AZ

Bakıda ilk bio-smart dayanacaq quraşdırıldı - Günəş enerjisi ilə işləyir

 

100717591f7ca0c48d41238bf07885ff.jpg
02.03.2021 16:11

Bakıda bio-smart avtobus dayanacaq pavilyonlarının quraşdırılmasına başlanılıb. İlk belə dayanacaq pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında quraşdırılıb. 

 

Bu barədə TED.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, ərazinin memarlıq üslubu ilə həmahəng olan pavilyon Heydər Əliyev prospektində, şəhər mərkəzi istiqamətində yerləşir. Bu dayanacaqdan 1, 2 və 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar keçir. Sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur. 

 

HƏMÇİNİN OXU: Daha bir avtobusun sərnişinləri gediş haqqını BakıKart-la ödəyəcəklər

 

Tamamilə yerli istehsal olan bio-smart avtobus dayanacaq pavilyonunun bir çox üstünlükləri var. Pavilyon günəş enerjisi ilə çalışır. Burada dezinfeksiya duşu quraşdılıb ki, bunun sayəsində də müəyyən olunan vaxt aralığında avtomat rejimdə dərman məhlulu səpilir. Mobil qurğular üçün enerji portlarının olduğu pavilyonda “BakıKart” ödəmə terminalı da var.

 

Bio-smart avtobus dayanacaq pavilyonunun quraşdırılması ilə digər bir layihənin də icrasına start verilib. Layihəyə əsasən paytaxt ərazisindəki dayanacaq məntəqələrinin hər birinə individual olaraq adlar veriləcək. Adlar əsasən dayanacaq məntəqəsinin yerləşdiyi məkana, həmin məkanda olan mədəni-tarixi və digər əsas obyektlərə uyğun olaraq müəyyən ediləcək. Bu mənada ilk bio-smart pavilyon “Heydər Əliyev Mərkəzi” dayanacağı adlandırılıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox