AZ

Hərbi ekspertlər Laçın dəhlizinin əhəmiyyətini açıqladı - Əməliyyatların məcrası dəyişə bilər

 

498e201f15feb87aa7ec1ecf0a663d32.jpg
28.10.2020 12:54

"Heritage Foundation"da Xarici Siyasət Mərkəzinin direktoru Luke Coffey öz Tvitter hesabında olduqca vacib və böyük müzakirə yaradan paylaşım edib. 

 

Coffey-in paylaşımında deyilir: "Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və artıq Laçın koridoruna nəzarət edir. Laçın 1992-ci ilin mayından bəri erməni işğalı altında idi. Ermənistanı Dağlıq Qarabağla birləşdirən əsas yol oradan keçir. Doğrudursa, müharibə yeni bir mərhələyə qədəm qoymuşdur".

 

 

Bundan başqa, bəzi xarici mətbuat orqanlarında da Laçın dəhlizinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsinə dair yazılar yayımlanır.

 

Laçın dəhlizinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi Vətən Müharibəsinə necə təsir göstərəcək? Bu dəhlizin əhəmiyyəti nədən ibarətdir.

 

Mövzu ilə bağlı TED.az-a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, Azərbaycan ordusunun əsas əməliyyat tapşırıqlarından biri də Ermənistan Silahlı Qüvvələrinin əsasən Qarabağın dağlıq hissəsində mövqe tutan bölmələrinin təminat və təchizat yolunu nəzarətə götürməkdir: "Bununla da Ermənistanın həmin ərazidəki ordu birləşmələrinin silahlanmasını və onların manevr imkanlarını məhdudlaşdırmaqdır. Laçın şəhəri dedikdə Ermənsitanın Laçın şəhərindən keçərək Şuşa şəhərinə istiqamətlənən, yəni Turşsudan keçən əsas magistral yolu nəzərədə tutulur. Bu yol əsas magistral yol olaraq illərdir Ermənistan ordusunun Qarabağda yerləşən hərbi birləşmələrinin təminat-təchizat işlərini həyata keçirir. Hazırda Azərbaycan ordusunun məhv etdiyi silah texnikalarının əksəriyyət hissəsi bu magistral yoldan istifadə edilərək əraziyə gətirilib. Silahlı Qüvvələrimizin sentyabrın 27-dən başladığı hərbi əməliyyatlarda əsas əməliyyat tapşırıqlarından biri Qarabağın cənub bölgəsində işğal altında olan yaşayış məntəqələrini işğaldan azad edərək mühasirə halqasını cənub istiqamətdə tamamlanmasıdır. Əlbəttə ki, bu proses işğal altında olan Füzulidən başladı və Cəbrayıl ərazisinə keçdi. Bununla paralel olaraq Azərbaycan Ordusu Zəngilanı və Qubadlını da işğaldan azad etməklə Qarabağın dağlıq hissəsində dislokasiya olunan erməni hərbi birləşmələrinin bir sıra mövqelərini nəzarət altına sala bildi. Bu, Qarabağın dağlıq hissəsinin Xocavənd rayonunun ərazisidir. Bundan başqa, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Azərbaycan Ordusu Laçın rayonunun Səfiyan kəndi istiqamətində strareji mövqeləri işğaldan azad edib".

 

Mütəxəssis qeyd edib ki, bu, onu deməyə əsas verir ki, ordumuz cənubdan Şuşa şəhərinə istiqamətlənib: "Bunun ardınca Laçın dəhlizinə tərəf müəyyən hərəkətlənmə var. Həm xarici, həm də Ermənistan mətbuatının verdiyi məlumata görə, həmin bölgədə Ermənistan ordusunun vəziyyəti olduqca gərgindir. Və belə anlaşılır ki, Azərbaycan Ordusu artıq Laçın rayonu istiqamətində zəruri əməliyyat tədbirlərini davam etdirib, həmin ərazidə Laçın dəhlizinə qədər olan bir sıra strateji mövqeləri işğaldan azad edib".

 

 

Ramil Məmmədli vurğulayıb ki, Azərbaycan Ordusunun əsas əməliyyat tapşırığı şimaldan və cənubdan Ermənistan ordusunun mühasirə halqasında tamamlamaqdır: "Cənubdan bu proses olduqca sürətlə həyata keçirildi. Laçın dəhlizi işğaldan azad edilsə, birinci Ermənistan ordusunun əsas təminat və təchizat yolu bağlanılır. İkinci, Azərbaycan Ordusu Şuşa istiqaməti, cənub və qərb istiqamətindən əməliyyat tapşırığını icra edə biləcək. Bundan başqa, Şuşa şəhərinə qədər olan Ermənistan ordusunun mövqeləri artileriya atəş zərbəsi məsafəsində olacaq. Onları vurub sıradan çıxartmaq imkanımız olacaq".

 

"Hesab edirəm ki, Azərbaycan Ordusu üçün hazırda olduqca vacib əməliyyat tapşırığı məhz Xocavənd rayonunun bizim nəzarətimizdə olmayan istiqamətində, yəni Xocavənd rayonunun Qırmızı Bazar, Xocalı rayonunun Çanaqçı, Xocavənd rayonunun Böyük Tağlar, Böyük Kirs istiqamətləri və Laçın dəhlizi istiqamətində olan əməliyyatdır. Bu əməliyyatların uğurla həyata keçməsi Ermənistan ordusunun tam məğlubiyyətinin başlanğıcı olacaq", - deyə hərbi ekspert qeyd edib.

 

 

Zeynəb ƏKBƏR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox