AZ

Dünya nəhənglərinin sonrakı peşmanlığı - Avtomobildə partlayışa səbəb olan kiçik səhvlər, milyardlarla zərər...

 

a95ad3ebe21b6d0303461a29e7138a3d.jpg
26.01.2021 16:49

Avtomobil istehsal zamanı mütəmadi testdən keçirilsə də bəzən problem model satışa çıxarılandan sonra aşkarlanır. Nəticədə şirkət avtomobillərini geri çağırmalı olur və xeyli zərərlə üzləşir. Bunu bir növ şirkətlərin "fayda verməyən sonrakı peşmanlığı" da adlandırmaq olar. Dünyanın ən məşhur avtomobil istehsalçıları belə, bu böhrandan yayına bilmirlər.

 

Bəs bu şəkildə geri çağırılma əsasən hansı səbəblərdən baş verir? Milyonlarla avtomobili istehsal edən nəhəng şirkətlər nədə səhvə yol verirlər?

 

TED.az xəbər verir ki, dünyaca məşhur Tesla da ötən il belə bir hadisə ilə üzləşib. Şirkət 15 minə yaxın elektromobilini geri çağırmaq məcburiyyətində qalıb. Buna səbəb isə avtomobilin sükanındakı problemlər olub. 14 min 193 elektromobil ABŞ-dan, 843 elektromobil isə Kanadadan geri çağrılıb. Həmçinin Tesla nümayəndələri elektromobillərin sükan mexanizmini dəyişdirəcəklərini elan ediblər.

 

 

Almaniyanın Volkswagen şirkəti 2018-ci ildə dünya miqyasında 700 000 məhsulunu geri çağırıb. "Tiquan" və "Touran" modellərini əhatə edən çağırışın səbəbi işıqlandırma sistemində ortaya çıxan qısaqapanma olub. Bildirilib ki, bu qısaqapanma avtomobilin anidən alışıb-yanmasına səbəb ola bilir.

 

BMW 2019-cu ildə Rusiyada 4,1 mindən çox avtomobili geri çağırıb. Qərar təhlükəsizlik yastıqlarında mümkün qüsurlarla əlaqədar olub. Bildirilib ki, qüsurla bağlı təhlükəsizlik yastığının generatorunda yüksək qaz təzyiqi yarana, bu isə partlayışa səbəb ola bilər.

 

ABŞ-ın General Motors konserni də 2014-cü ildə 220 min avtomobilini geri çağırıb. Geri çağırışa əyləc sistemində nasazlığın aşkarlanması səbəb olub.

 

 

Nissan ABŞ-da 1,9 milyon avtomobili geri çağırdığını elan edib. Bu qərar isə avtomobillərin kapotunda qeydə alınan qüsurlarla bağlı olub. Qeyd olunub ki, həmin qüsurla əlaqədar avtomobilin kapotu hərəkət zamanı öz-özünə açıla bilər. Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Altima” modellərinə şamil edilib.

 

Honda ötən il 1.4 milyon avtomobilini geri çağırıb. İstehsal olunan avtomobillərin geri çağırılmasının səbəbi proqram təminatında və kardan hissəsində texniki qüsurların ortaya çıxması olub. Şirkət buna görə müştərilərindən üzr istəyib.

 

Bir çox avtomobildə ortaya çıxan hava yastığı probleminə görə Ford də avtomobillərini geri çağırıb. Bu il geri çağırılan Ford avtomobillərinin sayı 3 milyondur. Fordun verdiyi açıqlamaya görə, hava yastığı səhvləri olan nəqliyyat vasitələri üçün şirkət 610 milyon dollar ayırıb. 

 

 

Volvo Cars şirkəti dünyanın müxtəlif ölkələrinə satdığı, təxminən 500 minə yaxın avtomobili 2019-cu ildə geri çağırıb. Bu qərar sözügedən avtomobillərin mühərrik bölməsində alovlanma təhlükəsinin yaranması səbəbindən qəbul edilib. Mühərrik bölməsində plastik materialdan hazırlanmış “manifold”un yüksək temperaturda ərimə riski müşahidə edilib.

 

"Honda" şirkətinin mütəxəssisləri ötən il 737 min Accord və Insight avtomobilinin proqram səhvinə görə geri çağırıldığını bildiriblər. Onlar arasında, həm benzinlə işləyən, həm də hibrid maşınları yer alıb.  Bulud proqramındakı səhv arxa kamerada, dönüş siqnallarında təchizat problemlərinə gətirib çıxarıb.

 

Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox