AZ

Ənənəvi sürücülük vəsiqələri ləğv oluna bilərmi? - Dəyişiklik əslində bunlardan xəbər verir

 

3093bc7211006e9fef5e6d06aa174e26.jpg
27.01.2021 16:34

Milli Məclisin yaz sessiyasında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirə ediləcək. Dəyişikliklərə əsasən, sürücülər üçün sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər sənədlərin daşınması tələbi aradan qaldırılır. Şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququ və onun avtomobilə sahiblik hüququnun olması Dövlət Yol Polisi əməkdaşları tərəfindən bort-kompüterlər vasitəsilə yoxlanılır.

 

Maraqlıdır, bu, sürücülük vəsiqələrinin kağız daşıyıcıda verilməsinin ləğvinə səbəb ola bilər?

 

Mövzu ilə bağlı TED.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, kağız daşıyıcıların tamamilə ləğvi mümkün deyil. Çünki hələlik buna zərurət var: "Məsələn, vətəndaş iş üçün bir şirkət və ya quruma müraciət etdikdə sürücülük vəsiqəsi tələb olunur. Bu zaman sənədin əslinə, hansı kateqoriyanın olduğuna diqqət edilir. Bu gün elə bir vahid platforma yoxdur ki, hər müəssisə vətəndaşın sürücülük vəsiqəsi barədə məlumatı oradan ala bilsin. Buna görə, hələlik kağız daşıyıcının ləğvindən söhbət gedə bilməz. Bəzi ölkələrdə bu artıq ləğv olunub, amma onlar da prosesə əslində bu cür başlayıblar. Əvvəl yol polisi kağız daşıyıcı tələb etməyib, sonra sistem təkmilləşib. Bunun müsbət tərəfləri çoxdur. Çünki vətəndaş üstündə gəzdirdikcə vəsiqə yararsız hala düşür. Məsələn, kamaz sürücüsü günün altında, tər içərisində olur və sənəd daşıma onun üçün çətindir. Etibarlılıq müddəti 10 olan sənəd 2 il ərzində yararsız hala düşür. Yaxud sənədi portmanata qoyub maşının əl baqajında saxlayırlar. Təmir məntəqəsində kimsə onun içərisində pul olduğunu düşünüb portmanatı oğurlayır.  Xəyallarının puça çıxdığını görəndə isə onu zibil qutusuna atır. Təmiz şəhər ASC zibilləri çeşidləyərkən nə qədər sürücülük vəsiqəsi, texpasport, etibarnamə tapır. Yeni sistem bu kimi halların qarşısını alacaq".

 

Mütəxəssis vurğulayıb ki, ümumiyyətlə, Dövlət Yol Polisi İdarəsi 2 ildən çoxdur, bort kompüterlər vasitəsilə protokola keçib: "Artıq kağız, qələm vasitəsilə protokol yazılmasından imtina ediblər. Bu dəyişiklikdən sonra onsuz da sürücülük vəsiqəsi yanında olmayan vətəndaşları şifahi qaydada nəzərə alırdılar. Sürücünün şəkildəki şəxslə eyni olduğunu, sürücülük vəsiqəsinin müddətinin bitmədiyini görə bilirdilər. İlkin mərhələdə bəzi yol polisləri güzəşt etmirdi. Amma sonradan Daxili İşlər Nazirliyinin göstərişi ilə bu işlər yoluna düşdü".

 

 

Bəs sözügedən sistemə tamamilə keçid üçün neçə il lazımdır?

 

E.Muradlı qeyd edib ki, bu, özəl sektorun dövlət müəssisələri ilə bərabər addımlamasından asılıdır: "Gərək onlar da vahid sistemə daxil olaraq müdaxilə etməsələr də, məlumatları görə bilsinlər. Amma bu keçid tam reallaşsa da, kağız daşıyıcı zəruridir. Kağız daşıyıcıdan imtina edən ölkələr üçün də bu, yalnız ölkə daxilində keçərlidir. Vətəndaş Azərbaycanı tərk edirsə, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi, qeydiyyat şəhadətnaməsi əlində olmalıdır. Sistem tam şəkildə tətbiq olunsa Gəncə, Bakı, Daşkəsən və digər ərazilərdə elektron yolla məlumatları müəyyənləşdirmək mümkün olacaq. Amma Gürcüstandakı bort kompüter bizim sistemi görmür".

 

Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox