AZ

Pandemiya dövründə ölkəmizdə istifadəyə verilən portallar - Çoxlarının xəbərsiz olduğu funksiyalar

 

4e7cd75362d338150537f6bc0b1a5c2a.jpg
13.08.2020 10:32

Karantin boyunca Azərbaycanda koronavirus infeksiyasının qarşısını almaq məqsədilə müxtəlif portallar fəaliyyətə başlayıb. Bu, insanların onlayn xidmətlərə inteqrasiyası baxımından da mühüm rol oynayıb.

 

TED.az karantin rejimi müddətində ölkəmizdə yaradılan portallar, onların təyinat və funksiyalarını təqdim edir:

 

Karantin dedikdə ilk ağla gələn icaze.e-gov.az portalıdır. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax, İsmayıllı və digər sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlarda hərəkət məhz bu portaldan alınan icazələrlə tənzimlənib. Fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala daxil olaraq əməkdaşlarının icazələrini "Aktivləşdir" düyməsi vasitəsi ilə aktivləşdiriblər. Amma portalda əməkdaşları qeydiyyatdan keçirmədən öncə Nazirlər Kabinetinin aidiyyəti qərarlarının təşkilata şamil edilib edilmədiyini dəqiqləşdirmək mütləqdir. Çünki "icaze.e-gov.az” vasitəsilə icazənin alınması üçün sui-istifadə halları daim araşdırılıb, belə hallara yol verənlər barəsində ciddi tədbirlər görülüb.

 

Bundan əlavə, xarici ölkələrdən vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qeydiyyatdan keçməsi üçün  "Evə gedirəm" portalı da fəaliyyətə başlayıb. www.evegedirem.info portalından ilkin mərhələdə yalnız Azərbaycanın Rusiyada yaşayan vətəndaşları qeydiyyatdan keçə biliblər. İlk gün ərzində portala 481 Azərbaycan vətəndaşı müraciət edib. Onlardan 327-si quru yolla, 154 nəfər isə təyyarə ilə Azərbaycana qayıtmaqla bağlı olub.

 

Ölkəmizdə çimərliklərdəki vəziyyəti əks etdirən xüsusi portal - cimerlik.az da istifadəyə verilib. Avqustun 5-dən işə düşən portal çimərliyə getmək üçün icazə almaq vasitəsi deyil. Sadəcə çimərlikdəki mövcud durum portalda əks olunub. Vətəndaş getmək istədiyi çimərliyi axtarışa verərək yaşıl, sarı və qırmızı rənglər vasitəsilə onun doluluq səviyyəsini bilir. Bakı və Sumqayıt üzrə təxminən 100-dək çimərlik müəyyən olunub. Hər çimərliyin konkret sərhədi müəyyən olunub və tələb olunan çimərlik doludursa, bu barədə vətəndaşa məlumat verilir.

 

Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin xətti ilə də aztəminatlı ailələrə yardım üçün resurs istifadəyə verilib. bizbirlikdegucluyuk.az saytında yardıma ehtiyacı olanlar online qeydiyyata yazılıblar. Portal aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri, onlara sosial yardım göstərmək istəyən şəxsləri bir virtual məkanda birləşdirmək, eyni zamanda bu işdə vətəndaş həmrəyliyini genişləndirmək məqsədi ilə yaradılıb. Yardım almaq istəyən və ya onu təmsil edən Əlaqələndirici şəxs “Daxil ol” menyusu vasitəsilə qeydiyyatdan keçir. Qeydiyyat FİN və mobil telefon nömrəsi vasitəsilə olur. Qeydiyyatı Əlaqələndirici şəxs həyata keçirirsə, onun da mobil telefon və FİN nömrəsi daxil edilir. Saytda yardım etmək istəyənlər üçün də imkan yaradılıb.

 

Azərbaycanda koronavirusun qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən məlumat portalı (www.koronavirusinfo.az) istifadəyə verilib. Portalda koronavirus (COVID-19) haqqında təsdiqlənmiş ümumi məlumatlar, dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər və xəbərlər öz əksini tapıb. Əhalinin sağlamlığının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyənləşdirilən qaydalar, təlimat və tövsiyələr vətəndaşların diqqətinə çatdırılıb.

 

Bu müddətdə Təhsil Nazirliyi də "Virtual məktəb" layihəsinə start verilib və virtual.edu.az portalı fəaliyyətə başlayıb. Layihənin məqsədi teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. Layihə Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunub və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirib. Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunub. “Virtual məktəb” portalında müəllimlərin onlayn dərs keçmələri üçün də imkan yaradılıb. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biliblər. "Virtual məktəb” portalının mobil tətbiqi də mövcuddur. Bunun üçün şagirdlər “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələri ilə portalda qeydiyyatdan keçə bilirlər.

Lamiyə SÜLEYMANLI

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox