AZ

Elektron Su Portalı süründürməçiliyə son qoya biləcəkmi? – “Məktubunuza kimin baxdığını sistem üzərindən görəcəksiniz”

a51f7fe49dcf34334c80f8989f856ecd.jpg
25.09.2020 14:38

“Abonentlər və vətəndaşlar artıq şəxsi kabinetdə “Azərsu” ASC ilə bağlı məlumatları əldə edəcək, su ilə bağlı istənilən müraciəti edə biləcək, göndərilən məktubları izləyəcək və elektron xidmətlərdən yararlanacaqlar”.

 

Bu sözləri “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı qurum tərəfindən yeni istifadəyə verilən Elektron Su Portalının (e-su.az) şəffaflıq və əlçatanlıq baxımından əhəmiyyəti barədə TED.az-a danışarkən bildirib.  

 

 

Onun sözlərinə görə, yeni portal vasitəsilə, hətta Azərsu-ya işə qəbulla bağlı ərizə verdiyiniz zaman məktubun hara getdiyini, kimin izlədiyini görə bilərsiniz: “Həmçinin nəzarətçilərin qapıya gətirdiyi bildirişi hər ay bu saytdan izləyə biləcəksiniz. O cümlədən, elektron arayışların alınması bu portal üzərindən olacaq. Artıq Asan kommunala, su idarəsinə getməyə, ərizə yazmağa ehtiyac yoxdur. Hamısı bu sayt üzərindən elektron qaydada aparılacaq. Xidmətlər çox rahat və əlçatan olacaq”.

 

 

Şəffaflığa gəlincə isə Anar Cəbrayıllı bildirib ki, insanlar özləri nəzarət edə biləcək, şikayət və müraciətlərini birbaşa edə biləcəklər: “Tutaq ki, sayğac göstəricisi düz deyil və müraciətə cavab verilməyibsə, yubadılır, müfəttişlər incidirsə artıq elektron portal üzərindən problemlərlə bağlı bütün müraciətlər edilə bilinəcək. Beləcə, burda hər şey nəzarətdə olacaq”.

 

“Hələlik bütün elektron xidmətlərimiz saytda yoxdur. Bu ilin sonuna qədər 19 elektron xidməti sayta yerləşdirəcəyik. Gələcəkdə elektron xidmətin inkşafı və təşviqi ilə bağlı nə yeniliklər olsa, yeni pəncərələrdə xidmətlər təklif edəcəyik. Gələn il isə portalın mobil tətbiqi istifadəyə veriləcək”, – deyə “Azərsu” ASC-nin mətbuat katibi söyləyib.

 

Günel QURBANOVA

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox