AZ

Hüquqi şəxslərin elektron dövlət qeydiyyatının artım dinamikasına nail olunub

af547811617ebb83dde38c9d041dfa39.jpg
25.02.2021 11:05

2018-ci ilin 28 dekabr tarixində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı sahəsində əlverişli mühitin formalaşmasına müsbət təsir göstərmişdir.

 

Sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmaqla həyata keçirməyə üstünlük verən Azərbaycan Respublikası vətəndaşları üçün yeni yaradılan məhdud məsuliyyətli cəmiyyəti e-imza olmadan elektron qaydada dövlət qeydiyyatından keçirmək imkanı yaradılmışdır.

 

Hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı sahəsində həyata keçirilmiş islahat nəticəsində qeydiyyat prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 3,5 gündən 20 dəqiqəyədək azaldılmış, hüquqi şəxs olaraq biznesə başlamaq üçün tələb olunan maliyyə vəsaiti (elektron imza üçün) və sənəd sayı sıfıra endirilmişdir.

 

Yeni xidmətdən yararlanan istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində mobil nömrə və FİN kodla indentifikasiyadan keçirlər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil edilir və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (vergi ödəyicisinin eyniləşdimə nömrəsi) verilmə prosesi yekunlaşır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi və biznes tipli sertifikatın əldə edilməsi üçün müraciətin sertifikat xidmətləri mərkəzinə göndərilməsi təmin olunur. Başqa sözlə, bir prosedurun yekunlaşması ilə daha 4 fərqli proses yerinə yetirilmiş olur.

 

Qeydiyyat sənədləri vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sahibkarlar üçün bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət yaranmır. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnir və xidməti zərurətlə əlaqədar həmin sənədlərin elektron qəbulunu həyata keçirən banklar və notariuslar onlar üçün yaradılmış xüsusi imkanlardan yararlanır. 

 

Görülmüş tədbirlər nəticəsində hüquqi şəxslərin elektron dövlət qeydiyyatının artım dinamikasına nail olunmuşdur. Elektron qeydiyyatın xüsusi çəkisi 2019-cu ildə 70,2 %-dən 2020-ci ildəki 73,3 %-dək yüksəlmişdir. Yeni üsul ilə (finkod+mobil) yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı 2019-cu illə müqayisədə 2020-ci ildə 11,5 % artmışdır.

 

Bu islahat vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

 

Məlumat üçün bildiririk ki, “Elektron imza olmadan Mobil nömrə və FİN kodla yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin onlayn dövlət qeydiyyatı” prosesi üzrə istifadəçi təlimatı İnternet Vergi İdarəsində yerləşdirilmişdir:

(link: taxes.gov.az/help/telimat/diger_telimatlar/Elektron_imza_olmadan_HS_Qeydiyyati.pdf)

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox