AZ

Dövlət qurumu və yerli şirkətlərin mobil tətbiqlərində gözardı edilən məqamlar - PROBLEM

 

3e82aaa7babab8e2af59351d1c50b70a.jpg
25.01.2021 17:46

Yerli şirkətlər xidmətlərini vahid platformada cəmləşdirmək üçün mobil tətbiqlərini yaradırlar. 

 

Bəs bu tətbiqlər istifadəçiləri nə dərəcədə qane edir? Hazırda onlarda hansı funksiyalara tələbat var?

 

Mövzu ilə bağlı TED.az-a danışan Saytweb Studio-nun rəhbəri Nail Seyidov bildirib ki, mobil tətbiq sektorunda hansısa standart yoxdur. Hansı funksiyaların diqqətdə saxlanması isə tətbiqin sektorundan, istifadəçisinə nə kimi funksionallığı təqdim edəcəyindən asılıdır: "Bunları əsas götürməlidir. Hər sektorun özünəuyğun funksionallığı var. Əsas fikir verməli olduqları şey isə istifadəçi interfeysidir. Funksionallıqdan əlavə, bütün mobil tətbiqlər istifadəçi dostu olmalıdır.  İstifadəçilər onu çox yaxşı anlamalı, funksionallıqlarını dərk etməlidirlər. Bu olmasa, istifadəçilərin ondan çətinliklə yararlansa, onun hansı funksiyanı daşıdığının önəmi yoxdur. Əsas interfeysin istifadəçiyə rahat olmasıdır".

 

 

N.Seyidovun sözlərinə görə, yerli şirkət və ya dövlət qurumlarının mobil tətbiqlərində əsas problem elə budur: "Son vaxtlar "Umico" kimi tətbiqlər var. Onlar istifadəçi interfeysi və funksionallıq cəhətdən yerli deyil, qlobal app-lər səviyyəsindədirlər. Amma bir çox şirkətlər, xüsusilə də dövlət sektorunda istifadəçi interfeysinə o qədər də fikir verilmir. Önəmli olan odur ki, proqram işini görsün. Bəzən bu mobil tətbiqlər qarışıq hal ala bilir. Play Store və App Store-da belə tətbiqlər çox vaxt aşağı xal alır. Çünki həqiqətən istifadəsi çətindir, yaxud vətəndaş xoşagəlməz xəta ilə üzləşir. Bir sözlə, sanki bu tətbiqlər gözardı edilir. Yenilənmələr vaxtı-vaxtında olmur. Bu, çox önəmlidir. Çünki ilkin versiyasını təqdim etdikdən sonra gələn istifadəçi rəyləri əsasında ona tez-tez yenilənmə verilməlidir. Bu, rutin hal alıb, bir həftədən bir həyata keçirilir. Tətbiq oturuşduqca bu vaxt da uzanır".

 

Lamiyə SÜLEYMANLI

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox