AZ

Şəhidin telefon şifrələri yaxınları tərəfindən açıla bilər? – HÜQUQŞÜNAS

4d6a864151170c88aed10bdbc9758ea6.jpg
21.10.2020 16:15

“Vəfat edən və ya şəhid olan hərbçinin telefonu qadağan edilmiş əşyalara aid olduğu üçün onu hərbi hissə, yaxud hüquq mühafizə orqanları müsadirə edə bilirlər”.

 

Bu sözləri TED.az-a açıqlamasında hüquqşünas Roman Qaraşov deyib.

 

 

O, vəfat etmiş şəxsin smartfon şifrələrinin başqaları tərəfindən açılması ilə bağlı danışarkən bildirib ki, telefon şəxsi əşya olduğu üçün vəfat edən insanın əmlakıdır: “Telefondakı məlumatlar hansısa cinayət işi, təhlükə doğuran dövlət sirri ilə bağlıdırsa, hüquq mühafizə orqanı əməkdaşları aktlaşdıraraq ondan istifadə edə bilirlər. Belə hal olmadığı təqdirdə digər şəxslərin müdaxiləsinə lüzum da yoxdur. Amma tərəflər arasında mübahisə yoxdursa, telefonu aça bilərlər. Adətən bu məsələ varisləri mərhumun şəkillərini əldə etmək istədikdə ortaya çıxır. Ümumiyyətlə, ortada cinayət işi yoxdur və şəxs vəfat edibsə, qanunvericilik cəza, yaxud məhdudiyyət nəzərdə tutmur. Əksər hallarda şəxsin əmlakı ailə üzvlərinə təhvil verilir”.

 

 

R.Qaraşovun sözlərinə görə, bu məsələ şəhid zabit və digər hərbi qulluqçular üçün bir qədər fərqli şəkildə tənzimlənir: “Hərbçinin smartfondan istifadə hüququ yoxdur. Cihaz qadağan edilmiş əşyalara aid olduğu üçün hərbi hissə və ya hüquq mühafizə orqanları tərəfindən müsadirə edilə bilir. Çünki içərisində hərbi sirrin yayılmasına rəvac verən məlumatlar ola bilər. İlkin profilaktik tədbir kimi onu hərbi hissə müsadirə edərək aktlaşdırır. Səbəb isə bu olur: “Qadağan olunmuş əşya aşkarlanıb və hesab edirik ki, mərhumun ailəsinə verilməsi mümkün deyil”. Smartfondakı informasiyalar silinəndən sonra, yaxud yalnız fotoları çıxarılaraq da vəfat etmiş hərbçinin ailəsinə verilə bilər. Yəni proses nəzarət, məhdudlaşdırılma altında olur”.

 

Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox