AZ

Yeni Tvitter hesabı açan bloklanmamaq üçün nə etməlidir? – DİQQƏT

bbdfe8939ea9da99a01989da2846d0ff.jpg
21.10.2020 17:30

Prezident İlham Əliyevin Qarabağ döyüşlərinin qələbə xəbərlərini Tvitter hesabında verməsi bu sosial şəbəkədə azərbaycanlı istifadəçilərin sayını artırıb. İstifadəçilər bu yolla erməni terrorunun dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün trendə düşməyə çalışır, müxtəlif həştəqlərdən istifadə edirlər. Amma çox insan Tvitterin həştəq aksiyasına qoşulmaq üçün yeni hesab açanları blokladığını söyləyir.

 

Həmçinin oxu: Tvitterdə dünya trendinə düşmək üçün nə etməli? – Ekspert

 

Maraqlıdır, yeni Tvitter hesabı açanlar bloklanmamaq üçün nələrə əməl etməlidirlər?

 

Mövzu ilə bağlı TED.az-a danışan sosial media mütəxəssisi Orxan Rzayev bildirib ki, hər sosial şəbəkənin öz qaydaları var və qeydiyyatdan keçənin mümkün qədər başqalarının hüquqlarını pozmaması, problem yaratmaması, saxta məlumatlar yaymamasına xidmət edir: “Tvitter son həftələrə qədər azərbaycanlılar arasında məşhur deyildi. Təxmini 100-200 min aktiv istifadəçisi var idi. Amma həm prosesləri dünya ictimaiyyətinə çatdırmaq, həm də səlahiyyətlilərin tvitlərini oxuyub operativ  məlumatlanmaq istəyi xeyli hesabın açılmasına səbəb oldu”.

 

 

O.Rzayev vurğulayıb ki, hesab açanda bloklanmamaq üçün bir neçə qayda var: “Profil, örtük şəkilləri dərhal yenilənməli, boş saxlanmamalıdır. “Haqqında” bölümünü doldurmaq məsləhətdir. Veb-sayt və ya bloqunuz varsa, linkini yerləşdirə bilərsiniz. Profili açan kimi dərhal eyni həştəqlə 15-20 tvit atıldıqda və qeyd etdiyim məlumaları doldurmadıqda Tvitter istifadəçini bot, yaxud saxta  hesab kimi qəbul edir. Ona görə də belə hesabların bloklanma ehtimalı çoxdur. Bu qaydalara riayət etmək, bir neçə gün müxtəlif kontentli, fərqli mövzu və həştəqli məlumatlar paylaşmaq lazımdır. Ən azı 20, 30, 50 tvit paylaşılana qədər fərqli mövzulara toxunmaq məsləhətdir. Bu halda Tvitter saxta hesab olmadığınızı və normal paylaşımlar etdiyinizi görəcək. Artıq bundan sonra eyni həştəqlə bir neçə paylaşım etmək mümkün olacaq. Tvitter hesabım 9 ildir, istifadədədir və 5 min izləyicim var. İndiyə qədər 60 mindən çox tvit atmışam. Gün ərzində 100 eyni tvit atsam belə, problem yaranmaycaq. Çünki hesabım Tvitter üçün güvənli profildir, 9 ildir, stabil fəaliyyət göstərir. Məsləhət görürəm ki, Tvitteri yeni açanlar eyni həştəqlə ardıcıl tvit atmaqdan çəkinsinlər”.

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox