AZ

Əşyalar yalnız BU HALDA internetin kəsilməsinə səbəb ola bilər - Ekspert

 

971214ceb3680ee31ff7b472372d2d15.jpg
23.09.2020 15:50

Birləşmiş Krallığın Galler Muxtar bölgəsində hər səhər saat 07:00-da internetin kəsilməsi sakinlərdə təəccüb yaradıb. Məlum olub ki, hadisə köhnə televizor yüksək səviyyəli impuls tezliyi (SHINE) yaydığı üçün baş verir. 

 

Maraqlıdır, daha hansı əşyalar internetin fəaliyyətinə problem yarada bilər?

 

Mövzu ilə bağlı TED.az-a danışan İKT eksperti Kamil Məmmədov bildirib ki, bu, internetin həmin məkana hansı şəkildə gəlməsi və necə paylanmasından asılıdır: "Hazırda heç bir texnologiya Wi-fi ilə paylanan interneti nə qarışdıra, nə də poza bilər. Adi köhnə televizorun internet dalğasını korlaması isə inandırıcı görünmür. Televizordakı impuls interneti kəsə biləcək qədər yüksək deyil. Köhnə televizorlarda əsas təhlükəli məqam yüksək voltajın olmasıdır. Çünki ekranın işıqlanması üçün elektron buludlar yaranmalıdır. Onları “havaya qaldırmaq” üçün isə güclü voltaj lazımdır. Xətdə sızma ola və televizor yandıqda internet xəttinə elektrik gedə bilər. Sırf televizorun yaydığı dalğalarla internetin kəsilməsi mümkünsüzdür”. 

 

Mikrodalğalı sobaların internetin işinə xələl gətirməsinə gəlincə, ekspert bildirib ki, bu radiodalğalarla işləyən sistemdən ibarətdir: “Radiodalğalar da sırf istilik yaradır. Onun internet sürətini dəyişəcəyini düşünmək doğru olmazdı. Çünki fərqli texnologiyalardır. Haradasa çatışmazlıq, kəsilmə ola bilər, amma Wi-Fi tezliyinə təsir edəcək qədər güclü deyil".

 

"Internet tezliyinə həmin diapazon, dalğa uzunluğundan istifadə edən avadanlıqların dalğası təsir edə bilər. Məsələn, jammer adlanan xüsusi avadanlıqlar var, dalğa ötürən yarımstansiyanın yaxınlığında olsanız belə, dalğanı qarışdırıb mobil telefona gəlməsinin qarşısını ala bilərlər. Ümumilikdə hər avadanlığın digərlərinə müəyyən qədər təsiri var. İnternet kabelləri quraşdırarkən yüksək gərginlikli elektrik xətlərinin yaxınlığından çəkməməyə çalışırıq. Çünki maqnetik sahə yaranır. Bu isə ötürülən paket və dataları müəyyən mənada yavaşlada bilir. Amma məsələyə bu şəkildə don geyindirmək mənasızdır. Sadəcə elektrik qaçağı olar və açıq yerdən internet xəttinə təmas edə bilər. Burada qeyri-adi nəsə yoxdur ", - deyə İKT eksperti Kamil Məmmədov söyləyib. 

 

Günel QURBANOVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox