COVID-19 pandemiyası dövründə startap hərəkatı mövzusunda onlayn konfrans
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Britaniya Şurası (British Council) ilə birlikdə COVID-19 pandemiyası dövründə startap hərəkatı: Çağırışlar və İmkanlar mövzusunda konfrans keçirib.
TED.az xəbər verir ki, konfransda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı və Britaniya Şurasının ölkə üzrə direktoru Summer Xia açılış nitqi ilə çıxışlar ediblər.
Daha sonra New Castle Universitetinin professoru Matthew Gorton COVID-19 pandemiyasının startap biznes modelinə təsiri, Unimetal and ProMetal Group şirkətinin icraçı direktoru Rufət Əzizov COVID-19 böhran idarəçiliyində biznesin davamlılığının mərhələləri, Founder Institute-un yerli direktoru Cəfər Nəcəfov COVID-19 pandemiyası dövründə uğurlu startapa necə başlamalı, Creative Spark Proqramı və EnterpriseAzerbaijan Portalının koordinatoru Oruc Dursunzadə isə COVID-19 pandemiyası dövründə enterpriseazerbaijan.com portalının startapların inkişafında rolu mövzularında təqdimatlar ediblər.
Pandemiya digər sahələrlə yanaşı, startapları da yeni reallıqlarla qarşı-qarşıya qoyub.
Tədbirin əsas məqsədi ölkədə fəaliyyət göstərən startapların pandemiya dövründə üzləşdikləri çağırışlara adekvat strategiyaların hazırlanmasına və pandemiyanın mümkün təsirlərinin azaldılmasına töhfə verməkdir. Bu isə öz növbəsində startapların postpandemiya dövründə davamlı və dayanıqlı inkişafa nail olmaq deməkdir.