mexanizm isə qiymətə birbaşa təsir göstərir. Heç kim qiymətlərlə "oynaya" bilmir. Ona görə, Azərbaycanda da gec-tez belə bir mexanizm həyata keçirilməlidir".

 

Onun sözlərinə görə, Azərbaycanda hazırda qiymət artımı ağır formada deyil: "Cüzi artım müşahidə olunur. Onsuz da tələbat yoxdu. Tələbat olmayandan sonra qiymət stabil qalmır. Eyni zamanda nəzarət mexanizmi yaratmaqla yanaşı, gömrük rüsumlarına, əlavə dəyər vergisinə yenidən baxmaq şərtilə qiyməti kifayət qədər aşağı salmaq mümkündür.

 

Müəyyən şərtlər və güzəştlər tətbiq olunarsa, ikinci əl avtomobil bazarında 20-30% qiymət azalması müşahidə edilə bilər".

 

Elməddin Muradlı ikinci əl avtomobil almaq istəyən şəxslərə diqqətli olmağı məsləhət gördü: "Avtomobil alarkən tələsmək lazım deyil. Tələskənlik avtomobil alıcısını uduzdurur. Dəlallar vasitəsi ilə deyil, real avtomobil satıcısından, avtomobilin həqiqi sahibindən avtomobili almaq məsləhətdir. Çünki dəlallar bir biznes şəbəkəsi qurub. Siz avtomobilə yaxınlaşdığınız zaman bir neçə şəxs alıcı qismində yaxınlaşa və sizə psixoloji təsir edə bilərlər.

 

Bir də avtomobil alınarkən mütləq etibarlı yerlərdə, güvəndikləri ustalara yoxlatdırılmalıdır".

 

Günel QURBANOVA

TED + bölməsindən digər xəbərlər

Daha çox